beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimlərdir dərdlilər arasında öndə gedənlər?

Kimlərdir dərdlilər arasında öndə gedənlər?
Biz görürük yanğılı, dərdli olan insanlar həmişə yaşamışlar və toplumları yaşatmışlar. Kimlərdir bu dərdlilər sırasında öndə gedənlər? Kimlərdir dərdlilərin avanqardını təşkil edənlər? Peyğəmbərlər. Peyğəmbərlər qəlb yanğısı ilə iki mühüm vəzifə üçün gəliblər. Birincisi, onlar Tovhid yanğısına malik olublar, şirki aradan aparmaq istəyiblər, onlar bütpərəstliyi aradan aparmaq istəyiblər. Onlar istəməyiblər yaranmışın əşrəfi olan insan müxtəlif nəsnələrin qulu olsun. Onlar insanın yalnız Allaha bəndəlik üçün yarandığını çatdırmağa gəlmişlər.
İkincisi, onların ədalət yanğısı olub. Onlar zalımlarla, zülmlə mübarizə etmək üçün gəliblər. Onlarda olan ikinci yanğı - ədalət yanğısı olub. İki dərdləri olub peyğəmbərlərin. Tövhid yanğısı ilə süni, yalançı mövhumatdan ibarət olan zəncirləri bircə-bircə dağıdaraq, həqiqət nurunu yaya biliblər, təkallahlığın işığını insanların beyinlərinə və qəlblərinə çatdıra biliblər. İkinci yanğı ilə köləlik zəncirlərini, zülmün zəncirlərini darmadağın ediblər.
Niyə iblis nökərləri qorxurdular Rəsulallahdan? Niyə qorxurdular İsalardan, Musalardan, İbrahimlərdən? Bu dərdli qəlblərinə görə. Onların bir dərdli qəlbi olub ki, bütləri dağıdıb. Onların bir dərdli qəlbi olub ki, insanlar arasında köləliyi dağıdıb. İnsana deyiblər sən hürsən, sən azad yaranmısan və sən azad yaranarkən kiminsə köləsi və kiminsə qulu deyilsən.
Peyğəmbərlər insana sevgidə və insana məhəbbətdə, bu yolda dərdli olmaqda ən yüksək zirvədədirlər.
Biz görürük Allah Təala Rəsuli-Əkrəmin (s) insanlara olan məhəbbətinə, insanların dərdini çəkməsinə Quranda şəhadət verir. "Kəhf” surəsinin 6-cı ayəsində biz görürük Rəsulallaha (s) deyilir: "Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!”
Yəni ey əziz Rəsul, ey əziz Peyğəmbər, insanların haqqa, səadətə qovuşmaq istəməməsindən və Qurani-Kərimə iman gətirməkdən üz döndərməsindən o qədər təəssüflənirsən və özünü bir hala çatmısan ki, az qala bax bu dərddən, bunun şiddətindən canını təhvil verəsən. Az qala həlak olasan. Biz görürük, Qurani-Kərim Rəsulallahı bu cür vəsf edir. Deyir sənin o qədər insanlara qarşı məhəbbətin var, o qədər insanlara qarşı diqqətin var, o qədər dərdini çəkirsən ki, görəsən, bu bəşər övladı haqqa gələcək ya gəlməyəcək, bu bəşər övladı səadətə çatacaq, ya çatmayacaq, bu bəşər övladı İlahi kəlamı, Allah məntiqini qəbul edəcək, ya etməyəcək - sən bu dərddən o hala çatmısan ki, az qala həlak olursan, dünyadan gedirsən. Bax Qurani-Kərim məntiqi, İlahi məntiq belə vəsf edir Rəsulallahın eşqini, Rəsulallahın dərdini.


Tarix: 04.12.2014 / 11:01 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar