beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc və vicdanın tərbiyəsi
Oruc və vicdanın tərbiyəsi

İnsanın təbiətinə təsir edib onu yaxşı işlərə təşviq edən və pis işlərdən çəkindirən ilahi qüvvə vardır. Hamı bu gücü öz fitrətinin dərinliklərində tapır. Onun arxasınca getməyi fəzilət və kamal hesab edir. Yalnız o kəslərdən sadiqlik, vəfa, ədalət və xeyir gözləmək olar ki, bu güc onlarda canlı və oyaqdır. Əgər bu nur bir kəsdə sönərsə, ondan ədalət, xeyirxahlıq, şərəf və insaniyyət gözləmək əbəsdir.
Əxlaq alimləri bunu “vicdan” adlandırmışlar. Həqiqətdə bu gücün hansı sözlə: “vicdan” və ya “qəlb” adlandırılmasının fərqi yoxdur. Əsas məsələ odur ki, bu güc insanda mövcuddur və ona görə də yaxşı işlər gördükdə xoşhal olur. Məsələn, kimsə böyük bir məsuliyyətin öhdəsindən gəldikdə rahatlıq hiss edir. Pis iş gördükdə və ya günah etdikdə isə bu güc onu tənbeh, məzəmmət edir, onu bu işlərinə görə peşimanlıq hissi keçirməyə məcbur edir. Onun üzündə xəcalət və vicdan əzabı oxunur. Əgər vicdan peşmançılıq hiss edərsə, deyir: “Kaş ki, bu işi etməyəydim!” Vicdanın nidası və qəlbin səsi həmişə onda dəhşət yaradır, onu qorxudur və günahdan yaranan sınıqlıqı və xəsarəti aradan qaldırmaq üçün zəif nöqtələrini düzəltməyi tələb edir. Quran belə vicdanın vəziyyətini “ləvvamə nəfs” adlandırmışdır.
Dəfələrlə elə şəxslər görmüşük ki, onların həyat səhifəsi xəyanət, günah, zülm, fəsadla dolu olmuş və sonradan bu vicdanın səsinin təsirti altında dəyişərək pak, xeryirxah, Allaha pərəstişlə şərafətli həyat keçirmişlər.
Allahın verdiyi və zati olan bu gücün arxasınca getmək, inkişafa və tərəqqiyə səbəb olur. bu gücə etinasızlıq və süstlük, gücsüzlüyə və onun yox olmasına səbəb olur. Elə bu səbəbdəndir ki, bir şəxs ilk dəfə öz vicdanı ilə müxaliflik edərsə, çox narahat olur, ruhu atəşdə yanır və əgər bu müxalifətçiliyi davam etdirərsə, tədriclə qaranlıq olacaqdır və müəyyən müddətdən sonra bu pis və çirkin işlərə qarşı heç bir reaksiya verməyəcəkdir. Buna misal olaraq Quran belə buyurur: “Allah onların ürəyinə və qulağlarına möhür vurmuşdur. Gözlərində də pərdə vardır.”
Dinin hədəf və proqramlarından biri də insanın vicdanını canlı, diri saxlamaq, onun zəif və süstlüyünün qarşısını almaqdır.
Namaz, oruc, həcc, dua, zikrlər, moizələr, nəsihətlər, Quran tilavəti, digər tərbiyəvi İslam əhkamları, bütün işlərdə dinə itaət bu gücü inkişaf etdirir. Ən ali və qüvvətli vicdanı “dini vicdan və şüurlu məsuliyyət” yaradır. Bu vicdan Allahdan qorxunu təmsil edir. Bu vicdan dinidir ki, pərhizkar insanlarda şeytani vəsvəsələr, əhriməni düşüncələr baş verərsə, onları xətər və günahdan xilas edir. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman, onlar Allahın əzabını, lütfünü və mərhəmətini xatırlayıb düşünür və dərhal bəsirətli olurlar. Bu iman və məzhəbə görə vicdan, günah bir böyük daş kimi təsəvvür olunur və ona tərəf yaxınlaşmaq çox qorxuludur.
Orucun tərbiyəvi xüsusiyyətlərindən biri də vicdanın tərbiyəsidir. Oruc həmçinin o, ibadətlərdəndir ki, səmimi və pak niyyətlə və dini vicdanın dalınca getməklə həyata keçir. Onda riyakarlıq, batil düşmənçiliklər azlıq təşkil edir. Oruc səbir, haramlardan özünü saxlama və pəhrizkarlıqdır. Kim ki, pak niyyət, Allahın əmrlərinə itaətə sevgi göstərməsə və vicdanın çağırışına cavab verməsə, özünü günahlardan çəkindirməmişdir və pərhizkar deyildir. Buna görə xəlvətdə yemək və içməkdən pəhriz etməyəcəkdir. Bəlkə də, insanların arasında yeməkdən çəkinər, amma gizlində orucunu yeyəcəkdir.
Şübhəsiz, kimsə insanların arasında aşkar və ya gizli pəhrizkarlıq edər, oruc tutarsa, təmiz və səmimi niyyətlidir və onun itaəti həqiqidir. Bu oruc tutan yəqinliklə inkişaf etmiş dini vicdana malikdir və yəqinliklə oruc tutmaq onun vicdan və şüurlu məsuliyyətinin daha çox inkişafına səbəb olacaqdır.
Ey imanlı qardaş! Əgər vicdanının inkişafını və qəlbinin oyanmasını istəyirsənsə, oruc tut və onu bir İslam sütunu olaraq kiçik hesab etmə. İslam beş əsas üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.


Tarix: 10.06.2015 / 16:35 Müəllif: Aziza Baxılıb: 168 Bölmə: Maraqlı melumatlar