beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haqq Carçısı Fərəzdəq

Hicrətin ilk əsrlərində yaşamış məşhur ərəb şairlərindən biri də Fərəzdəqdir. Bəni-Təmim qəbiləsinə mənsub olan bu şairin əsl adı Həmmam ibn Ğalib idi. “Fərəzdəq” onun ləqəbidir, mənası isə təndirə düşmüş çörək və ya fətir deməkdir. Sifətinin böyüklüyünə görə ona bu ləqəbi vermişdilər.

Fərəzdəqin babası Səsəə ibn Naciyənin səhabə olduğunu yazırlar. Səsəə çox səxavətli və cəsur adam idi. Xüsusilə, cahiliyyə dövründə ərəblər arasında geniş yayılmış bir adətlə – qız uşaqlarını diri-diri torpağa basdırmaqla ciddi mübarizə aparırdı. Qız atalarını bu hərəkətdən çəkindirmək üçün onlara nəsihət verir, nəticəsi olmayanda günahsız qızları xilas etmək üçün əvəz olaraq öz dəvələrini təklif edirdi. Deyilənlərə görə, 360 nəfər körpə qızı ölümdən xilas etmiş, onların hər birindən ötrü atalarına bir erkək və iki dişi dəvə bağışlamışdı.

Fərəzdəqin atası da öz qəbiləsinin seçilmiş şəxslərindən idi. Hətta vəfatından sonra da həmqəbilələri onun ruhunu hörmətlə yad edirdilər. Onun məzarının yanına pənah aparan adam amanda sayılırdı və cəzadan xilas olurdu.

Fərəzdəq kiçik yaşlarında olarkən atası ona ərəb ədəbiyyatını, bəlağət və fəsahəti, cahiliyyə şairlərinin şeirlərini öyrətməyə başlayır. Uşaq bu sahədə böyük uğurlar qazanır. Bir gün atası balaca Fərəzdəqi Imam Əli ibn Əbu Talibin (ə) hüzuruna aparır. Imam Əli (ə) Fərəzdəqi göstərib soruşur ki, bu uşaq kimdir? Atası Fərəzdəqi tərifləyib deyir: “Mənim oğlumdur, adı Həmmamdır. Ona ədəbiyyatı öyrətmişəm, bir çox məşhur şairin divanını əzbər bilir, özü də yaxşı şeir deyir”. Amma Ğalibin gözlədiyinin əksinə olaraq, Həzrət Əli (ə) onun bu təlim metodunu bəyənməyib buyurur: “Əgər oğluna Quran öyrətsəydin, ondan ötrü daha faydalı olardı”. Fərəzdəq Imamın buyruğundan təsirlənir, ürəyində qərara alır ki, mütləq bu məsləhətə əməl etsin. Həmin gündən Quranı oxuyub əzbərləməyə başlayır, Müqəddəs Kitabı əzbərləməyincə şeir deməkdən çəkinir. Nəhayət, güclü yaddaşı sayəsində qısa müddət ərzində Quran hafizi olur.

Fərəzdəq öz müasirləri arasında istedadı ilə xüsusi seçilirdi. Hətta onu Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında yaşamış və o həzrətin şairi kimi tanınmış Həssan ibn Sabitlə müqayisə edərək “Həssani-sani” (ikinci Həssan) adlandırırdılar. Fərəzdəq öz şeirlərində nadir ərəb kəlmələrini bol-bol, amma yerində işlədirdi. Buna görə deyirlər ki, əgər Fərəzdəq olmasaydı, ərəb dilindəki sözlərin üçdən-bir hissəsi unudulardı.

Atası kimi Fərəzdəq də Əhli-beyt tərəfdarı idi və bu sevgisini izhar etməkdən qorxmurdu. Müasiri olan iki məşhur şairlə – Cərir və Əxtəllə deyişirdi. Xüsusilə, Fərəzdəqlə Cəririn bir-birinə yazdıqları həcvlər (tənqidi şeirlər) tarixdə məşhurdur. Bu iki şairin bir-biri ilə yola getməmələrinin bir səbəbi də məhz Əhli-beytə münasibətə görə idi. Belə ki, Cərir Əməvi sarayına yaxın bir şair kimi tanınırdı, xəlifələrə və əyanlara mədhiyyələr yazırdı. Fərəzdəq isə imamlara yaxın olduğu üçün Əməvi sülaləsinə qarşı müxalifət mövqeyi tutmuşdu. Amma çox maraqlıdır ki, aralarındakı düşmənçiliyə baxmayaraq, Fərəzdəqlə Cərir eyni ildə vəfat etmişdilər.

Bir il Fərəzdəq həcc ziyarətinə gedir. Həmin il Əməvi xəlifəsi Əbdülməlikin oğlu, vəliəhd Hişam da həccə gəlmişdi. Hişam nə qədər Kəbəyə yaxınlaşıb qara daşı öpməyə çalışırsa da, camaatın izdihamı ona imkan vermir. Axırda o, bir kənara çəkilib aranın səngiməsini gözləyir. Bu zaman görürlər ki, Imam Zeynül-abidin (ə) Kəbəyə yaxınlaşır. Camaat o həzrəti görən kimi ehtiramla kənara çəkilib yol verirlər. Imam rahatca təvafı yerinə yetirir, qara daşa yaxınlaşıb onu öpür. Hişamın yanında olanlardan biri Imamı tanımadığı üçün soruşur: “Bu kimdir ki, ona sizdən artıq hörmət edirlər?”. Qəzəbindən özünə yer tapmayan Hişam bu adamı tanımadığını söyləyir. Bu zaman Fərəzdəq də Hişamın yaxınlığında durubmuş. Onun sözlərini eşidəndə özünü saxlaya bilmir, Imama qarşı bu sayğısızlığa cavab olaraq, bədahətən 41 beytdən ibarət bir qəsidə söyləyir. Fərəzdəq bu qəsidədə Imam Zeynül-abidini (ə) ən gözəl ifdalərlə vəsf edərək, Onun öz zəmanəsində hamıdan üstün olduğunu dilə gətirir. Qəsidənin bir beytinin tərcüməsini təbərrük olaraq oxucuların diqqətinə çatdırırıq: “Bu o şəxsdir ki, təşəhhüddən başqa heç vaxt “yox” kəlməsini dilinə gətirmədi. Əgər təşəhhüd olmasaydı, həmişə “yox”un əvəzinə “bəli” deyərdi”. Bu beytdə Imamın hədsiz elminə və səxavətinə işarə edilib. Yəni o həzrət heç bir sualı cavabsız qoymamış və heç bir xahişi rədd etməmişdi. Şair bədii ifadə ilə deyir ki, o həzrətin dilindən “yox” kəlməsi yalnız namazın təşəhhüd hissəsində, “la ilahə illəllah” cümləsini söyləyərkən çıxır.

Hişam Fərəzdəqin qəsidəsini eşidəndə hədsiz qəzəblənir, ondan soruşur: “Niyə mənim üçün belə bir mədhiyyə demirsən?”. Fərəzdəq isə cəsarətlə ona cavab verir: “Sən öz babanın Onun babasından, öz atanın Onun atasından, öz ananın Onun anasından üstün olduğunu mənə sübut etsən, sənin üçün də belə bir mədhiyyə söyləyərəm”. Hişam dərhal şairin həbsə atılmasını əmr edir. Fərəzdəqi Məkkə ilə Mədinə arasındakı Əsfan adlı yerdə həbs edirlər. Imam Zeynül-abidin (ə) Fərəzdəqin zindanda olduğunu eşidəndə onun üçün 12 min dirhəm pul göndərib xəbər yollayır: “Əgər bundan artıq pulum olsaydı, onu da sənə verərdim”. Fərəzdəq pulu qəbul etməyib cavab verir: “Mən bu qəsidəni bəxşiş üçün yox, Allah rizası naminə demişəm”. Imam pulu geri göndərib tapşırır ki, Fərəzdəqə desinlər: “Allah sənin təmiz niyyətini bilir. Amma boynundakı haqqımız xatirinə bu pulu almalısan”.

Fərəzdəq bir müddət həbsdə qaldıqdan sonra onu azad buraxırlar, amma adını beytül-mal dəftərindən silirlər. O zamanlar hamı beytül-maldan pay alırdı. Daimi gəliri olmayan və beytül-mal dəfətərindən adı silinən adam aclıqdan ölməyə məhkum idi. Deyirlər ki, Imam Zeynül-abidin (ə) şairin vəziyyətindən xəbər tutanda onu yanına çağırır və qırx illik dolanışıq xərcini ona verib buyurur: “Əgər bundan artığına ehtiyaclı olduğunu bilsəydim, daha çox pul verərdim”.
Fərəzdəq həmin söhbətdən sonra daha qırx il də yaşayır və təqribən hicri 110-cu (miladi 728-ci) ildə, 90 və ya 100 yaşında vəfat edir. Onun Əməvi hökuməti tərəfindən Bəsrə şəhərinə sürgün edildiyini və burada dünyasını dəyişdiyini yazırlar. Başqa bir məlumata görə, Fərəzdəq əslən indiki Küveyt ərazisindəki Kazimə məntəqəsindən olduğu üçün ömrünün sonunda bura gəlir və vətənində vəfat edir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar