Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Dəfn mərasimi"

Donna müəllimənin dördüncüləri ilk baxışdan keçmişdə gördüyüm siniflərdən heç nə ilə fərqlənmirdilər. Pəncərələrə cürbəcür çiçək dibçəkləri qoyulmuş, divarlara isə şagirdlərin "əl işləri" asılmışdı. Demək olar ki, burada da başqa ibtidai siniflərdə olduğu kimi ənənəvi ibtidai sinif havası hiss olunurdu. Ancaq yenə də sinifə girəndə sinifdə başqa atmosferin hakim olduğunu görürdüm. Çünki müəllimə də, şagirdlər də həyəcanlı idilər...

Donna müəllimənin təqaüdə çıxmasına iki il qalmışdı və o, Miçiqanın kiçik bir qəsəbəsində ibtidai sinif müəlliməsi idi. Üstəlik, bütün ştatda həyata keçirilən (həm də mənim tərəfimdən) xüsusi layihədə könüllü iştirak edirdi. Donna müəllimənin işi bu layihəni öz sinifində həyata keçirmək, mənim işim isə bu layihənin həyata keçirilməsini sürətləndirmək idi. Bunun üçün isə gündə bəzən üç, bəzən də daha çox sinif gəzmək lazşm idi (yeri gəlmişkən deyək ki, bu layihə eyni vaxtda bir neçə sinifdə tətbiq olunurdu)...

Mən keçib arxa sıralardan birində oturdum və dərsin gedişinə tamaşa etməyə başladım. Şagirdlər başlarını masadan qaldırmır və qarşılarındakı kağıza nə isə yazırdılar. Yanında oturduğum 10 yaşlı bir qız kağızını "bilmərəm" cümlələri ilə doldurmuşdu...
"Futbol topunu qapıya göndərə bilmərəm".
"Böyük ədədləri kiçik ədədlərə bölə bilmərəm".
"Debbini mənimlə barışmağa məcbur edə bilmərəm"...
Səhifə yarıdan keçmişdi, ancaq qız yazmaqda davam edirdi. Bir qədər sonra yerimdən qalxdım və o biri şagirdlərin nə yazdıqlarına baxdım. Şagirdlər hamısı bir az əvvəl yanında oturduğum qız kimi "bilmədikləri" şeyləri yazırdılar.
"Üst - üstə on zərbə vura bilmərəm",
"Sol sahədə sağ sahədən yaxşı oynaya bilmərəm",
"Bir dəfəyə beş dondurma yeyə bilmərəm"...

İstər - istəməz bu tapşırıq məni də maraqlandırdı. Və müəllimədən bu tapşırığı nə üçün verdiyini soruşmağı qərara aldım. Müəlliməyə yenicə yaxınlaşmışdım ki, onun da dayanmadan yazmaqla məşğul olduğunu gördüm. Ən yaxşısı, müəlliməni narahat etməmək olduğunu düşündüm. Buna görə də, müəlliməni işindən ayırmadan yazdıqlarına gözucu nəzər saldım...
"Conun anasını valideynlər iclasına gəlməyə məcbur edə bilmərəm",
"Qızımdan maşınına benzin doldurmağı tələb edə bilmərəm",
"Allendən qolundan yox, dillindən istifadə etməyi tələb edə bilmərəm"...

Sonra təəccüblə əvvəl oturduğum yerə qayıtdım və öz - özümə:
"Görəsən, bunlar niyə kağıza bildikləri şeyləri yox, bilmədikləri şeyləri yazırlar?" - deyə düşünməyə başladım. Ancaq arabir oturduğum yerdən ətrafa göz qoymağı da unutmurdum. Şagirdlər 10 dəqiqədən çox idi ki, yazmağa davam edirdilər. Hətta bəziləri bir səhifəni doldurub o biri səhifəyə keçmişdilər. Bu vaxt Donna müəllimə başını qaldırıb:
- Əlinizdəki səhifəni doldurun və o biri səhifəyə keçməyin, - deyə şagirdlərə səsləndi.

Bununla o, həm də tapşırığın sonuna gəldiklərini demək istəyirdi. Şagirdlər sanki müəllimənin bu "çağırışını" gözləyirdilər. Və tez əllərindəki kağızları iki yerə qatlayaraq müəllimənin masanının üstündəki boş ayaqqabı qutusuna qoydular. Bütün kağızlar yığıldıqdan sonra Donna müəllimə də öz yazdığı kağızı da iki yerə qatladı və o biri kağızlarla bir yerə qoyaraq qutunun ağzını bağladı. Sonra o, qutunu götürüb qucağına aldı və qapıdan çıxıb dəhliz boyu irəlilədi. Şagirdlər də onun arxasınca getdilər. Mən də bu işin necə qurtaracağını öyrənmək üçün, istər - istəməz, onların arxasınca getdim. Dəhlizin ortasında Donna müəllimə bir otağa girdi və bir əlində qutu, bir əlində bel otaqdan çıxdı. DAha sonra o, məktəb binasından çıxıb həyətə üz tutdu. Təbii ki, biz də onun arxasınca getdik. Həyətin ən aşağı yerində Donna müəllimə bir yer seçdi və şagirdlər bir - birini əvəz edərək bu yeri qazmağa başladılar. Bəli, onlar burada "bilmərəm" cümlələrini dəfn edəcəkdilər. Qazıntı işi təqribən 10 dəqiqə davam etdi. Çuxurun dərinliyi bir metrə çatanda qazıntı işi başa çatdı. Donna müəllimə "bilmərəm" cümlələri ilə dolu qutunu çuxurun dibinə qoydu və şagirdlər qutunun üstünü torpaqla örtdü. Artıq "iş" başa çatmışdı. Hamı öz "bilmərəm" cümlələrinin məzarı üstündə sükutla dayanmışdı. Bu vaxt Donna müəllimənin səsi eşidildi:
- Bir - birinizin əlini tutun və başınızı aşağı əyin!..
Şagirdlər onun dediyi kimi etdilər. Ətrafa dərin bir sükut çökdü. Nəhayət, Donna müəllimə bu sükutu pozdu:
- Dostlar, biz bu gün buraya "bilmərəmlərin" xatirəsinə toplaşmışıq. Onlar bu dünyada hamımızın həyatına girdi, kimimizinkinə az, kimimizinkinə çox. Adı evlərdə, işlərdə, bir sözlə hər yerdə səslənirdi. Biz də sizinlə birlikdə oturub məsləhətləşdik və sonra da bu "bilmərəm"ləri dəfn etməyi qərara aldıq. Bir az əvvəl isə bu qərarımızı həyata keçirdik. Ancaq onların "bilirəm", "biləcəyəm" və "bilərəm" kimi bacı - qardaşları hələ də öz həyatlarına davam edirlər. Doğrudur, onlar hələ "bilmərəm"lər qədər məhşur, ya da güclü deyillər. Ancaq inanıram ki, sizin köməyinizlə onlar da bu dünyada öz izlərini qoyacaqlar. İnşallah, "bilmərəm"lər də bundan sonra burada sükut içərisində yatarlar. Çünki insanlar onlarsız da öz həyatlarına davam edə bilərlər"...

Bu "odlu" çıxışa qulaq asandan sonra istər - istəməz şagirdlərin heç vaxt bu günü yaddan çıxarmayacağını düşündüm. Əlbəttə ki, bütün bunlar simvolik xarakter daşıyırdı və daha çox yaddaşımızda silinməz izlər buraxan bir "beyin idmanına" bənzəyirdi: "Bilmərəm" cümlələrini bir kağıza yazmaq, onları bir qutuya qoymaq, onları bir çuxurda dəfn etmək, bir sözlə hamısı...Üstəlik, bütün bunlar Donna müəllimənin səyləri nəticəsində baş vermişdi.

"Dəfn mərasimi" başa çatandan sonra Donna müəllimə şagirdlərini ətrafına yığdı və onları yenidən siniflərinə apardı. Burada isə onlar "bilmərəm"lərin xatirəsini kekslər, qurabiyələr və meyvə şirələri ilə yad etdilər. "Yadetmə mərasiminin" bir hissəsi kimi Donna müəllimə qalın kağızdan iri bir başdaşı kəsdi və bir tərəfinə "bilmərəm" sözünü, bir tərəfinə isə o günün tarixini yazaraq bu mərasimin xatirəsi kimi divardan asdı. O gündən şagirdlərdən biri nadir də olsa, "bilmərəm" sözündən istifadə etsə, Donna müəllimə heç bir şey demədən bu başdaşını göstərdi. Beləcə şagirdlər də artıq "bilmərəm"lərin öldüyünü xatırladılar və yeni bir cümlə qurmaq məcburiyyətində qaldılar.

Düzdür, mən Donna müəllimənin şagirdi deyildim, əkisinə o mənim şagirdim idi. Ancaq yenə də o gün orada heç vaxt unuda bilməyəcəyim bir dərs aldım. İndi aradan illər keçməsinə baxmayaraq, nə vaxt "bilmərəm" kimi bir cümlə eşitsəm, dördüncü sinif şagirdlərinin keçirdiyi o "dəfn mərasimini" xatırlayıram. Artıq mən də Donna müəllimənin o şagirdləri kimi "bilmərəm"lərin öldüyünə inanıram.


Tarix: 01.12.2014 / 15:57 Müəllif: Aziza Baxılıb: 173 Bölmə: Maraqli Hekayeler
loading...