beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran Ve Ayelerin Iwiqinda Sige

Azərbaycan dindarının mübahisə obyekti olan bu məsələni kimlərin müdafiə etdiyini, hansı dindar qrupların müdafiə etdiyinə toxunmayacağıq. Biz Əhli Sünnə və Şiə qaynaqlarında SİĞƏyə münasibəti açıqlayacaq, sağlam məntiqin siğəyə «hə», yoxsa «yox» deyəcəyini açıqlayacağıq. İslam – Allahın kamil dinidir. Başqa dinlərdən o, bununla fərqlənir. Quran və Sünnənin ehkamları məntiqə və sağlam təfəkkürə uyğun gəlir. Buna görə də müvəqqəti nigah məsələsini bu nöqtəyi-nəzərdən araşdırmağı doğru saydıq.

Siğəni müdafiə edənlər öz baxışlarına Məhəmməd Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) nəslinə, bəzi imamların adına yazılan hədislərlə bəraət qazandırırlar. Onlardan yalnız bir misal göstərək:

Əhməd bin İsa rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən (radıyallahu anhu) müvəqqəti nigah barədə soruşduqda o deyib: “Quranda ayə var: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» (ən-Nisa, 24).

Bu hədisi əl-Kuleyni “əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa cəfəri alimlər bildirmişlər.

Cəfəri ədəbiyyatında belə hədislər çoxdur, amma isnad – yəni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər zəncirinin heç biri Allahın Rəsuluna (səllallahu aleyhi və alihi və səlləm), hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir, hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki, müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) idi. Onun təlimini onun öz dilindən qəbul edib Allahın Quranda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) mömin əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qurana və Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) özünün dediklərinə əsaslanırlar. Buna bir neçə misal çəkək:

1) Məhəmməd bin Əli bin Əbu Talibdən (radıyallahu anhu) bunu eşidib: “Allahın Rəsulu (səllallahu aleyhi və alihi və səlləm) Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

4) Bir dəfə Ömər bin əl-Xəttab (radıyallahu anhu) xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın (səllallahu aleyhi və alihi və səlləm) bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

5) Cüveyra Malikin ona Əli bin Əbu Talibin (radıyallahu anhu) İbn Abbasa (radıyallahu anhu) belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-cami əs-Səhih”,1407).

Siğəni müdafiə edənlər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə (radıyallahu anhu) əsaslanırlar. Amma gəlin görək bu hədislər elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam Cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta cəfərilər də təsdiqləyirlər ki, bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu naməlum və qondarma adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2, “Bihar əl-Ənvar”, 103/105).

Şiə alimi ən-Nəcaşi bu hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).

Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).

Beləliklə, cəfəri alimlərinin özləri, imam Əlinin (radıyallahu anhu) müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin (radıyallahu anhu) bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar. Qazi əl-Məqribi (Şiə) kitabında Əli bin Əbu Talibin (radıyallahu anhu) sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).

Şeyx Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün kitablarında, həmçinin cəfəri alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin (radıyallahu anhu) belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam Cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) (radıyallahu anhum) baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən (radıyallahu anhu) müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Cəfəri şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin (radıyallahu anhu) müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən (radıyallahu anhu) müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Qeyd edək ki, Uca Allah nigahı insanlara öz heyvani ehtiraslarını ödəmək üçün deyil, mənəvi, sosial və iqtisadi nemətlər naminə vacib bilmişdir. Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman cəmiyyətinin özəyi (rəhni) kimi baxır.

Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mənəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.

Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt naminə «öz bədənlərini birləşdirib», sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?

Əgər belə bir «nigah» zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?

İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və anasının yolunu tumuş öz doğma qızıyla «nigah» bağlamayacaq? Nə vaxtsa öz atasıyla ola bilən qadını bəs kim almaq istər?

Qulaq asın görün ki, cəfəri şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mömin imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mömin, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).

Həqiqətən, bu və digər suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol – müsəlmanın mənəvi simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa bircə fərqli cəhət göstərə bilərsinizmi?

İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə (səllallahu aleyhi və alihi və səlləm) peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, cahiliyyə dövrüdə geniş yayılmış müvəqqəti nigaha da adiddir. Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) bundan sonra bir dəfə də– Məkkənin fəthi günü– bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini elan etdi. Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər bütün insanlara çatmamışdı, çünki əshabələr bu barədə az-az danışırdılar. Bəzi müsəlmanlar Əbu Bəkrin və Ömərin (radıyallahu anhum) dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir. Amma bu xəlifə Ömərin (radıyallahu anhu) vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) Əli bin Əbu Talib, Abdullah bin Ömər, Abdaullah bin Zübeyr (radıyallahu anhum) kimi böyük əshabələri bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar.

Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qurana, Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) hədislərinə, onun əsahabələrini, o cümlədən Əli bin Əbu Talibin (radıyallahu anhu) yekdil fikirlərinə, mömin müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.

Bu yazıda bütün düşünən müsəlmanları narahat edən ən böyük problemlərdən biri barədə deyə biləcəyimizin kiçik bir hissəsi əks edilmişdir. Təəssüf ki, onu bütün çılpaqlığı ilə göstərmək üçün bizim kifayət qədər imkanımız yoxdur. Allah eləsin ki, bizim dediklərimiz cəhalət içində sürünənlərin yatmış qəlblərini oyatmaq üçün yetərli olsun!

Sonda Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının mövzu ilə bağlı 23 dekabr 2002-ci il tarixli fətvasından bir hissəni nəzərinizə çatdırırıq.

«…müvəqqəti nigah və irslə bağlı bəzi hökmlər verilmişdir ki, bunlar Azərbaycanda qüvvədə olan qanunlarla uzlaşmadığı üçün qəbul olunmur və hökmü dayandırılır».

P.S. Bu gün Azərbaycanın suyunu içib, İranın dəyirmanına su tökənlər jurnal və internet saytlarında siğəni təbliğ edirlər. Görəsən, onlar öz yaxın qohumlarının başqaları ilə müvəqqəti cinsi əlaqəyə girməsinə necə baxırlar. Bax, bu çox maraqlıdır... Bir də utanmadan siğənin duasını insanlara öyrətməyə çalışırlar...


Nahid Məmmədli


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 420 Bölmə: Maraqlı melumatlar