beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**hIcAb**

Mənim bir qonşu rəfiqəm var. Bütün namazlarını vaxtı vaxtında qılmasına və gözəl əxlaqlı olmasına baxmayaraq, o, evdən çıxanda və lazım olan yerdə hicab taxmır (örtünmür).Ancaq niyə örtünməməsi mövzusunda isə onunla söhbət açmamışam. Həmişə bu mövzunu ləngidirəm və münasib bir vaxt axtarıram. Bir gün yenə onlara keçəndə qapını açdı və əynində namaz qıldığı paltarı gördüm. Mən salam verib, içəriyə keçib oturan kimi:
- Hicab örtməyin münasibəti ilə təbrik edimmi artıq səni?!
- Gülümsəyərək cavab verdi: Namaz qılırdım.
Mən: Bu, namaz hicabıdır?
- O: Bəli.
- Mən: Bir şey soruşmaq istəyirəm, amma çəkinirəm.
- O: Xeyir, niyə çəkinirsən ki?! Ürəyində nə var soruş gəlsin.
- Mən: Səni həmişə, hər yerdə və hər halda görən Allahdan örtünürsən, amma kişilərdən örtünməyini əmr edən Allahın əmrini yerinə yetirmirsən?!
- O: Vallah...Heç bilmirəm nə deyim sənə.
- Mən: Bu sualı verməkdə haqlı deyiləmmi?
- O: Sən haqlısan...
- Mən: Onda gəl bu anlaşılmazlığa bir aydınlıq gətirək.
- O: Ola bilsin ki, namaz ibadətdir, müsəlman qadın Rəbbinin əmrinə itaət edib namazı əda edirsə, hicabı da taxmalıdır ki, bu ibadət yerinə yetsin. İkisi bir yerdə olmalıdır.
- Mən: Amma, hicab taxmaq, örtünmək yalnız namaz qılarkən əmr olunmayıb. Qadın naməhrəm kişilərin hamısının yanında örtünməlidir.
- O: Mənim də içimdən bir sual keçir, sənin saxladığın kimi, mən də verə bilmirəm.
- Mən: De, hamısını söylə!
- O: Hicab taxmaq niyə zərurətdir ki?
- Mən: Sualına cavab verməmişdən, bir şey deyim. Bütün müsəlman qadınlara örtünməyi buyuran kimdir?
- O: Allahu Təala.
- Mən: Allah, öz qullarına ziyan verəcək bir şeyi buyurarmı?
- O: Əsla!
- Mən: Sonra da axı, biz hər gördüyümüz ibadətin zərurətini bir-bir soruşuruq?
- O: Əlbəttə, yox!
- Mən: Yaxşı, soruşsam ki, niyə namaz qılırsan, nə deyəcəksən?
- O: Allaha itaət edirəm.
- Mən: Əhsən. Deməyəcəksən ki, namaz mənim bədənim üçün xeyirlidir, idman edirəm, lazımi hərəkətləri yerinə yetirirəm. Deməli, biz birinə desək ki, sən namaz qılmalısan, çünki namaz insanın gündəlik ehtiyac duyduğu idman hərəkətlərinə şamildir. O deyə bilər ki, mən hər gün idmana gedirəm, lazımi qədər bədənimi hərəkət etdirirəm və mənim namazdakı hərəkətlərə ehtiyacım yoxdur.
- O: Deməli hicab da belədir...
- Mən: Əlbəttə hicab da belədir. Biz müsəlman qadınlara desək ki, özünüzü qorumaq üçün hicab taxın, deyərlər ki, biz özümüzü hicabsız da qoruya bilirik. Sənin də daxilində bu cür suallar yaranıb yəqinki. Niyə mən hicab taxmalıyam?! Mən belə də əxlaqlıyam.
- O: Deməli onda, biz Rəbbimizin əmirlərini itaətkarlıqla yerinə yetirməliyik və hətta bunun hikmətini və məqsədini soruşmadan?!
- Mən: Rəbbimiz hər şeydə hikmətlidir və bizə əmr etdiyi hər bir şeydə dünyamız və axirətimiz üçün yarayan hikmət var. Biz əmr olunan bir şeyin hikmətini anlasaq və anlamasaq da, Ona itaət etməliyik.
- O: Bəli, namaz kimi...
- Mən: Bəli, namaz kimi. Peyğəmbərin (s.a.s) səhabələri, İsra və Merac gecəsi namaz əmr olunan kimi namaza başladılar və onlar namazın hikmətini və faydasını araşdırmağa başlamadılar.
- O: Bu gün isə bir çox araşdırmalar namazın insana verdiyi faydaları sübut edir.
- Mən: Əlbəttə bunlar müsəlmana daha əminlik və bu böyük ibadətə qarşı rahatlıq gətirir. Namazda olan hikmətlərin çoxluğu aşkar ola bilər, amma buna baxmayaraq bizi namaz qılmağa vadar edən bunlar olmalı deyil. Biz xalis niyyətlə Allahın əmrinə itaətkarlıq göstərməliyik.
- O: Onda deyirsən ki, mən Allaha itaət olaraq hicab geyinməyə başlayım, ondan sonra hicabın hikmətləri haqqında bol-bol fikirləşə bilərəm?
- Mən: Əlbəttə.
- O: Açıq-aydın başa saldığın üçün təşəkkür edirəm. Allah səndən razı olsun!
- Mən: Səndən də Allah razı olsun ki, mənimlə gözəl söhbət etdin və məni anlamağa çalışdın.
Sabahısı gün mən onu hicablı olaraq küçədə görəndə özümü çox xoşbəxt hiss etdim. Ona salam verdim və bu münasibətlə onu təbrik etdim.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 311 Bölmə: Maraqlı melumatlar