beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜAVİYƏNİN MƏHƏMMƏD İBN ƏBİ BƏKRƏ CAVABI

"Müaviyə ibn Səxrədən Məhəmməd ibn Əbi Bəkrə! Allahın əmrinə təslim olanlara salam olsun! Sənin məktubun mənə çatdı, Allahı böyük ləyaqət, qüdrət və qüvvətlə yad etmişdin. Onun Peyğəmbərinin xüsusiyyətlərini düzüb qoşduğun çoxlu sözlərlə, eləcə də öz atana olan əsassız nəzərini bəyan etmişdin.
Bu məktubda Əbu Talibin oğlunun üstünlüyünü, onun Allahın Peyğəmbəri ilə qohumluğunu, ona kömək etməsini, vəfalı olmasını, qorxu və vəhşətli halətlərdə onunla birgə olduğunu açıqlamışdın. Eləcə də mənə öz fəzilətlərini deyil, yalnız onun fəzilətlərini sübut etmişdin. Allaha həmd və şükür edirəm ki, bu fəzilətləri sənə deyil, başqasına əta etmişdir.
Mən və sənin atan Peyğəmbərin həyatında Əbu Talibin oğlunun haqqını özümüzə lazım bilir və onun bizə olan üstünlüyünü açıq-aşkar bilirdik. Peyğəmbər Allahın vədəsini yerinə yetirib, dinini qalib və dəlillərini möhkəm etdikdən sonra, Allah-taala onun canını alıb, Öz yanına apardı. Sənin atan və onun dostu Ömər onun haqqını mənimsəyən, onunla müxalifət edən və bu işdə bir-birləri ilə əlbir olan ilk şəxslər idilər. Sonra bu iki nəfər onu özlərinə beyət etməyə dəvət etdilər. O bu işdən imtina etdikdə, onu ağır müsibətlərə düçar etmək üçün planlar çəkdilər. Nəhayət onlarla beyət etdi. Sonra onların üçüncüsü, yəni Osman xilafət kürsüsündə əyləşib onların yolunu və üslubunu davam etdi. Sən və sənin dostların ona irad tutdunuz, hətta ən günahkar şəxslər ona qarşı çıxıb, onun əleyhinə fitnələr yaratdılar. Axırda öz arzularına nail olub onu öldürdülər.
Ey Əbu Bəkrin oğlu! Sənə xəbərdarlıq edir və tutduğun işə görə, tezliklə əzab-əziyyətlərə düçar olduğunu bildirirəm. Bil və agah ol ki, səbri, dözümü dağlarla bərabər olan, kimsənin onu zorakılıqla məğlub etməyə qadir olmadığı şəxsin yolu ilə gedə bilməzsən. Daha artıq səbrə malik olan şəxslər də onun kimi ola bilməzlər.
Lakin sənin atan zəminə yaradıb öz padşahlığının əsasını qurdu və onu yüksəkliklərə ucaltdı.
Əgər bizim gördüyümüz işlər düzgün olarsa, bunun qabaqcılı sənin atan olmuşdur, yox əgər əyri yol olub zülm sayılırsa, yenə də onun əsasını quran sənin atandır və biz də onunla şərikik. Əgər sənin atan bu işləri görməsəydi, biz Əli ibn Əbi Taliblə müxalifət etməzdik və onun əmrinə təslim olardıq. Lakin sənin atanının belə işlər etdiyini gördükdə, biz də onun kimi hərəkət edib yolunu davam etdirdik. Əgər irad tutmaq istəyirsənsə, ya öz atana irad tut, ya da bu işdən əl çək. Azğınlığından üz döndərib tutduğu işlərdən tövbə edən və peşman olan şəxslərə salam olsun!”[Çünki Əbu Bəkr və Ömər İmam Əli (ə)-ın yaşadığı dövrdə dünyadan getdilər.]
Biz bu cavabdan Müaviyənin Əli ibn Əbi Talib (ə)-ın fəzilət və üstünlüyünü inkar etməməsini başa düşürük. Buna baxmayaraq o, Əbu Bəkr və Ömərin yolunu gedib Əli (ə)-la müxalifətə cürət etdi. Əgər bu iki nəfər olmasaydılar, Müaviyə heç vaxt Əli (ə)-ı təhqir etməzdi və nəticədə heç kəs o Həzrətdən qabağa keçə bilməzdi.
Həmçinin, Müaviyə Bəni Üməyyənin hakimiyyəti ələ alıb xalqa hakim kəsilməsində və onların hakimiyyətinin əsasını qoymaqda onun atasının zəmin yaratmasına etiraf edir.
Bu məktubdan Müaviyənin Həzrət Peyğəmbər (s)-ə tabe olmayıb o Həzrəti özünə örnək qərar verməməsini başa düşürük. Belə ki, o deyir: Osman Əbu Bəkr və Ömərə itaət edib, onların tutduğu yolu davam etdirdi.
Buradan açıq-aydın başa düşürük ki, onların hamısı Peyğəmbər (s)-in sünnəsindən üz çevirib İslamda bidət qoymuş və bir-birlərinə itaət etmişlər. Müaviyə özünün haqdan sapmasını və batil işlər görməsini inkar etmir. O və atası Peyğəmbərin dili ilə lənətlənmişlər.
Bu barədə əlavə məlumat vermək üçün Müaviyənin oğlu Yezidin Abdullah ibn Ömərə yazdığı cavabını gətiririk:
Bilazəri öz tarix kitabında belə qeyd edir: Hüseyn ibn Əli (ə) öldürüldüyü zaman Abdullah ibn Ömər Müaviyənin oğlu Yezidə belə bir məktub yazdı:
"İslamda ağır və böyük bir hadisə və müsibət baş vermişdir. Heç bir gün Hüseynin öldürüldüyü gün kimi ola bilməz.”
Yezid onun cavabında yazdı: "Ey nadan! Biz yeni evlərə, geniş xalçalara və üst-üstə yığılmış balışlara nail olmuş və onları qoruyub saxlamaq üçün vuruşmuşuq. Əgər haqq bizimlədirsə, deməli haqq uğrunda müharibə etmişik, yox əgər haqq bizimlə deyilsə, onda bunun bünövrəsini qurub əsasını qoyan, haqqı haqq əhlindən alan ilk şəxs sənin atan olmuşdur.”
Müaviyənin də Əbu Bəkrin oğlu Məhəmmədə yazdığı cavab, Yezidin İbni Ömərə yazdığı hamin cavabdır. Bu cavabda həmin məntiq və dəlili görmək olar.
Bu, açıq-aydın bir məsələdir, ağlı olan hər bir şəxs onu gözəl şəkildə başa düşür və Müaviyənin və oğlu Yezidin şəhadət vermələrinə qəti ehtiyac duymur.
Əgər Əbu Bəkr və Ömər Əli (ə)-ın qarşısında durub zorakılıq etməsəydilər, İslam ümməti arasında bu kimi hadisələr baş verməzdi. Əlbəttə, Həzrət Əli (ə) Peyğəmbəri-Əkrəmdən sonra xilafəti ələ alıb müsəlmanlara hökmranlıq etsəydi, onun xilafəti hicrətin 40-cı ilinə qədər, yəni Peyğəmbər (s)-dən otuz il sonra da davam edər,[1"Əraf” surəsi, 96-cı ayə] bu müddət ərzində İslamın əsası möhkəmlənər, Allahın Kitabını və Peyğəmbərin sünnəsini heç bir təhrif və təvilə yol vermədən icra edərdi.
Ondan sonra da o Həzrətin məsum və günahsız övladları, behişt cavanlarının iki sərvəri – imam Həsən və imam Hüseyndən başqa bir şəxs xalqa rəhbərlik etməz və hidayət imamlarının xilafət və rəhbərliyi üç əsr davam edərdi. Bununla da kafirlərdən, münafiqlərdən və dinsizlərdən heç bir əsər-əlamət qalmazdı, insan öz həqiqətini dərk edib bütün işlərini Allaha tapşırardı.
Əhli-sünnət bu fərziyyəyə həmişə iki irad tutmuşlar:
1. Baş verən bütün hadisələr Allahın iradə və istəyi ilə olmuşdur. Allah müsəlmanların rəhbərliyini Əli və onun övladlarının ixtiyarında olmasını iradə edə bilərdi, lakin bunu istəmədi.
2. Deyirlər: Əgər Əli Peyğəmbərdən sonra dərhal iş başına gəlsəydi və ondan sonra bu iş Həsən və Hüseynə həvalə edilsəydi, xilafət irsi olar və həmişə atadan oğula tapşırılardı. Bu da xalqın şura təşkil etməsinə göstəriş verən İslam dini ilə uyğun gəlməzdi!
Bu iki irada cavab verib onu aradan qaldırmaq üçün deyirik:
1. Hər bir hadisənin Allahın iradə və istəyi ilə baş verməsinə heç bir dəlil və sübutumuz yoxdur, Quran və sünnə bunun əksini sabit etmişdir. Məsələn: Allah-taala Qurani-Kərimdə buyurur:

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاء وَالأَرْضِ وَلَـكِن كَذَّبُواْ فَأَخَذْنَاهُم بِمَا كَانُواْ يَكْسِبُونَ


"Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onlara göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar Bizim sözlərimizi yalan hesab etdilər, Biz də onları gördükləri günahlara görə məhv etdik.”["Maidə” surəsi, 66-ci ayə.]
Həmçinin buyurur:

وَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ وَكَثِيرٌ مِّنْهُمْ سَاء مَا يَعْمَلُونَ


"Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil olana əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan yeyərdilər. Onların arasında mötədil bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!”["Nisa” surəsi, 147-ci ayə.]
Başqa bir ayədə belə buyurur:

مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا


"Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allahın sizə əzab verməklə nə işi vardır? Allah şükrə qiymət verən və hər şeyi biləndir.”["Rəd” surəsi, 11-ci ayə.]
Yenə də buyurur:

إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ


"Hər hansı bir tayfa öz tövrünü dəyişməsə (pozmasa), Allah da onun tövrünü dəyişməz.”["Ənbiya” surəsi, 73-cü ayə.]
Bu ayələrin hamısı ümmətin, insan və cəmiyyətin inhirafa yuvarlanıb haqdan uzaqlaşmasının Allah tərəfindən olmayıb onların özlərindən olmasına dair açıq-aydın bir şahiddir.
Peyğəmbər sünnəsinə gəldikdə isə, şahid kimi bu rəvayəti misal göstərmək olar:
Peyğəmbəri-Əkrəm buyurmuşdur: "Mən sizin aranızda Allahın Kitabı və öz itrətim olan Əhli-beytimi əmanət olaraq qoyub gedirəm. Əgər bu iki əmanətdən yapışsanız, məndən sonra heç vaxt zəlalətə düşməzsiniz.”
Həmçinin buyurmuşdur: "Gəlin sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt azğınlığa düşməzsiniz.”
Yenə də buyurmuşdur: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəklər ki, bir firqədən başqa, hamısı cəhənnəm əhlidirlər.”
Bu hədislər göstərir ki, insanlar Allah-taalanın onlar üçün təyin etdiyi taleyi qəbul etmədiklərindən haqq yoldan sapmışlar.
2. İslamda xilafət məsələsi irsi olsa da, onun mənası bu deyil ki, əvvəlki xəlifə ölümündən əvvəl oğlunu, fasiq olsalar da belə, zorla öz canişini təyin edib vəli-əhd qərar versin. Əksinə irsi olan bu xilafət hər bir şeyə agah olan Allah tərəfindəndir və onun mənası layiqli və yüksək məqama malik olan insanların təyin edilməsidir ki, Allah onları insanlar arasından seçmiş, xalqa rəhbərlik etmək üçün onlara kitab və hikməti öyrətmişdir. Qurani-Kərimdə buyurulur:

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ وَكَانُوا لَنَا عَابِدِينَ

"Biz onları əmrimizlə (insanları) hidayət edən rəhbərlər qərar verdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edəndirlər.”["Nəml” surəsi, 16-cı ayə.]
"İslam xilafətin irsi olmasını qəbul etmir və müsəlmanların rəhbərlik məsələsini şuraya həvalə etmişdir” – deyənlər yanılmışlar; çünki onu nə həqiqət, nə də tarix qəbul edir və belə fikirləşənlər bu məsələdə səhvə düçar olmuşlar. Əli (ə)-dan sonra, yalnız zülmkarlar xilafət kürsüsündə əyləşmiş və xalqın istəklərinin əksinə olaraq özlərindən sonra rəhbərliyi fasiq övladlarına tapşırmışlar.
Görəsən bunların hansı biri yaxşıdır? Xalqa rəhbərlik etməyi bir irs kimi fasiq və şəhvətpərəstlərin öhdəsinə qoymaq, yaxud onu elm və təqvanı irs aparan pak, məsum və Allah tərəfindən seçilmiş imamlara tapşırmaq ki, nəsildən-nəslə ötürərək xalqa hakim olsunlar və onları doğru yola yönəldərək behiştə aparsınlar? Allah-taala buyurur: "Süleyman Davuddan irs apardı.”["Fatir” surəsi, 19-22-ci ayələr.]
Mən elə güman edirəm ki, ağıllı bir müsəlman yalnız ikinci ideyanı qəbul edər!
Keçmişdə baş verən hadisələr haqqında həsrət çəkməyimizin heç bir faydası olmadığı və həqiqətdən söhbət etdiyimiz üçün əsl mövzuya qayıdıb deyirik: Əbu Bəkr və Ömər Həzrət Əli (ə)-ı xilafətdən uzaqlaşdırıb onu ələ keçirtdilər. Əli, Fatimə və Əhli-beyt (əleyhimus-salam)-ı təhqir və xar etdilər. Belə bir halda Müaviyə, Yezid, Əbdül-Məlik ibn Mərvan və onlar kimi fikirləşən şəxslər üçün yol açıldı və xalqı inhirafa çəkdilər. Əgər bu iki nəfər olmasaydı, Müaviyə üçün heç bir zəmin yaranmaz və qüdrətə çatıb Şama hökmranlıq edə bilməzdi. Əgər onlar Müaviyəni işdən çıxartsaydılar, müsəlmanlar arasında olan birlik, ülfət aradan qalxmaz və camaat ona tabe olmazdılar. O da xilafəti öz oğluna tapşırmazdı. Oğlunun dediyi kimi, "yeni tikilmiş evlərə, böyük xalçalara və üst-üstə yığılmış balışlara nail oldu, onu qoruyub saxlamaq üçün vuruşdu, Peyğəmbərin əzizlərini öldürdü və bu barədə heç də vəhşət etmədi.” O, Əhli-beytlə düşmənçilik etməyi ata və anasından öyrənmiş, Əli (ə)-a nalayiq sözlər deməklə, lənət göndərməklə böyüyüb başa çatmışdı. Onun belə yaramaz işlər görməsi elə də təəccüblü deyildir.
Şairlərdən bəzisi bu həqiqəti açıqlayaraq demişlər:
Ləvla hüdudu səvarimə
Əmza məzaribəhəl-xəlifə
Lənəşərtu min əsrari ali
Muhəmməd cumələn zərifə
Və ərəytəkum ənnəl-Hüseynə
Usibə min yəvmis-səqifə
"Əgər xəlifənin itilədiyi qılınclar olmasaydı, Peyğəmbərin Əhli-beyti haqqında dəqiq və incə sirlər açıqlayardım. Sizə göstərərdim ki, Hüseyn (ə) Səqifənin həmin ilk günlərindən çətinliklərə düçar olmuşdur.”
İslam tarixi haqqında təhqiq edən hər bir kəs Bəni Üməyyə dövlətinin birbaşa Əbu Bəkr və Ömərin səyi ilə bərpa olunduğunu açıq-aşkar başa düşə bilər. Bəni Abbas və digər dövlətlər də bundan müstəsna deyildirlər. Məhz bu səbəbdən görürük ki, onlar Əbu Bəkr və Öməri xalqa tanıtdırmaq üçün əllərindən gələni əsirgəmədilər və onlar üçün fəzilətlər və üstünlüklər düzəltdilər. Bununla da bu iki nəfərin xilafətə hamıdan daha artıq layiq olmasını sübut etmək istəyirdilər. Çünki özlərinin xilafətinin qanuni və ədalətli olması, yalnız onların xilafətinin düzgün olmasına bağlı idi.
Əhli-beytin başına gətirdikləri bəla və müsibətlərin səbəbi də öz xilafətlərinin qanuni olmasını göstərmək idi, əks təqdirdə qüdrət və şəxsiyyətləri təhlükəyə düşə bilərdi.
Bu, həqiqət axtaran insanlara bəllidir. Hal-hazırda da bəzi İslam ölkələrində heç bir fəzilət və üstünlükləri olmayan padşahlar zülmlə İslam ümmətinə hökmranlıq edirlər. Məsələn, Səudi padşahlar silsiləsinin və bu ölkənin şahzadələrinin Əhli-beyt və onların ardıcıllarını sevməsi ağıla sığmır. Eləcə də insan ağlı Səudi padşahlarının və şahzadələrinin Müaviyə və Yezid ilə düşmənçiliklərini qəbul etmir. Çünki onlar irsi olan padşahlığın qanun halına düşməsini yalnız Müaviyə və Yeziddən öyrənmişlər. Bəni Üməyyə, Bəni Abbas xəlifələri, eləcə də müasir dövrdə yaşayan padşahlar özlərinin haqq və qanunla uyğun olmalarını Müaviyə və Yeziddən götürmüşlər. Üç xəlifəyə müqəddəs gözlə baxmaq, onlara üstünlük verib adil olmalarına etiqad bəsləmək, eləcə də onları müdafiə edib heç bir tənqidə yol verməmək məhz buradan qaynaqlanır. Çünki "Səqifə” günündən dünyanın sonuna kimi olan keçmiş və indiki hökumətlərin hamısının əsasını onlar qoymuşlar.
Həmçinin buradan onların "əhli-sünnə” adını özlərinə, "rəvafiz”, ya "zənadiqə” adını isə başqalarına qoyduqlarının səbəbini başa düşmək olar. Çünki Əli, onun xanədanı və tərəfdarları onların xilafətini qəbul və onlarla beyət etmədilər. Həmişə onlarla mübahisədə olmuş və onları məhkum etmişlər. Bunun müqabilində də onlar Əli tərəfdarlarını təhqir edir, öz yurdlarından çıxarıb avara qoyur, lənətləyir və onlara nalayiq sözlər deməklə məşğul olurdular.
Baxın görün bundan da artıq töhmət olarmı ki, hər kəs Əli (ə)-ı sevib ona tabe olsa, bidət və fitnə-fəsad əhli sayılsın? Lakin hər kəs Müaviyəni sevib ona itaət etsə, Peyğəmbər sünnəsinə əməl edənlər kimi qələmə verilsin?
Allaha həmd və şükür edirik ki, haqqı batildən, nuru zülmətdən, ağı qaradan ayırd etmək üçün bizə əql və düşüncə əta etmişdir. Belə ki, buyurur:

وَمَا يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ وَمَا يَسْتَوِي الْأَحْيَاء وَلَا الْأَمْوَاتُ إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَاء وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ

"Kor ilə görən, zülmətlə nur, kölgə ilə işıq və dirilərlə ölülər eyni deyildir. Şübhəsiz ki, Allah dilədiyi hər kəsə eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən”[
"Əssəhabə fi nəzəriş-şiətil-imamiyyə”, səh. 8.]
Ardı var...


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 333 Bölmə: Maraqlı melumatlar