beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ananın övlad üzərində haqqları və övladın ana üzərində haqqları - MÜTLƏQ OXU

Sual: Valideynlər mövzusunda mənim bir neçə sualım var.
1. Anamın mənim üzərində haqqları hansılardır?
2. Mənim anamın üzərində haqqlarım hansılardır?
3. Anam müdaxilə etmədən özümün sərbəst edəcəyim (əlbəttə ki, mübah) işlər hansılardır?
4. Bu mövzuda atanın son sözü nə zaman gerçəkləşir?
Anamı olduqca çox sevirəm. O həddən artıq qısqancdır və buna görə də, bəzən özümü zəncirlənmiş, sıxılmış hiss edirəm. Bilirəm ki, anam mənə qarşı bəslədiyi böyük sevgi hissindən dolayı bu cür rəftar edir. Anama necə söyləyim ki, mənə də öz həyatımda seçim etməkdə müəyyən qədər azadlıq lazımdır?

Cavab: Həmd Allaha məxsusdur.

Əvvəla:
Bir ananın övlad üzərində haqqları:

Ananın övladı üzərində bir çox böyük haqqları var. Bu haqqları saymaqla qurtarmaq olmaz, saysız-hesabsızdır, lakin biz aşağıdakıları qeyd etməklə yetinəcəyik:

1.Anaya qarşı mümkün olduğu, bacardığı qədər nəfsində, qəlbində sevgi və hörmət bəsləmək. Çünki, övladının ən gözəl dostu olmağına, gözəl rəftarına layiq insan anadır. Əbu Hüreyra, Allah ondan razı olsun, demişdir: “Bir nəfər Allah Rəsulunun sallallahu aleyhi və səlləm yanına gəldi və soruşdu: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Atana!”. Buxari, (5626); Müslim, (2548)

Ananız sizin üçün öz bətnini məkan etmiş və öz sinəsindən sizi yedizdirmişdir. Sizin onu sevməkdən başqa seçiminiz yoxdur. İnsanın fitrəti ananı sevməyə səsləyir. Ana ilə övlad, övlad ilə analar arasında sevgi Allah təalanın heyvanlarda belə yerləşdirdiyi bir fitri hissdir. Ona görə də, insan övladları buna daha layiq və xüsusilə də müsəlman bir kəs bütün bunlara daha haqlı və daha layiqdir.

2. Ananın qayğısına qalmaq və ehtiyacı olan işləri ilə maraqlanmaq; daha doğrusu bu övladın çiyinlərinə düşən bir borc, öhdəlikdir. Məgər övlad körpə olarkən anası onun qayğısına qalmırdımı və yaxud gecə onunla birgə oyanıb bütün bu əziyyətlərə, cəfaya səbrlə mətanət nümayiş etdirmirdimi?

Allah təala buyurur: “Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)” (əl-Əhqaf 46:15).

(Fərzi ayn olmayan) cihad ilə anaya qayğı göstərmək arasında ixtilaf olarsa, bu məsələ (anaya qayğı göstərmək) cihad üzərində belə üstünlük təşkil edir.
Abdullah ibn Amr, Allah ondan razı olsun, demişdir: “Bir nəfər Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldi və cihada getməsi üçün ondan icazə istədi. O, sallallahu aleyhi və səlləm, dedi: “Valideynlərin sağdırmı? O dedi: “Bəli”. O sallallahu aleyhi və səlləm dedi: “Elə isə sənin cihadın onların yanındadır”. Buxari, (2842); Müslim, (2549).

3. Onlara əziyyət verməmək və yaxud onların eşitməyi xoşlamadığı sözü söyləməmək və yaxud əməli etməmək;
Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (əl-İsra 17:23).
Allah təala bizlərə “uf” kəliməsini söyləməyi haram edibsə, elə isə valideynlərini vuran, onlara əl qaldıran kəsin halı necədir görəsən?

4. Ananın ehtiyacı varsa və ona xərcləmək üçün həyat yoldaşı yoxdursa və yaxud kasıbdırsa övlad öz malından, pulundan ona xərcləməlidir; çünki salehlər üçün anaya xərcləmək və onu yedizdirmək öz övladlarını yedizdirməkdən onlara daha dəyərli, əzizdir.

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Üç nəfər piyada yola çıxırlar və yağışa düşürlər. Bir dağın içində mağaraya daxil olurlar, sonra arxasınca bir qaya parçası düşərək mağaranın girişinin ağzını tutur. Onlardan bir birinə dedilər: “Etmiş olduğunuz ən fəzilətli əməl ilə Allaha dua edin. Onlardan biri dedi: “Ey Allahım, mənim qoca, ixtiyar valideynlərim var idi və mən bayıra çıxıb sürümə tərəf yollanardım, onları sağıb südünü içmək üçün valideynlərimə gətirirdim, sonra isə bir az da öz uşaqlarıma (ailəmə, zövcəmə) verirdim. Bir gecə evə gec gəldim və gördüm ki, onlar (valideynlərim) yatıblar. Onları oyatmaq istəmədim, uşaqlarım isə ayağımın yanında ağlayırdılar. Gözləməyə başladım və uşaqlar şəfəq sökülənə qədər ağlamağa davam etdilər. Ey Allahım, bunu əgər Sənin razılığını qazanmaq üçün etmişəmsə elə isə bizim üçün bir çıxış yolu aç, bununla səmanı görək. Bunu söyləyər-söyləməz onlar üçün bir yol açıldı...” Buxari, (2102); Müslim, (2743)

5. Məruf (yaxşı, xeyir) bir şeyi əmr etdikdə anaya itaət etmək və onunla məsləhətləşmək. Lakin, ana övlada şirk kimi şər bir əməli əmr edərsə o zaman Yaradana asilik ehtiva edən bir şeydə heç bir məxluqa itaət olunmur.
Allah təala buyurur: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman 31:15).

6. Ananız dünyasını dəyişdikdən sonra onun üzərində olan hər hansı kəffarəni, əhdi yerinə yetirmək və onun adından sədəqə vermək, həcc etmək və ümrə etmək sünnətdir.
İbn Abbasdan, Allah ondan razı olsun, rəvayət edilir ki, bir qadın Cüheynədən Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək dedi: “Anam həccə getmək üçün nəzir etmişdi, lakin bunu yerinə yetirmədən vəfat etdi. Onun adından mən həcc edə bilərəmmi? O dedi: “Bəli, onun adından həcc et. Məgər ananın borcu olsa idi, bunu ödəyib verməzdinmi? Onun Allaha olan borcunu yerinə yetir, çünki Allah Ona olan borcun ödənməsi üçün buna daha haqqlıdır”. Buxari, (1745)

7. Ananız dünyasını dəyişdikdən sonra əlaqə saxladığı qohum-əqrəba və yaxud dostları ilə əlaqə saxlamaqla ona hörmət göstərmək.
Abdullah ibn Ömərdən, Allah ondan razı olsun, rəvayət edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Bir kəsin etdiyi ən xeyir əməl atası vəfat etdikdən sonra atasının dostları ilə əlaqə saxlamağıdır”. Hədisi Müslim (2552) rəvayət etmişdir.

Ananız üzərində sizin haqqlarınız:

- Körpə ikən sizin qayğınıza qalmalı, süd verməli və bəsləməlidir. Bu insan təbiətinin hər kəsə məlum olan bir aspektidir və yaradılışdan bəri davam etməkdədir.

Allah təala buyurur: “Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür” (Əl-Bəqərə 2:233).

- Ana övladına gözəl, saleh tərbiyə verməlidir. Qiyamət Günü o buna görə Allah qarşısında cavab verəcəkdir. Çünki, siz onun “sürüsündən” sayılırsınız və ananız isə sizin “çobanınızdır”.

Abdullah ibn Ömərin, Allah ondan razı olsun, belə söylədiyi rəvayət olunur: “Sizlərdən hər biriniz bir çobandır və hər biriniz rəiyyətinə görə məsuliyyət daşıyır. Dövlət başçısı (imam) bir çobandır və öz idarəsi altında olanlara (rəiyyətinə) görə məsuliyyət daşıyır. Kişi öz ailə üzvlərinin çobanıdır və onlara görə məsuliyyət daşıyır. Qadın ərinin evində çobandır və uşaqlarına görə məsuliyyət daşıyır. Xidmətçi/işçi öz ağasının (işə götürənin) malının çobanıdır və onlara görə məsuliyyət daşıyır. Hesab edirəm ki, o, sallallahu aleyhi və səlləm bunu da dedi: “Kişi atasının malının çobanıdır və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və rəiyyətinə görə məsuliyyət daşıyırsınız”. Buxari, (853); Müslim, (1829)

Ana müdaxilə etmədən, qarışmadan övladın etməsinə icazə verilən məsələlər:

Mübah şeylər məsələn yemək, içmək, paltar, nəqliyyat vasitələri və s. kimi anaya aidiyyatı olmayan məsələlərə gəldikdə, istədiyi və xoşladığı kimi bu kimi məsələlərdə ananın sərbəst qərar verməyə haqqı yoxdur.

Həmçinin (gələcək həyat yoldaşı) zövcə əgər salehdirsə onun seçimində- bu məsələ ilə bağlı Allaha asilik etmirsinizsə, bu işə müdaxilə etmək haqqı yoxdur. Bununla yanaşı hətta zövcə seçimində belə, sizə zərər gətirməyəcəksə, ananız sizə nəsihət edirsə, ananızı razı salmağınız islamda icazə verilən bir əməldir.

Mənzildən bayıra çıxmaq və yaxud evə gəlmək və ya axşam dostlarınız ilə bayıra çıxmaq kimi bu cür məsələlərə qarışmağa gəldikdə: hər iki valideyn bu məsələdə övladlarına nəzarət etməlidir ki, nəzarəti itirməsinlər və övladlarının pis yoldaşlar, dostlar tərəfindən yollarını azmasına imkan verməsinlər. Əksər hallarda gənclərin yollarına azmasına səbəb pis dostlar ilə otuturub durmalarıdır. Bu məsələ barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kişi dostunun dini üzərindədir. Elə isə hər kəs baxın görsün ki, kiminlə dostluq edir”. Tirmizi, (2387); Əbu Davud, (4833). Bu hədisi Tirmizi həsən və Nəvəvi isə səhih olaraq təsnif etmişdir. Tuhfat əl-Əhvəzi, 7/42.

Uşaqlar bayıra çıxdıqda və gəldikdə valideynlər həmçinin onlara nəzarət etməlidir. Çünki övladlar saleh deyilsə, xüsusilə onları başlı-başına buraxmaq olmaz.
Siz onlara bir şəxsiyyət kimi qiymət verməli və onlara hörmət ilə yanaşmalı, Allah təalanın icazə verdiyi, mübah etdiyi məsələlər sizə ağır gəlsə belə onlara qarşı gözəl dost, yoldaş olmalısınız.

Allah təala valideynlərimizə gözəl davranmağı əmr etmişdir, hətta onlar şirkə çağıran kafirlər olsa belə! Elə isə, onlar sidqi-ürəkdən xeyirli, yaxşı olduğunu inandıqları bir şeyə bizi dəvət edirlərsə, onda necə? Hətta bəzən sizin haqqınız olduğu bir şeyi etmək ilə bağlı məsələlərdə onlara tabe olmaq sizə müəyyən qədər ağır gəlsə də, ən yaxşısı onlara itaət etmək və onların istəklərini yerinə yetirməkdir. Hətta haqqınız olduğu məsələlərdə onlara tabe olmaq sizə vacib olmasa belə, bu bir növ fədakarlıq və valideynlərinizin istəklərini (şəriətə zidd olmamaq şərtilə) öz istəklərinizə üstün tutmaqdır. Çünki ən gözəl davranmağa və rəftar edilməyə layiq valideynlərdir. Qurani Kərimdə Allah təala Özünə ibadət etməyi əmr etdikdən dərhal sonra valideynlərə itaəti əmr etmişdir. Bununla Allah təala valideynlərə itaətin uca məqamını bəyan edir.

- Məsuliyyət, cavabdehliyin əhatə dairəsinə daxil olan hər bir məsələdə son qərar vermək hüququ atanıza məxsusdur. Məsələn, atanın himayəsi altında olan övladın hansı məktəbdə təhsil alacağına dair bu məsələdə qərar vermək hüququ ataya aiddir. Həmçinin, mülk, onun minik vasitəsindən istifadə etmək, pulunu götürmək və s. bənzər məsələlərdə son söz ataya aiddir.

Lakin yetkinlik yaşına çatan böyük və müstəqil həyat tərzi sürən övlada gəldikdə, Allah təalanın mübah etdiyi məsələlərdə qərar vermək hüququ ona aiddir. Allahın əmrlərinə ziddiyyət təşkil etmədiyi müddətcə övladın atasını razı salması şəriətdə buyurulan bir əməldir. Nə qədər yaşa dolduğundan asılı olmayaraq övladın atasına yaxşlıq, ehsan etməsi vacibdir. Çünki bu məsələ valideynlərə ehsan, hörmət və onlar ilə gözəl davranmaq başlığına aiddir. İbn Ömərin belə söylədiyi rəvayət olunur: “Mən heç vaxt içərisində atamın olduğu evin damına çıxmadım”.
Ata övladına yaxşı bir iş görməyi və yaxud şəriətə zidd olmayan bir şeyi (mübah bir işi) etməyi əmr edirsə, bu övlada heç bir zərər verməyəcəksə, atasına bu məsələdə itaət etməlidir.

- Ananızın sizə daha çox müstəqil addım atmaq haqqını verməyini istəyirsinizsə, buna aşağıdakı söz və əməllər ilə nail olmaq olar.


Əməllər

Əməlləriniz ilə ananıza artıq əvvəlki kimi bir gənc olmadığınızı və artıq məsuliyyət hissi daşımağa qadir bir kişi olduğunuzu və özünüzü əsl kişi kimi apardığınızı sübuta yetirdikdən sonra və ananız da bunları davamlı şəkildə şahid etdiyi halda, sizə güvənəcəkdir. Bundan sonra işlər qaydasına düşəcək və ananızın gözündə sizin məqamınız, hörmətiniz daha da artacaqdır.

Sözlər:
Buna aydın şəkildə sübut etmək yolu ilə, sakit tərzdə müzakirə etməklə və yumşaq davranmaqla, gözəl əxaqınıza dair nümunələr verməklə nail olmaq olar. Bəlkə bununla Allaha təala ananızın qəlbini açsın və sizinlə ağıllı, yetkin, dərrakəli bir kişi kimi davranmağa müvəffəq etsin. Əsas odur ki, bu sadalanan xüsusiyyətlər sizdə öz əksini tapsın.
Allaha dua edirik ki, bizi, sizi və valideynlərinizi doğru-dürüst yola hidayət etsin. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun.


Tarix: 03.04.2013 / 22:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 588 Bölmə: Maraqlı melumatlar