beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz Hecne Bilmirik.Hami Oxusun.

PEYĞƏMBƏR BUNLARI QADAĞAN EDİB


İmam Cəfər Sadiq (ə) atası İmam Mühəmməd Baqirdən (ə), O atası İmam Zeynül-abidindən (ə), O atası İmam Hüseyndən (ə), O atası Əli ibn Əbu Talibdən (ə) rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) aşağıdakı əməlləri qadağan etmişdi:

- cənabətli halda yeməyi (çünki bu, kasıblığa səbəb olar).
- dırnaqları çeynəməyi, hamamda dişləri misvakla təmizləməyi, məscidin içində tüpürməyi, siçanın ağzı dəymiş qidaları yeməyi.
- yolüstü əbəs yerə məscidə baş çəkməyi (amma orada iki rükət namaz qılarsa, qadağan qüvvəsini itirər).
- sol əllə yeməyi və hara isə söykənmiş halda yeməyi.
- qəbristanlıqda namaz qılmağı.
- açıq havada ayıb yerlərini örtmədən qüsl almağı.
- qabın dəstəyi tərəfdən su içməyi; çünki qabın dəstək olan tərəfi adətən kirli olur.
- bir taylı ayaqqabı ilə yol getməyi və ayaq üstə durmuş halda ayaqqabı geyinməyi.
- üzü qibləyə sarı oturmuş halda ayaqyoluna getməyi.
- başına müsibət gəldiyi zaman ah-nalə etməyi.
- ölü üçün ağı söyləməyi və ağıya qulaq asmağı.
- dəfn mərasiminə qadınların qatılmasını.
- yalandan yuxu uydurmağı. Belə edən adama qiyamət günündə Allah əmr edər ki, arpa dənəsinə düyün vursun, o isə bunu bacarmaz.
- heyvanın hər hansı bədən üzvünü diri-diri yandırmağı.
- öz müsəlman qardaşının alış-verişinə müdaxilə etməyi (yəni başqasının almaq istədiyi malı ondan qabaq almağı).
- cinsi əlaqə zamanı çox danışmağı; çünki bu, doğulacaq uşağın lal olmasına gətirib-çıxara bilər.
- kirli əllərini yumadan gecə yatmağı. Əgər bu halda gecə ona Şeytandan bir ziyan dəysə, özünü təqsirkar bilsin.
- qadının ərindən icazəsiz evdən çıxmasını. Əgər belə etsə, evə qayıdana kimi səmadakı bütün mələklər, rastına çıxan bütün insanlar və cinlər ona lənət deyərlər.
- qadının öz ərindən başqa bir kişi üçün bəzənməsini. Əgər belə etsə, Allahın həmin qadını (axirətdən qabaq elə bu dünyada) alovda yandırması qəribə olmaz.
- bir qadının öz əri ilə münasibəti barədə gizli məlumatları başqa qadına xəbər verməsini.
- qeybət etməyi və qeybətə qulaq asmağı.
- söz gəzdirməyi və sözgəzdirən adamı dinləməyi. Peyğəmbər buyurub ki, sözbaz adam heç vaxt cənnətə girməz.
- fasiq (tövbə etmədən ardıcıl günaha bulaşan) adamı yemək süfrəsinə dəvət etməyi.
- yalandan and içməyi; çünki yalan andla evlər yıxılar. Hər kim yalandan and içib, bunun nəticəsində öz müsəlman qardaşının malını mənimsəsə və tövbə etməsə, qiyamət günündə Allah ona qəzəblənər.
- məstedici içki içilən süfrənin arxasında oturmağı.
- fitəsiz halda hamama getməyi (yuyunmağı).
- insanları Allahın yolundan başqa yollara təhrik edən sözlər danışmağı.
- qızıl və gümüş qabda xörək yeməyi.
- kişilərin ipək parçadan paltar geyinmələrini; qadınlar üçün isə bunun maneçiliyi yoxdur.
- yetişməmiş meyvəni satmağı.
- ticarət zamanı yaş xurmanı quru xurma ilə, kişmişi üzümlə qarışdırmağı.
- şərab satmağı və başqası üçün şərab süzməyi. Peyğəmbər buyurub ki, Allah lənət eləsin şəraba, onu (yəni şərablıq üzümü) əkənə, sıxıb şirəsini çıxarana, içənə, başqasına içmək üçün verənə, satana, alana, onun pulunu xərcləyənə, şərabı daşıyana və daşıtdırana. Hər kim şərab içsə, 40 gün namazı qəbul olmaz. Öləndə mədəsində bir zərrə şərab varsa, Allah ona axirətdə cəhənnəm əhlinin kəsafət və nəcasətini içirdər.
- sələmçiliyi, yalandan şahidlik etməyi, sələm müqaviləsini yazmağı. Peyğəmbər buyurub ki, sələm verənə də, alana da, bunu yazana da, buna şahidlik edənə də Allah lənət edər.
- özünə məxsus olmayan bir şeyi satmağı.
- məsciddə silah çəkməyi.
- heyvanların sifətinə vurmağı (qamçı və ya əl ilə).
- yeməyə, içməyə və namaz qılınan yerə üfürməyi (adətən, yemək-içməyə soyutmaq məqsədilə, namazgaha isə tozunu təmizləmək məqsədilə üfürürlər).
- bal arısını öldürməyi.
- heyvanların sifətinə dağ basmağı.
- Allahın adından başqa bir şeyə and içməyi. Çünki bu and şəriətdə etibarlı sayılmır.
- başqası ilə danışarkən bu cür and içməyi: «Sənin canın üçün və ya filankəsin canına and olsun».
- cənabətli halda məsciddə oturmağı.
- çərşənbə və cümə günlərində bədəndən qan aldırmağı.
- cümə günü imam-cümə xütbə söyləyərkən onu dinləyənlərin danışmasını. Hər kim bu zaman danışsa, boşboğazlıq etmiş kimidir; boşboğaz adam isə cümə gününün feyzindən məhrum qalar.
- üzüyün qaşına canlıların təsvirini həkk etdirməyi.
- bulaq suyunu heyvanlar kimi (ağzı suya salmaqla) içməyi. Peyğəmbər suyu ovucla götürüb içməyi tövsiyə edirdi.
- içməli su quyusuna tüpürməyi.
- muzdla işləyən adamla qiyməti razılaşdırmadan onu işlətməyi.
- küsülü qalmağı. Əgər insan öz din qardaşından küsdüsə, üç gündən artıq küsülü qalmamalıdır. Üç gündən sonra barışmasa, cəhənnəm atəşinə layiq olar.
- qızılı miqdarından artıq qızıla satmağı (çünki bu, sələmçilikdir).
- başqalarına yaltaqlanıb onları tərifləməyi. Peyğəmbər buyurub ki, yaltaqların üzünə torpaq tökün.
- qonşunun evinə özbaşına baş çəkməyi (göz qoymağı).
- təkəbbürlə yol getməyi. Peyğəmbər buyurub ki, hər kim əyin-başı ilə lovğalanıb təkəbbürlə yerisə, Allah onu cəhənnəmə salar və orada o, Qarunla yanaşı qalar. Qarun təkəbbür edən ilk şəxs oldu, Allahın əmri ilə həm özünü, həm də ev-eşiyini torpaq uddu. Kim qürrələnsə, Allahın qüdrət və əzəməti ilə bəhsə girmiş kimidir.
- şəhadəti gizlətməyi (yəni vacib bir məsələ barədə şahidlik etmək lazım gələndə bundan imtina etməyi).

- qonşusu nəyi isə müvəqqəti ona verməsini xahiş edəndə bundan imtina etməyi. Peyğəmbər buyurub ki, hər kim qonşusunun müvəqqəti istifadə üçün istədiyi bir əşyanı ondan əsirgəsə, Allah qiyamət günündə həmin adamdan öz xeyir-bərəkətini əsirgəyər və onu özbaşına buraxar. O adamın əhvalı nə pis olar!
- qeybət etməyi. Peyğəmbər buyurub ki, hər kim bir müsəlmanın qeybətini etsə, sanki orucu batil olar, dəstəmazı pozular. Qiyamət günündə onun ağzından elə bir üfunət iyi gələr ki, məhşərdəkilər bu qoxudan əziyyət çəkərlər. Əgər tövbə etməzdən qabaq ölsə, Allahın haramını halal edən şəxs halında ölər.
- əmanətə xəyanət etməyi. Peyğəmbər buyurub ki, hər kim əmanətə xəyanət etsə, onu öz sahibinə qaytarmasa və bu vəziyyətdə ölsə, mənim ümmətimdən sayılmaz və qiyamətdə Allah ona çox qəzəblənər.

- camaatın razılığı olmadan onlara namazda imamlıq etməyi. Hər kim camaatın razılığı ilə onlara imam-camaatlıq etsə, namaz vaxtı mötədilliyi qorusa (yəni camaata ibadətin çətinliyi ilə əziyyət verməsə), qiyamı, qiraəti, rükunu və səcdələri gözəl şəkildə yerinə yetirsə, ona bütün o adamların savabının cəmi qədər savab verilər; özü də bu zaman o adamların savabı azalmaz.

(Şeyx Rəziyyəddin Təbərsinin «Məkarimül-əxlaq» kitabındakı böyük bir hədisdən ixtisar edilib).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 223 Bölmə: Maraqlı melumatlar