beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏLB XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ

Qeyd etmək lazımdır ki, qəlblər üç növ olur:
1. Sağlam qəlb. Sağlam qəlb elə bir qəlbdir ki, Qiyasmət günü heç kəsin qurtula bilməyəcəyi halda onunla Allahın hüzuruna gələnlər nicat tapacaqlar. Bu barədə Allah-taala Qurani-Kərimdə buyurur: «O gün ki nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz [daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan] bir qəlblə Allahın Hüzuruna gələn kimsədən [möminlərdən] başqa!»
(əş-Şuəra, 88-89)

Sağlam qəlb Allahın əmr və qadağalarına müxalif olan bütün şəhvətlərdən, xəbərlərinə zidd olan bütün şəkk-şübhələrdən, Allahdan qeyrisinə qul olmaqdan və Onun elçisinin deyil, ondan qeyrilərinin hökmlərini rəhbər tutmaq kimi bu və ya digər əməllərdən uzaq olan bir qəlbdir. Bir sözlə sağlam qəlb daxilində istənilən şəkildə şirkə yer olmayan bir qəlbdir. Bu qəlb öz iradəsi, məhəbbəti, Allaha təvəkkülü, Onun hüzuruna qayıtması, itaəti, qorxusu və istəyi ilə köləliyini sırf Allaha aid edən qəlbdir. Bu qəlbin daşıyıcısı əməlini sırf Allah üçün edər, sevdikdə Allah üçün sevər, nifrət etdikdə Allah üçün nifrət edər, verdikdə Allah üçün verər, qadağa qoyduqda Allah üçün qadağa qoyar. Onun bütünlüklə kədəri, sevgisi, məqsədi, bədəni, əməlləri, yatması, qalxması və söhbəti Allah eşqinədir. Allah-taala barədə edilən söhbət ona digər söhbətlərdən daha şirindir. Həmçinin Allah haqqında fikirləşmək Onun rizasını və sevgisini qazanmasına gətirib çıxarır. Biz də Allahdan belə bir qəlbi diləyirik.
2. Ölü qəlb. Bu qəlb sağlam qəlbin tam əksidir. Belə ki, bu qəlb öz Rəbbini tanımaz, ona əmr olunan ibadəti yerinə yetirməz, Onun əmrlərini sevməz və onlardan məmnun olmaz. Əksinə, o şəhvət və ləzzətlərə qapılıb qalan bir qəlbdir. Əgər bu şəhvət və ləzzətlər barədə Allahın qəzəbi varsa, onda bu qəlb sevə-sevə, kiminsə görməsindən qorxaraq, istəklə, məmnunluqla, edə bilməməsinə qəzəblənərək, tutduğu əməlləri böyük bir iş hesab edərək və bu şəhvətlər qarşısında zəlil olmuş bir vəziyyətdə Allahdan qeyrisinə ibadət etmiş olur. Belə bir qəlbin daşıyıcısının kimə isə nifrət və ya sevgi bəsləməsi yalnız onun öz ehtiraslarından doğan hisslərdir. Belə ki, nəfsi imamıdır, şəhvəti rəhbəridir, cəhalət sürücüsüdür, qəflət miniyidir. Biz də belə bir qəlbin daşıyıcısı olmaqdan Allaha sığınırıq.
3. Xəstə qəlb. Bu qəlb diri və xəstəliyi olan qəlbdir. Onun iki ünsürü vardır ki, bəzən biri, bəzən də digəri ona öz təsirini göstərir və bunlardan biri digərinə üstün gəlir. Bu maddələrin birində Allah-taala məhəbbəti, Ona iman gətirmək, Ona qarşı ixlaslı olmaq və Ona təvəkkül etmək kimi keyfiyyətlər öz əksini tapır. Bu da onun yaşama cövhəridir. Onun həlak və şikəst olması ilə nəticələnən digər cövhər isə şəhvətlər, onların əldə olunması üçün həriscəsinə cəhd etmək, həsəd, təkəbbürlük, eqoistlik, şan-şöhrət hərisliyi, hökmdarlıqla yer üzündə fitnə-fəsad törətmək, münafiqlik, insanların nəzər-diqqətini özünə cəlb etməyə çalışmaq, xəsislik və paxıllıq kimi keyfiyyətləri özündə əhatə edir. Belə bir qəlbdən Allaha pənah aparırıq.
Qəlbin bütün xəstəliklərdən müalicə yolları Qurani-Kərimdə öz əksini tapmışdır. Bu barədə Allah-taala buyurur: «[Ey insanlar!] Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana [cəhalətə, şəkk-şübhəyə, nifaqa] bir şəfa, möminlərə hidayət və mərhəmət [Quran] gəlmişdir!»(Yunus, 57)
«Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalimlərin [kafirlərin] ancaq ziyanını artırır».(İsra, 82)
Qəlb xəstəlikləri iki növdən ibarətdir:
Birinci xəstəliyin elə bir növüdür ki, daşıyıcısı bu xəstəliyin mövcudiyyətindən heç bir əziyyət çəkmir. Bu cəhalət və şəkk-şübhələr xəstəliyidir. Əslində isə bu xəstəliklər ağrı baxımından ən böyük xəstəliklərdir, lakin qəlbin xarablığı onun daşıyıcısına bunu duymağa imkan vermir.
Xəstəliyin digər növü isə qəm-qüssə, hüzn, qəzəb kimi faktiki olaraq əziyyət verici xəstəliklərdir. Belə xəstəliklər və onların baş vermə səbəbləri təbii dava-dərmanlar vasitəsilə aradan qaldırılır.

Qəlbin müalicəsi dörd üsul əsasında həyata keçirilməlidir:
I. Qurani-Kərim vasitəsilə. Həqiqətən Quran qəlblərdə olan şəkk-şübhələrə bir şəfadır. O, ürəklərdə olan şirki, küfr ləkəsini, şübhə və şəhvət xəstəliklərini yox edəndir. Quran haqqı bilib ona əməl edənlər üçün bir yol, möminlərin dünya və axirət savablarını əldə etmələri üçün isə bir rəhmətdir. «Heç [küfrlə] ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur [islam dinini] verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?»
(əl-Ənam, 122)
II. Qeyd etmək lazımdır ki, qəlb üç şeyə möhtacdır.
1. Qəlbin güclü olması qorunmalıdır. Bunun da həyata keçirilməsi iman, əməlisaleh və müstəhəb əməllər vasitəsilə mümkündür.
2. Qəlb bütün böyük və kiçik günahlardan uzaq tutularaq hər bir zərərli amillərdən qorunmalıdır.
3. Tövbə etmək və günahların bağışlanmasını diləməklə bütün zərərli şeylərdən kənar olmalıdır.
III. Qəlbi nəfsin ona hökmranlıq etməsi kimi dərdən xilas etmək lazımdır ki, bunun da iki müalicə yolu vardır: insan öz əməlləri barədə özünə hesabat verməli və nəfsin ona əmr etdiklərinə müxalif olmalıdır.
a) İşin icra olunmasından öncəki növ dörd məqamdan ibarətdir:
1. Bu işi etməyə gücü çatarmı?
2. Bu işin icrası onun üçün icra olunmamasından xeyirlidirmi?
3. Bu işi Allahın rzılığını qazanmaq üçünmü edir?
4. Bu işin köməyə ehtiyacı olduğu təqdirdə ona kömək edəcək qüvvələr vardırmı? Əgər verilən bütün bu suallara müsbət cavab tapılarsa, onda işin icrasına girişmək olar. Əks halda isə heç vaxt onun icrasına başlamaq olmaz.

b) İşin icrasından sonrakı növ aşağıdakı qismlərə bölünür:
1. İbadəti yerinə yetirərkən onda Allah-taalanın haqqını azaltdığı və onu lazımi şəkildə yerinə yetirmədiyi üçün özü ilə hesablaşmalıdır. Allaha ixlasla ibadət etmək, yalnız Onun rizası naminə insanlara nəsihət vermək, ibadətlərdə mütəmadilik, xeyirxah işlərdə iştirakçı olmaq, Allah-taalanın ona bəxş etdiyi nemətləri görmək, etiraf etmək və bundan sonra bu haqları tam yerinə yetirmədiyini etiraf etmək Allah-taalanın haqlarındandır.
2. Onun üçün tərk edilməsi yerinə yetirilməsindən xeyirli olan etdiyi hər bir iş üçün özü ilə hesablaşmalıdır.
3. Etmədiyi halal, yaxud adi bir iş üçün özü ilə hesablaşmalıdır. O bununla Allah-taalanı və axirət dünyasını istəyibsə, bu onun üçün gəlirli və xeyirli olar. Yox əgər bununla fani dünyanı istəyibsə, bu onun üçün zərərli olar.
Bir sözlə, insan ilk növbədə vacibatlar barədə özü ilə hesablaşmalı və əgər çatışmamazlıq varsa, onu tamamlamalıdır. Sonra qadağalar barədə özü ilə hesablaşmalı və onlardan birini törətdiyini bildiyi təqdirdə tövbə etməklə və bağışlanma diləməklə səhvini düzəltməlidir. Sonra bütün varlığı [bütün əzalarının iştirakı ilə], daha sonra isə bilmədən etdiyi əməllər barəsində özü ilə hesablaşmalıdır.
IV. Qəlbi şeytanın ona hökmranlıq etməsi kimi dərdən xilas etmək.
Şeytan insanın düşmənidir. Ondan xilas olmaq üçün Allah-taalanın təyin etdiyi sığınmalarla ondan Allaha pənah aparmaq lazımdır. Qeyd etmək lazımdır ki, Peyğəmbər –səllallahu aleyhi və səlləm- nəfsin şərindən sığınmaqla şeytanın şərindən sığınmağı bərabər tutmuş və Allahın elçisi Əbu Bəkrə belə demişdir: «De:

(( اللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ ، فَاطِرَ السَّمَوَاتِ وَاْلأَرْضِ ، رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا ، أَوْ أَجُرَّهُ إِلىَ مُسْلِمٍ ))
«Allahummə alimə-l-ğeybi va-ş-şəhadəti, fatıra-s-səməvati va-l-ardı, rabbə kulli şey‘in va məlikəhu, əşhədu ən lə iləhə illə ənt, ə‘uzu bikə min şərri nəfsi, va min şərri-ş-şeytani va şirkihi, va ən əqtərifə alə nəfsi su‘an, au acurrahu ilə muslim» (Allahım! Ey səmaları və yeri yaradan, qeybi və aşkarı bilən, hər şeyin Rəbbi və ixtiyar sahibi! Şəhadət verirəm ki, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə, yaxud bir müsəlmana pislik etməkdən Sənə pənah aparıram). Bunu səhər-axşam və yatanda de».(ət-Tirmizi, 3/142; Əbu Davud)
Allaha sığınmaq, Ona təvəkkül etmək və Ona qarşı ixlaslı olmaq şeytanın qəlblərə hakim olmasına mane olan amillərdir.
Sonda qulu və elçisi olan Məhəmmədə –səllallahu aleyhi və səlləm-, onun ailəsinə, əshabələrinə və Qiyamətə qədər onun yolunu layiqincə davam etdirənlərə Allahın salamı və xeyir-duası olsun deyirəm.


Tarix: 17.04.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Maraqlı melumatlar