beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən üstünləri

Bu aləmdə olan bütün varlıqlar Allahın məxluqlarıdır. Bu dünyada olan hər bir məxluq İlahi hikmət üzərində xəlq edilmişdir. Elə bir varlıq yoxdur ki, əbəs yerə xəlq edilsin. Hətta o şeylər ki, bizim gözümüzdə dəyərə malik deyildir, ya da əksər insanların nifrət etdiyi şeylər belə, hikmət üzərində xəlq edilmişdir. Hər birinin Xaliqin yanında öz məqam və mərtəbəsi vardır. İnsan ətrafında olan hər bir şeyə Allahın məxluqu kimi baxmalıdır. Bu məxluqların bəzisi bəzisindən üstün və daha dəyərli və daha yaxşıdır. Mühüm olanı odur ki, insan ən yaxşılarını tanısın və onu dini və mənəvi həyatında nümunə qərar versin.

Ən üstün varlıq: ən üstün varlıq insandır. Qurani-Kərim insanı ən üstün varlıq kimi tanıtmışdır.

Ən üstün kitab: Qurandır. İlahi kitablar içərisində ancaq Quran cavidan bir kitabdır. Ancaq bir nüsxəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Ən üstün söz - Qurandır”.

Ən üstün ümmət: Quranda ən üstün ümmət olaraq, Həzrət Peyğəmbərin (s) ümməti tanıdılmışdır. “Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz”. (“Ali-İmran” 110). Sizə çatan hər bir müsibət yerinə yetirdiyiniz əməllərə görədir.

Ən üstün bəndə: ən üstün bəndə o kəsdir ki, təqvalı, pak olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, həqiqətən Allahın ən üstün bəndəsi o kəsdir ki, təqvalı, pak olsun. Allahın ən pis bəndəsi o kəsdir ki, barmaqla göstərilər”.

Ən üstün qadın: Həzrət Fatimədir (s.ə). Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə behişt əhlinin ən üstün qadınıdır”.

Ən üstün ay: mübarək Ramazan ayıdır. Həzrət Peyğəmbər (s) bu ayı ayların ən üstünü adlandırmışdır.

Ən üstün gecə: Qədr gecəsidir. Quran buyurur: “Qədr gecəsi min aydan daha xeyirlidir”. (“Qədr” 3).

Ən üstün ibadət: Quranı tilavət etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün ibadət - Quran oxumaqdır”.

Ən üstün yeyəcək: baldır. “Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!» «Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instinkt) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.. Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır”. (“Nəhl” 68-69).

Ən üstün içəcək: süddür. Ən şirin və ləzzətli içəcəkdir. “Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik”. (“Nəhl” 66).

Ən üstün hədiyyə: insanı sevindirən hər bir əşya. İmam Sadiq (ə) buyurur: “Mənim yanımda ən sevimli qardaş o kəsdir ki, eyblərimi mənə hədiyyə edər”.

Ən üstün dəyər: insafdır. İmam Əli (ə) buyurur: “İnsaf - ən üstün dəyərdir”.

Ən üstün söz: qısa və başa düşüləsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün söz odur ki, başa düşüləsi, qısa və yorucu olmayan olsun”.

Ən üstün insan: Həzrət Fatimə (s.ə) buyurur: “Sizlərdən ən üstünü o kəslərdir ki, insanlarla yumşaqdırlar. Qadınlarını əziz tutarlar”. İmam Əli (ə) buyurur: “Ən üstün insan o kəsdir ki, insanlara fayda versin”.

Ən üstün elm: insanlar üçün ən faydalı olanıdır. İmam Əli (ə) buyurur: “Ən üstün elm o elmdir ki, faydalı olar”.

Ən üstün qəlb: pak qəlbdir. Paklıqlar və yaxşılıqlar üçün münasib tutumu olan qəlbdir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün qəlb o qəlbdir ki, yaxşılıq üçün tutumu daha çoxdur. Ən pis qəlb o qəlbdir ki, pislik üçün tutumu çoxdur. Deməli ən ali qəlb o qəlbdir ki, yaxşılığı özündəndir. Əgər söz danışar, sözü savab olar, əgər sükut edərsə, sükutu savab olar”.

Allah Təala bizləri üstün dəyərlərə malik olanlardan qərar versin!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar