beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onuncu İmam Həzrət Hadinin (ə) Hədislərindən

Rəcəb ayının 3-ü (14 may) İmam Hadinin (ə) şəhadətinin ildönümüdür. Bu münasibətlə o Həzrətin bəzi hədislərini oxucularımızın diqqətinə çatdırırıq.

“Hər kim özündən razı olsa, ona qənim kəsilənlərin sayı çoxalar”.

“Dünya bir bazara bənzəyir ki, bir dəstə ondan xeyir götürür, başqa bir dəstə isə ziyana düşür”.

“Hər kim Allahdan çəkinsə, insanlar da ondan çəkinərlər. Hər kim Allaha itaət etsə, ona itaət edərlər. Hər kim xaliqə itaət etsə, məxluqatın əziyyətindən qorxusu olmaz. Amma əgər xaliqi qəzəbləndirsə, insanların ədavətinə tuş gələr”.

“Ağılsız hərəkət edən adam haqlı olsa belə, haqlılığı səfehliyinin badına gedə bilər”.

“Allahın sevdiyi bəzi məkanlar var ki, orada Ona dua edilməsini xoşlayar və duaları müstəcab edər. Imam Hüseynin (ə) məzarı yerləşən məkan da bu qəbildəndir”.

“Allah dünyanı sınaq məkanı, axirəti isə sükunət yeri etdi. Dünya sınağını axirət savabının səbəbi, axirət savabını isə dünya sınağının əvəzi qərar verdi”.

“Öz qədrini bilməyən və özünü alçaldan adamın şərindən ehtiyat et”.

Əbu Haşim Cəfəri rəvayət edir ki, bir gün İmam Nəqinin (ə) hüzurunda idim. Bir uşaq otağa daxil oldu, əlindəki gülü İmama təqdim edib getdi. İmam gülü alıb ətrini qoxuladı, sonra öpüb gözünün üstünə qoydu və mənə verdi. Daha sonra buyurdu: “Hər kim gülü iyləyib öpsə, gözünün üstünə qoysa, sonra Mühəmmədə və Ali-Mühəmmədə (s) salavat söyləsə, Allah-təala onun əməl dəftərinə saysız savab yazar, çoxlu günahlarını bağışlayar”.

“Gecə (ibadət üçün) oyaq qalmaq sonrakı yuxunu ləzzətli edər. Ac qalmaq yeməyin dadını artırar”.

“İnsanlar dünyada mal-dövlətləri ilə, axirətdə isə əməlləri ilə birlikdədirlər” (Yəni bu dünyada insanlar öz mallarına güvənirlər, axirətdə isə əməlləri ilə baş-başa qalıb hesaba çəkiləcəklər).

“Gücün çatmayan adama qəzəblənmək acizlik əlamətidir. Səndən zəif olan adama qəzəblənmək isə alçaqlıqdır”.

“Haram mal artıb-çoxalmaz. Çoxalsa da, onda xeyir-bərəkət olmaz. Haram maldan başqalarına yardım etsən, heç bir savab qazanmazsan. Özündən sonra miras qoyduğun haram mal cəhənnəmə gedən yolda yükün olar”.

“Təvazökarlıq odur ki, başqalarının səninlə necə rəftar etmələrini istəyirsənsə, sən də onlarla o cür rəftar edəsən”.

“Sənə ümid bəsləyən adamı naümid qaytarma. Yoxsa Allahın qəzəbinə və düşmənçiliyinə tuş gələrsən”.

“Həris adam heç vaxt rahatlıq tapmaz”.

O həzrətdən helmin mənası haqqında soruşdular. Buyurdu: “Helm odur ki, öz nəfsinə hakim olasan, qəzəbini udasan. Özü də o vaxt ki, səni qəzəbləndirəni cəzalandırmağa gücün çatmış olsun”.

(Hədislər “İmam Hadidən (ə) 40 əhvalat və 40 hədis” kitabındandır).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar