beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natamamlıq problemi

Yarımçıqlıq və natamamlıq. Sinonim sözlərdir. Müxtəlif mənalarda işlədə bilərik. Amma gəlin sırf insanın insanlığındakı natamamlığa diqqət yetirək. Niyə baş verir bu? Kökü nədədir?

Həqiqətən də düşündürücü suallardır. Məhz cəmiyyətimizdə çoxumuzda bu problem var. Kökü isə bir məsələdədir. Artıq və hazırlıqsız məsuliyyət götürməkdə. Bəli bu sualın cavabı budur. Yersiz yüklənmə, qaldıra bilməyəcəyimiz öhdəliyi götürmə. Yaxud da xeyri zərərindən az olan məsuliyyətə qatlanma.

Natamamlığımız valideynlik statusumuzda, ixtisasımıza yiyələnməkdə, ünsiyyətimizdə, yardımlaşmağımızda və s. situasiyalarda özünü göstərir.
Əfsus ki, bu problemə lazımi qədər əhəmiyyət verə bilmirik. Anlaya bilmirik ki, bu məsələni həll etsək, sıxıntılarımızın çoxu həll olacaq.

Məsələ ondadır ki, bizim plan və istəklərimiz çoxdur. Amma təhlilsiz. Təhlil zəif olarsa, o istədiyimiz arzumuz həyata keçəndən sonra bizə problem ola bilər. Çünki hər kəsin öz dərəcəsi, öz tutumu və öz ehtiyacları vardır. Məsələn biz qonşuda bahalı avtomobil görürük. Deyirik məndə də olsun. Halbuki bizə zəruri deyil o avtomobil. Amma qonşumuza işiylə bağlı yaxud maddi qüdrətinə uyğun olaraq ona lazım olduğunu anlamırıq. Kreditlə maşını əldə edirik. Sonradan anlayırıq ki, mənə heç də zərurət deyilmiş bu. Beləliklə üç illik krediti ödəyincə çox narahatlıq keçiririk. Ailəmizə, ehtiyaclılara xərcləyəcəyimiz pulu kreditə ödəyirik. Bu səhv addımın gətirdiyi stres, aqressivlik isə bizdə mənfi xarakter formalaşdırır. Peşmançılıq bizi gecə-gündüz narahat edir.

Digər bir nümunə ailəylə bağlıdır. Planlaşdırılmamış, kütlədən təsirlənmiş şəkildə verilən evlənmək qərarları, tanış ailələrin övlad sayına uyğun ailə planlaşdırma halları. Hər iki vəziyyət çox acınacaqlıdır. Olduqca mühüm qərarları kütlədən təsirlənməklə vermək qətiyyən yolverilməzdir. Bunun fəsadlarını görürük cəmiyyətimizdə. Boşanmaların sayının artması, övladlararası sağlam olmayan rabitələr və s.

Natamamlığın əksi bütövlükdür. Bütövlük də maksimalist yanaşma deyil. Yəni demirik ki, 100% problemsiz olsun proseslər. Xeyr. Sadəcə kamillik faizi üstünlük təşkil etsin. Bunun üçün isə:

— İnsanda özünə güvən yerində olmalıdır
— Məqsəd və planı dəqiq olmalıdır
— Planlarında zamanlama olmalıdır
— Kənar təsirlənmələr çox az olmalıdır

Bütöv insanlar problemdən qorxmurlar. Hadisələri şişirtmirlər. Tənbəllikdən uzaqdırlar. Hərəkətdədirlər. Əfsus ki, natamam insanlar bu müdriklərin aktivlik xüsusiyyətini görə bilmirlər. Deyirlər niyə onda var məndə yoxdur?.. Anlamır ki, özünün konkret planı yoxdur, həyati əhəmiyyətli qərarlarını təsirlərlə verir və ən mühümü tənbəl və şikayətçi üstəlik də bədbindir. Amma halbuki bu köklü xüsusiyyətləri özündə aşılasa o istədiyi arzularına rahat çatacaqdır.


Tarix: 03.12.2014 / 13:30 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqli Hekayeler