beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Hənifə (Fiqhul Əkbər)

Bu kitab Həmməd İbn Əbu Hənifə ən-Numan tərəfindən rəvayət edilmişdir. İbni Hilkən onun haqqında deyir ki: “Atasının yolunu tutar, saleh və xeyirxah bir kimsə idi”.

Tövhidin əsli bir kimsənin mən: Allaha, mələklərə, Kitablara, Peyğəbərlərinə, öldükdən sonra dirilməyə, Xeyir və şərin Qədərdən olmanasına, hesaba, mizana, Cənnət və Cəhənnəmə - iman etdim deməsidir. Bunların hamısı haqdır. Allah birdir (təkdir), say etibarıyla deyil, ortağı və şəriki olmaması etibarıyla birdir. O, birdir. Heç bir şeyə möhtac deyildir, doğmamış və doğulmamışdır, heç bir tayı, bərabəri (şəriki) də yoxdur. O, yaratdıqlarından heç birinə bənzəməz, yaratdıqlarından da heç bir şey Ona bənzəməz. O, İsimləri, Zatı və Feli sifətlərilə hər zaman var olmuş və olacaqdır. Allahın zatı sifətləri: Həyat, Qudrət, Elm, Səmi, Bəsir və İradə sifətləridir. Feli sifətlər isə: Təhliq (Yaratmaq), Tərziq (Ruzi vermək), İnşa (Yaratmaq), İbda (Bənzərsiz yaratmaq), Suna (Qüsursuz Yaratmaq) və s. Feli sifətləri. Allah İsim və Sifətlərilə hər zaman var olmuş və var olacaqdır. Onun İsim və Sifətlərindən heç biri sonradan var olmuş deyildir. Allah elmilə daima Alimdir, Elm Onun əzəli sifətidir, O qüdrətilə daima Qadirdi, Qudrət Onun əzəli sifətidir, Kəlam ilə (Mutəkəllim) danışandır, Kəlam Onun əzəli sifətidir, Yaratması ilə daima Xaliqdir, Yaratmaq Onun əzəli sifətidir, Feli ilə daima faildir, Feli Onun əzəli sifətidir. Fail Allahdır, feli isə Onun əzəldə sifətidir. Yaradılan şey məxluqdur, Uca Allahın feli isə məxluq deyildir. Allahın sifətləri əzəlidir, məxluq və sonradan var olmuş deyildir. Allahın sifətlərinin məxluq və sonradan var olduğunu söyləyən, bunda tərəddüd və ya şübhə edən kimsə Uca Allahı inkar etmiş kafirdir.
Qurani Kərim Allahın kəlamıdır, mushaflarda yazılmış, qəlblərdə hifz edilmiş, dil ilə oxunur və Peyğəmbərə – sallallahu aleyhi və səlləm - nazil olmuşdur. Bizim Qurani Kərimi tələffüzümüz məxluqdur (insanın felidir), yazmağımız və oxumağımız məxluqdur, fəqət Quran məxluq deyildir. Allahın Quranda Musa - əleyhissəlam - və digər Peyğəmbərlər barəsində bəhs etməsi, Firon və İblisdən xəbər verməsi bunların hamısı Allahın kəlamıdır, onlar barəsində xəbərlərdir. Allahın kəlamı məxluq deyildir, lakin Musa - əleyhissəlam - və digər yaradılmışların kəlamı məxluqdur. Quran isə Allahın kəlamı olub Qədim və əzəlidir (1) , onların kəlamı isə qədim deyildir. Musa - əleyhissəlam - Allahın kəlamın eşitmişdir: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Allah Musanı xəlq etməmişdən öncə də Kəlam sifətinə sahib idi. Allah məxluqatı xəlq etməmişdən öncə də Xaliq (yaradıcı) idi. Allah Musaya - əleyhissəlam - xitab etdiyi zaman əzəli sifəti olan Kəlam sifəti ilə danışdı. Onun heç bir sifəti məxluqlarının sifətlərinə bənzəməz (yaratdıqlarının sifətləri kimi deyildir). Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. O Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. O Eşidir, lakin eşitməsi bizim eşitməyimizə bənzəməz. O Danışır, lakin danışması bizim danışığımız kimi deyildir. Biz (qulları dil və dodaq) kimi üzvlərlə və hərflərlə danışırıq. Allah isə üzvsüz və həriflərsiz danışır. Hərflər məxluqdur, lakin Allahın kəlamı məxluq deyildir . (2)
O, şeydir, lakin digər şeylər kimi deyildir. Allah haqqında şeyin mənası: Cism, Cövher (özəyi, əsli), Araz (keçici, müvəqqəti), ziddi, oxşarı və bənzəri olmaqdan uzaqdır(3)
Allahın Quranda zikr etdiyi kimi Əli, üzü və nəfsi vardır. Allahın Quranda zikr etdiyi kimi əl, üz və nəfs kimi şeylər Onun keyfiyyəti bilinməyən sifətlərindəndir. Onun əli qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu zaman sifəti inkar (ləğv) etmiş olur. Bu da Qədəriyyə(4) və Mötəzilə görüşüdür. Onun əli keyfiyyəti bilinməyən sifətlərdən olduğu kimi, qəzəbi və rızası da Allahın keyfiyyəti bilinməyə sifətlərindən iki sifətidir.

Allah hər bir şeyi yoxdan yaratmışdır. Allah hər bir şeyi onu yaratmamışdan öncə əzəldən bilirdi. O hər bir şeyi təqdir və qəza edəndir. Dünya və Axirətdə Allahın diləməsi, Elmi, qəzası, təqdiri və Lövhi Məhfuzda yazısı olmadan baş verməz. Lakin Onun Lövhi Məhfuzdakı yazısı hökm (əmr) olaraq deyil, vəsif olaraq yazılmışdır. Qəza, Qədər və diləmək Onun necəliyi (keyfiyyəti) bilinməyən əzəli sifətlərindəndir. Allah, yox olan bir şeyi yox ikən də bilir, onu yaratdığı zaman necə olacağını da bilir. Var olan bir şeyi var ikən də bilir, onun yoxluğunun necə olacağını da bilir. Allah ayaqda duranın ayaqda durmaq halını, oturduğu zaman oturuş halını bilir. Bütün bu hallarda Allahın elmində nə bir dəyişmə, nə də sonradan olma (elmləşmək kimi) bir şey hasil olmaz. Dəyişmə yalnız məxluqlarda olur.
Allah insanları küfr və imandan səlim (xali) olaraq yaratmışdır. Sonra onlara xitab edərək (iman və itaət etmələrini) əmr etmiş və (küfr və üsyandan) nəhy etmişdir. Kafir olan – öz feli, haqqı inkar və rədd etməsi, Allah (onlardan) yardımını kəsməsiylə küfrə düşmüşdür. İman edən – öz feli, iqrarı, təsdiqi və Allahın müvəffəqiyət və yardımı ilə iman etmişdir. Allah Adəmin nəslini belindən çıxarmış, onlara ağıl vermiş, xitab etmiş, imanı əmr edib, küfrü qadağan etmişdir. Onlar da Onun Rəbb olduğunu iqrar etmişlər. Bu da onların imanıdır. Onlar da bu fitrət üzərə doğularlar. Bundan sonra kim küfrə saparsa (kafir olan) bu fitrəti dəyişdirib pozmuş olar. Kim də İman edər və haqqı təsdiq edərsə fitrəti üzərində durmuş olar. Allah qullaının heç birini iman və küfrə məcbur etməmişdir, onları mömin və kafir olaraq yaratmamışdır. Lakin onları şəxs olaraq yaratmışdır. İman və küfr qulların felləridir. Allah küfrə sapanı, küfrü əsnasında kafir olaraq bilir, O kimsə daha sonra iman edərsə, imanı halında mömin olaraq bilir və onu sevir. Onun Elmində və sifətində heç bir dəyişiklik olmaz. Qulların hərəkət və sükunət halında olan bütün felləri onların öz əldə etdikləridir. Onların yaradıcısı isə Uca Allahdır. Onların hamısı Allahın diləməsi, elmi, hökmü və qədəri ilə olur. İtaətlərin hamısı – Allahın əmri, məhəbbəti, Rızası, elmi, diləməsi, qəzası və təqdiri ilə vacib edilmişdir. Masiyətlərin hamısı da – Allahın elmi, Qəzası, Təqdiri və diləməsi olmaqla bərabər, Sevgisi, Rızası və əmri deyildir.
Peyğəmbərlərin hamısı kiçik, böyük günahlardan, küfr və çirkin hallardan münəzzəhdirlər. Lakin onların səhf və xətaları olmuşdur (lakin dərhal Allah tərəfindən düzəldilmişlər). Muhəmməd – sallallahu aleyhi və səlləm - Allahın həbibi, Rəsulu, Nəbisi, seçilmiş (Xəlilullah) quludur. O, heç bir zaman bütə tapınmamış, bir göz qırpımı belə Allaha şərik qoşmamışdır. O, kiçik və böyük heç bir günah etməmişdir. Peyğəmbərlərdən sonra insanların ən fəzilətlisi Əbu Bəkr əs-Sıddıq, sonra Ömər əl-Farruq, sonra Osman İbn Əffan Zin Nureyn, daha sonra Əli Murtəzadır – Allah onlardan razı olsun -. Onlar doğruluq üzərə Allaha ibadət edən, haqdan ayrılmayan haqla bərabər olan kimsələrdi. Hamısını sevir və böyük hörmət edərik. Peyğəmbərin – sallallahu aleyhi və səlləm - səhabələrinin hamısını yalnız xeyirlə yad edərik.
Bir müsəlmanı halal saymadığı müddətdə, böyük günahlardan birini etmiş olarsa kafir sayılmaz. Bu halda bir kimsədən İman adını qaldırmarıq, ona həqiqi mənada mömin deyərik. Bir kimsənin kafir olmamaqla bərabər günahkar mömin olması caizdir. Xuf üzərinə məst etmək sünnədir, Ramazan gecələrində qılınan Təravih sünnədir(5) Saleh və günahkar hər bir kəsin (müsəlmanın) arxasında namaz qılmaq caizdir. Günahlar möminə zərər verməz demərik, günah edən kimsə Cəhənnəmə girməz də demərik. Dünyada mömin olaraq ayrılan kimsə fasiq olsada belə Cəhənnəmdə əbədi qalacaqdır demərik. Murciə etiqadında olanların söylədikləri kimi yaxşılıqlarımız qəbul, pisliklərimiz əff edilmişdir demirik. Kim yaxşı bir əməl edib bütün şərtləri yerinə yetirərsə (saleh niyyət, ixlas), bu əməli batil edən küfr və dindən dönmək (mürtəd) olmaq kimi şeylərdən çəkinərək dünyadan mömin olaraq ayrılarsa şübhəsiz Allah onun əməlini zay etməz, əksinə qəbul edib və əmələ görə savab yazar.
Allaha şərik qoşmaq və küfrdən başqa, böyük və kiçik günah edən, fəqət tövbə etmədən mömin olaraq ölən kimsənin halı Allahın diləməsinə bağlıdır. Dilərsə ona Cəhənnəmdə əzab edər, dilərsə əff edər və heç əzaba məruz qoymaz. Hər hansı bir əmələ riya qarışıdığı zaman o, əməlin əcrini yox edər. Həmçinin Ucub (əməli, özünü bəyənmək) də belədir.
Peyğəmbərlərin möcüzələri və övliyaların kəraməti haqdır. Lakin Allahın düşmənlərinin: İblis, Firon və Dəccal kimilərinin göstərdikləri qeyri adi şeylərə nə möcüzə, nə də kəramət demirik. Bu onların ehtiyaclarının ödənilməsidir İstidracdır. Allah düşmənlərinin ehtiyaclarını, onları dərəcə-dərəcə əzaba yaxınlaşdırmaq və əzab vermək üçün ehtiyaclarını görür. Onlar da buna aldanaraq azğınlıq və küfürdə həddi aşırlar. Bunların hamısı caiz və mümkündür.
Uca Allah yaratmadan öncə də yaradıcı, ruziləndirmədən öncə də ruzi verəndir. Allah, axirətdə görüləcəkdir. Möminlər Allahı Cənnətdə aralarında heç bir məsafə olmadan, təşbihsiz və keyfiyətsiz olaraq baş gözlərilə görürlər. İman – dil ilə iqrar, qəlb ilə təsdiqdir(6)
Göydə və yerdə olanların imanı, iman edilməsi lazım olan şeylər tərəfdən artmaz və azalmaz, fəqət yəqin və təsdiq tərəfdən artar və azalar(7)
Möminlər İman və Tövhid məsələlərində bir-birinə bərabərdilər(8)
Lakin əməl etibarıyla bir-birlərindən fərqlənirlər. İslam – Allahın əmirlərinə təslim olmaq və itaət etmək deməkdir. Lüğət etibarıyla iman və İslam arasında fərq vardır. Lakin İslam olmadan iman, İman olmadan da islam olmaz. Onların ikisi də bir şeyin daxili və çölü (zahiri İslam, batini İman) kimidirlər. Din isə - iman, islam və şəriətin hamısını özündə əhatə edənə verilən isimdir. Biz Uca Allahı kitabında Özünün vəsf etdiyi bütün sifətləriylə haqqıyla tanıyırıq. Heç bir kimsə Allaha, Onun şəninə layiq şəkildə haqqıyla ibadət etməyə qadir deyildir. Lakin insan ancaq Allahın Kitabında, Rəsulunun bildirdiyi şəkildə Allaha ibadət edir. Bütün möminlər (imanın əslində) – mərifət, yəqin, təvəkkül, məhəbbət, Rıza, qorxu, ümüd və imanda bərabərdilər. Bütün bu şeylərdə fərqlidirlər hansı ki, imana daxil deyildir(9)
Uca Allah qullarına qarşı lütfkardır, adildi, qulun haqq etdiyi savabı lütfüylə qat-qat artıqlamasıyla verir. Qulunu ədalətli olaraq etdiyi günahdan dolayı cəzalandıran, Özündən bir lütf olaraq bağışlayandır.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - şəfaəti haqdır, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - günahkar möminlərə və onlardan əzabı haqq etmiş böyük günah sahiblərinə şəfaəti haqdır və sabitdir. Qiyamət günü əməllərin mizanda çəkilməsi haqdır, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hovuzu haqdır. Qiyamət günü rəqiblər arasında yaxşılıqlar alınaraq qisas və haqq-hesab haqdır. Yaxşılıqları bitdiyi zaman (haqlarını tapdaladığı insanların) günahlarıyla yüklənməkdə haqdır. Cənnət və Cəhənnəm yaradılmışdır, əbədiyyən də yox olmayacaqlar. Hurilər əbədiyyən ölməzlər. Allahın əzabı da, savabı da əbədidir. Allah dilədiyi qulunu bir lütf olaraq hidayətə yönəldər, dilədiyini də ədalətli olaraq sapıqlığa yönəldər. Allahın azdırması Hizlanıdır. Hizlanın mənası: Allahın razı olacağı şeylərdə onu müvəffəq etməməsi, yardımını ondan kəsməsidir. Bu da Allahın ədalətidir. Həmçinin günahkarları üsyanları səbəbiylə cəzalandırması da ədalətilədir. Şeytan imanı insandan zorla çəkib alar deməyimiz caiz deyildir. Daha doğrudur demək: Qul imanı tərk etdikdən sonra şeytan ondan alar deyərik. Qəbirdə Munkər və Nəkirin sorğusu haqdır, qəbirdə ruhun cəsədə qayıtmas haqdır, Qəbr sıxıntısı və əzabı haqdır, bütün kafirlər və asi möminlər üçün qəbr sıxıntısı və əzabı haqdır.
Alimlərin – Allahın sifətlərini Farsca söyləmələri caizdir. Lakin Əl – kəlməsi Allahın sifəti olaraq Farsca söylənilməz(10)

Lakin Farsca Pərvəi Xuda – Uca və Böyük olan Allah demək caizdir. Təşbihsiz və keyfiyyət vermədən. Allahın yaxınlıq və uzaqlığı, məsafənin uzunluq və qısalığı kimi (mənasında) deyildir. Allahın yaxınlıq və uzaqlığı (qulunu) ucaltması, kəramətli etməsi və ya zəlil edib alçatmasıdır. İtaətli olan qul Allaha keyfiyyətsiz olaraq yaxın, asi olan qul isə keyfiyyətsiz olaraq Allahdan uzaq olur. Yaxınlıq, uzaqlıq və (Allaha dua edənin) yönəlməsi, Cənnətdə qonşuluq və Allahın qarşısında durmaq keyfiyyəti bilinməyən şeylərdir.
Qurani Kərim Allahın Rəsuluna nazil olmuş, mushaflarda yazılmışdır. Quran ayələrinin hamısı Allahın kəlamı olduğuna görə fəzilət və əzəmət baxımından bir-birinə bərabərdirlər. Fəqət bəzisində zikr və zikr edilənin fəziləti vardır. Ayətul Kursi buna misaldır. Burada zikr edilən Allahın ucalığı, əzəməti və sifətləridir. Bu ayədə iki fəzilət: Həm ayənin (Allahın kəlamı olduğu üçün) zikri, həm də orada zikr edilənin fəziləti bir yerə cəm olmuşdur. Digər ayələrdə isə yalnız ayənin fəziləti vardır, orada zikr edilənin fəziləti yoxdur. Kafirlərin qissələri kimi. Bu ayələrdə zikr olunanların heç bir fəziləti, dəyəri yoxdur. Həmçinin Allahın İsim və Sifətləridə əzəmət və fəzilət baxımından bərabərdilər, onlar arasında fərlilik yoxdur.
(Peyğəmbərin – sallallahu aleyhi və səlləm - ana və atası İslam gəlmədən öncə vəfat etmişdilər. Əmisi Əbu Talib, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dinini qəbul etməyərək ölmüşdür). Qasım, Tahir və İbrahim Allah Rəsulunun oğulları, Fatimə, Ruqiyyə, Zeynəb və Ummu Gülsüm qızlarıdır. İnsan Tövhid elminin incəlikərindən birində çətinliklə qarşılaşarsa (hər hansısa bir məsələ ona qaranlıq qalarsa), soruşub öyrənəcəyi bir alim tapana qədər: “Bu məsələdə Allah qatında doğru olana inandım” deməsi lazımdır. Belə bir kimsənin axtarıb tapmaqda gecikməsi (bu məsləni öyrənməkdə gecikməsi) caiz deyildir. (Bu məsələ ona bəyan olduqdan sonra qəbul edib etməməkdə) tərəddüd edərək gözləmək üzürlü sayılmaz. Əgər tərəddüd edərək gözləyərsə (qəbul etməzsə) kafir olar. Merac xəbəri haqdır, Onu rədd edən sapıq bir bidət əhlidir. Dəccəl, Yəcuc və Məcucun çıxması, günəşin batdığı yerdən doğması, İsanın - əleyhissəlam - göydən enməsi və səhih hədislərdə bildirilən Qiyamətin əlamətlərinin hamısı haqdır. Uca Allah dilədiyi doğru yola yönəldər.


----
(1) Qidəm – qədim sözündəndir. Bəqa - əbədilikdir. Sələflər bu ismi qəbul eməmişlər. Çünki Quranda dəlili yoxdur. Allah barəsində Xəbər formasında gəlmişdir. Əsməul Husnədən deyildir. Allahın İsimi olan Əvvəl və Əxir vardır ki, bu daha gözədlir. Əzəli - Əbədi - əvvəli olmayana deyilir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “...Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumu ödə və məni yoxsulluqdan qurtarıb zənginləşdir!”. İbn Məcə 3831, Tirmizi 3481, İbn Hibban 966, əl-Albani “Səhih”. Çünki Qədim köhnə olan bir şeyə də deyilir. “Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş (Urcunul Qadim) budağı kimi əyri olur”. (Yəsin 39) İkincinin varlığı zamanına qədər qala bilər, yenisi ortaya çıxan kimi birincisinə qədim deyilir. “Onlar bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər”. (əl-Əhqaf 11). Bu söz ən çox kəlam əhli arasında məşhur olan bir kəlimədir. Sələflər bu sözü işləməyiblər.
(2) Bu söz Qurana məxluqdur deyənlərin dinə əlavə etdikləri çirkin bidətlərdəndir. İmamın sözlərindən deyildir. Çünki İmamın zamanında hələ bu bidət Quran məxluqadur bidəti ortaya çıxmamışdır. Qurani Kərimin mənası yaradılmş deyildir, lakin hərfləri yaradılmışdır. Sələfləin etiqdıdır ki: Quran – hərfləri, mənası, sözlərilə Allahın kəlamıdır. Allah söz və hərflərlə buyurmuşdur.
(3)Kəlam əhlinin gətirdiyi nə Qurandan, nə Sünnədən heç bir məna kəsb etməyən sözlərdi.
(4) Qədərilər kimlərdir? – Qədərilər insanın öz əməllərinin yaradıcısı olmasına və Allahın istəyi olmadan öz əməllərini etməsini etiqad edən bir təriqətdir. Onlar deyirlər ki, Allah bilir, qeyd edir, istəyir və yaradır əməlləri onlar baş verəndən sonra. Bu təriqətin başçısı Məbəd İbn Cuhənidir. Xəlifə Abdul Məlikin əmri ilə H. 80-ci ildə çarmıxa çəkilmişdir. Onun tələbəsi Ceylan İbn Dəməşqi də Xəlifə Hişamın əmri ilə əl və ayaqları kəsiləndən sonra çarmıxa çəkilmişdir. Bütün bu etiqadları Xiristianlıqdan alınmışdır. Çünki özləri də Ərəb olmamışlar.
(5) Nə üçün fiqhi bir məslələr Əqidə kitabına salınmışdır. Çünki bu məslələr Əhli Sünnəti digər bidət əhlindən fərqləndirən ən böyük xüsusiyyətlərdəndir.
(6) Murciyə qolları çoxdur. İbn Teymiyyə “İman”, İbnul Cevzi “Şeytanın Hiylələri” kitabında 12 qolunu zikr edirlər. Ğulət Murciə deyirlər ki: İman – tək qəlbin bilmsidir. Onlara görə İblis, Firon bilirdi. Küfr isə Allahı bilməməkdir. Əməllər iman məfhumunun içərisinə daxil deyildir. Bu zaman həm zahiri, həm də qəlbi əməllər qəsd olunur. Onlar hər ikisini də imandan görmürlər. Sələflər isə tək qəlbi əməlləri imandan görməyəni küfr etmiş saymışlar. Murcuyə Fuqaha (Yəni: İmam Əbu Hənifə və yoldaşları) belə demir. Murciyə Fuqaha – qəlb ilə təsdir, dil ilə iqarar. Zahiri əməllər iman məfhumuna daxil deyil. Gulət Murciyələrdən fərqli olaraq əməlləri bütünlüklə inkar da etmirlər. Zahiri əməllərin olmaması imana təsir etmir. Sənin qəlb ilə bilib təsdiq etməyin və dil ilə iqrar etməyin onu göstərir ki, sənin imanın Peyğəmbərlərin, Mələklərin imanı kimidir. Kafirə yaxşı əməllərin xeyiri olmadığı kimi, möminə də günah əməllərin təsiri yoxdur.
(7) İman artıb azalması məsləsində İmamın etiqadı Məlik, Şəfii, Əhməd, Buxari – Allah onlardan razı olsun - və s. Sələf imamlarının etqadına müxalif olmuşdur. Əbu Hənifənin – rahmətullai aleyh - görüşü doğru olmaqdan uzaqdır. Lakin hər iki halda da imam əcr almışdır. İbn Abdul Bərr “Təmhid” 9/247, İbn Əbil İzz əl-Hənəfi “Şərh Əqidətul Təhaviyyə” s. 395, İmamın bu görüşündən döndüyünü hiss etdirən ifadələr nəql etmişlər. Doğrusunu bilən Allahdır.
(8) Bu söz xətadır. Çünki Peyğəmbərlərin, Mələkərin imanı adi insanların iman kimi ola bilməz.
(9) Bu söz xətadır. Çünki bizim təvəkkülümüz, məhəbbətimiz, qorxumuz, ixlasımız Peyğəmbərlərin təvəkkül, məhəbbət, qorxu və ixlasları kimi ola bilməz.
(10) Fars dilində Əl – Dəst deməgdir. Dəst - ərəb dilində qazan, qab deməkdir.



-----------------------
Tərcümə Edən: K. Hüseyn
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)


Tarix: 08.04.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 664 Bölmə: Maraqlı melumatlar