beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qovulmuş şeytandan Allaha pənah aparmaq

Qovulmuş şeytandan Allaha pənah aparmaq

Iblis insanın ilk yarandığı gündən indiyə qədər daima yolunda əyləşir və onu yolundan azdırmaq istəyir. Çünki o, insanın qatı düşmənidir. İnsanı yolundan azdırmaq üçün hər şeyi edir, heç nəyi əsirgəmir. Heç bir zaman insanla dost olmaz və insanla sülh içində yaşamaz.

İnsan əgər həyatın hər bir sahəsində Allahın pənahı altında olmazsa, xətərdən amanda qalmaz. Ona görə də Həzrət Haqq, peyğəmbərlər (s), Məsum İmamlar (ə) insanlara tövsiyə edir ki, Allaha pənah aparsınlar. Çünki şeytan İlahi pənahgaha girə bilməz. İlahi pənah yeri isə imandan, təqvadan, həyadan, iffətdən, mərifətdən, ibadətdən, mübarizədən və sairdən ibarətdir.

Dilinlə dediyin "Əuzu billah” kəlməsini əməli cəhətdən də zühura çatdır ki, Allahın pənahında olasan. Daxili və xarici şeytanın şərindən amanda qalasan.

"Əuzu billəhi minəş-şeytanir-racim” - istiazə adlanır. Allahın məhbubları - Nuh (ə), Yusif (ə), Musa (ə), Həzrət Mustafa (s), Həzrət Məryəm (s.ə) bu cümlədən çox istifadə edərdilər. Ona görə də şeytanın şərindən amanda qala bilirdilər. Nəticədə Həzrət Nuh (ə) salamatlığa, Həzrət Yusif (ə) ismətə, Həzrət Musa (ə) kəramətə, Həzrət İbrahim (ə) dostluğa, Həzrət Məryəm (s.ə) müjdəyə və Həzrət Mustafa (s) şəfaətə çatdı.

Bu dua haqqında Həzrət Məryəmin (s.ə) anası deyirdi: "Onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş şeytandan (şeytanın şərindən) Sənə tapşırıram”. ("Ali-İmran” 36).

İstiazə insanı bəlalardan qoruyur. Bu nöqtəyə diqqət etmək lazımdır ki, insan hansısa böyük bir alimin yanına getmək istəyəndə gözəl və təmiz libas geyinir və özünü səliqəyə salır. Eyni zamanda Allah dərgahına çıxan zaman da insan zahiri paklığı ilə yanaşı, daxili paklığına da diqqət etməlidir. Belə ki, Quranı qiraət edən zaman xüsusilə də namazda "Həmd” surəsindən qabaq istiazə deməyimizə əmr edilmişdir. "Quran oxuyan zaman, qovulmuş şeytandan Allaha pənah apar”. ("Nəhl” 98).

Yəni, qəlbini, canını, əməlini İlahi həqiqətlərlə pak et ki, şeytanın tələsindən bayıra çıxıb, Allahın himayəsi altında olasan. Onun sarayına yol tapıb, dərgahına daxil olasan. Məgər Quranda oxumamısan ki, Allah buyurub: «Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»! ("Hicr” 42).

"Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir”. ("Əraf” 200).

Ona görə də yaxşı olar ki, hər bir ibadətlərimizin əvvəlində bu cümləni deyək və Allaha pənah aparaq. Bu yolla ibadətlərimiz şeytani vəsvəsələrdən uzaq olar və Allah tərəfindən qəbul olmağa layiq olar.

Bundan başqa mömin gərək hər bir işini Allahın adını yada salaraq başlasın. Bu zaman həmin iş Allahın rənginə boyanacaq və ibadət sayılacaqdır. Ona görə də mömin işlərini Allahın adını yada salaraq başlasın və özünü Allahın pənahına tapşırsın və bunu istiazə kəlməsi ilə başlayaraq etsin.


Tarix: 04.12.2014 / 11:17 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar