beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç Dövlətlinin əhvalatı

Əbu Hüreyrə Həzrət Muhəmməd Peyğəmbərdən (s) belə bir ibrətamiz əhvalat rəvayət edib:

Bəni-İsraildə bir qotur, bir keçəl və bir kor adam vardı. Bir gün Allah-təala onların imanını yoxlamaq istədi, onların yanına mələklərdən birini yolladı.

Mələk qotur adamın yanına gəlib soruşdu: “Sənin ən çox istədiyin şey nədir?” Cavab verdi: “Gözəl dəri, sağlam bədən, bir də ki camaatın iyrəndiyi bu vəziyyətimin düzəlməsini istəyirəm”. Mələk əlini onun bədəninə çəkdi, Allahın hökmü ilə qoturluğu sağaldı. Dərisinin rənği sağlam adamdakı kimi oldu, yaralarının üstü qapandı. Sonra mələk ondan bir daha soruşdu: “Dünya malından istədiyin nədir?” Cavab verdi: “Dəvə istəyirəm”. Allah onun duasını qəbul etdi, onun üçün on aylıq boğaz bir dəvə yaratdı. Mələk dəvəni həmin adama bağışlayıb dua etdi: “Allah bu dəvəni sənin üçün bərəkətli etsin”.

Sonra mələk keçəl adamın yanına gəldi. Ondan da nə istədiyini soruşdu. Keçəl cavab verdi ki, sıx və yaraşıqlı saç istəyirəm. İstəyirəm ki, adamlar daha mənə gülməsinlər, məndən iyrənməsinlər. Allahın hökmü ilə onun istədiyi kimi oldu. Mələk onun başını sığalladı və keçəlliyi sağaldı. Sonra mələk soruşdu: “Bəs dünya malından istədiyin nədir?” Cavab verdi: “Kök bir inək istəyirəm”. Allah onun üçün kök, boğaz bir inək xəlq etdi. Mələk inəyi o adama təhvil verib, “Allah bunu sənə bərəkətli qılsın” deyə, dua etdi.

Sonra kor kişinin yanına gəldi, ona da eyni sualları verdi. Kor kişi gözünün açılmasını istədi. Allah mələyin vasitəsi ilə onun gözlərinə şəfa verdi. Daha sonra o adam dünya malından qoyun istədiyini söylədi. Allah da ona kök və boğaz bir qoyun hadiyyə etdi. Mələk qoyunun bərəkətli olması üçün dua edib oradan ayrıldı.

Üstündən bir müddət ötdü. Dəvə, inək və qoyun balaladılar. Mələyin duasının nəticəsində hər üç adamın heyvan sürüsü artıb-çoxaldı. Əvvəllər qotur olmuş kişinin bir vadi dolusu dəvəsi oldu. Keçmiş keçəlin indi bir sürü mal-qarası vardı. Gözləri açılmış kişinin qoyunları da ətrafı bürümüşdü. Onların hər üçü varlanmışdı.

Allahın hökmü ilə mələk öz əvvəlki qiyafəsinə girib, vaxtilə qoturluq içində olmuş adamın yanına gəldi, dedi: “Mən fəqir adamam, yolda qalmışam, evə qayıtmağa yol pulum yoxdur. Allah xatirinə, mənə yardım et. Bir dəvə ver, onu minib evimə gedim”. Həmin adam bəhanə gətirib dedi ki, sürümün sədəqəsini artıq vermişəm, sənə veriləsi dəvəm yoxdur. Mələk onun ürəyinə rəhm salmaq üçün dedi: “Mən səni tanıyıram. Sən əvvəllər qotur olan, hamının iyrəndiyi, səfil halda yaşayan filankəs deyilsənmi? Səni sağaldan, zəngin edən Allah eşqinə, mənə yardım et”. Amma o adam öz keçmişinin inkar edib söylədi: “Səhv edirsən, mən o adam deyiləm. Bu dəvə sürüsü də mənə atamdan miras qalıb”. Onda mələk belə dua etdi: “Əgər yalan deyirsənsə, Allah səni əvvəlki halına qaytarsın”.

Mələk ondan ayrılıb getdi, o isə bəd duanın nəticəsində əvvəlki kimi qotur və səfil oldu.

Mələk əvvəllər keçəl olmuş kişinin yanına gəldi, yardım istədi. Amma o da yardım etmədi, üstəlik, Allahın lütfü ilə şəfa və var-dövlət qazandığını dandı. Mələyin bəd-duası ilə o da öz keçmiş halına qayıtdı.

Mələk bu dəfə üçüncü adamın yanına gəldi: “Fəqir adamam, yolda qalmışam. Evimə qayıtmağa imkanım yoxdur. Sənə korluqdan şəfa vermiş Allaha xatir, mənə bir qoyun ikram et, kəsib ətini yeyim, bədənimə qüvvət gəlsin”. Bu adam o biri ikisindən fərqli olaraq belə cavab verdi: “Doğrudur, mən həqiqətən əvvəllər kor idim, Allah gözlərimi mənə qaytardı. Sürünün içindən ürəyin istəyən qədər qoyun götürə bilərsən. Mənə şəfa vermiş Allaha and olsun ki, sənə mane olmaram”.

Mələk cavab verdi: “Bütün sürü sənin olsun. Bu, sizin üçün bir imtahan idi. Sən imtahandan üzüağ çıxdın. Allah səndən razı qaldı, o biri iki nəfərə isə qəzəbləndi”.

(Səhihül-Buxaridəki 3464-cü (Əhadisül-ənbiya), Səhihü Müslimdəki 7431-ci (Kitabüz-zöhd) hədislərin əsasında).

islam.az


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar