beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAMDA YATMAQ VƏ YUXUNUN QAYDALARI BARƏDƏ

Bu vaxtlarda yatmaq məsləhət deyil
Imam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi barədə rəvayətlər var.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Fəcr (sübh azanı) və Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər. Zöhrdən əvvəl yatmaq nemətdir. Əsr vaxtından sonra yatmaq ağlı kütləşdirər. Məğriblə işa arasında yatmaq isə adamı ruzidən məhrum edər” (Biharül-ənvar, LXXVI, 185).
Dini mənbələrdə yazılıb ki, hətta Həzrət Musa Peyğəmbərin (s) zamanında Misirdən Fələstinə qayıdan Bəni-Israil qövmü səhrada ikən Allah fəcrlə Günəşin doğuşu arasında onlara səmadan yemək endirirdi (Quranda buna “mənn” deyilir). Şirin toz şəklində olan bu yemək yalnız günün həmin vaxtında səmadan yerə tökülür və qısa müddət ərzində yoxa çıxırdı. Tənbəllik edən, yatıb yuxuya qalan adam o günün yeməyindən məhrum olurdu.

Necə yatmaq məsləhətdir

Müqəddəslərimizin tövsiyəşinə görə, cənabətli halda qüsl almadan yatmaq məkruhdur (bəyənilməzdir). Amma buna imkanı olmayan adam qüsl əvəzinə dəstəmaz alıb yata bilər, etrəsi gün namaz qılmaq üçün isə qüsl almalıdır. Dəstəmaz almağa da imkanı olmayan adam heç olmasa, təyəmmüm etsin. Ümumiyyətlə, cənabətli olmayan adam da yatmazdan əvvəl müstəhəb qüsl ya dəstəmaz alsa yaxşı olar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim təharətli halda (yəni qüsl, dəstəmaz və ya təyəmmüm etmiş halda) yatsa, yatağı onun üçün məscid kimi olar (yəni yuxusu ibadət kimi sayılar). Peyğəmbər buyurub ki, hər kim dəstəmaz alıb yatsa və yuxuda ikən dünyasını dəyişsə, Allah ona şəhid qədər savab verər.

Bu barədə tövsiyələrin səbəbi çox güman ki, yuxu və ruhla bağlı olan təsəvvürlərdir. Çünki Islam maarifində yuxu ölümün qardaşı və kiçik ölüm sayılır. Yuxu halında da ruh bədəndən çıxır və müvəqqəti olaraq Allahın dərgahına daxil olur. Amma yuxu ilə ölümün fərqi budur ki, yatmış adamın heyvani ruhu (canı) bədəndə qalır və həyatı təmin edir. Yatan adamın əcəli hələ çatmayıbsa, ruh yenidən bədənə qaytarılır və o, yuxudan ayılır. Yatmazdan qabaq təharətli (pak) olmaq ona görə tövsiyə edilib ki, insanın ruhu Allahın dərgahına pak halda daxil olsun.

Şamlı (Suriyalı) bir nəfər Imam Əlidən (ə) yatmağın növləri barədə soruşanda Imam cavab verdi: “Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. Iblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar” (Biharül-ənvar, LXXVI, 186-187).
Qeyd edək ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi göstərilir.

Şam yeməyindən dərhal sonra dolu mədə ilə yatmaq ziyandır. Hədislərdə deyilir ki, şam yeməyində yediklərinizi namaz qılmaqla həzmə verin. Imam Əli ibn Əbu Talib (ə) öz oğlu Imam Həsənə (ə) məsləhət görürdü ki, dörd tövsiyəyə əməl etsə xəstələnməz və həkimə müraciət etməyə ehtiyacı olmaz. Həmin dörd tövsiyə budur: acımayınca süfrə arxasında oturma; süfrədən tam doymamış halda qalx; yeməyi ağzında yaxşı çeynə; yatmazdan əvvəl ayaqyoluna getməyə çalış.
Peyğəmbər müsəlmanları əlləri kirli halda, xüsusilə, əlləri yağa və piyə bulaşmış halda yatmaqdan çəkindirirdi.
Yatan zaman abır-həyanı gözləmək də müsəlman üçün çox vacibdir. Buna görə hamının görə biləcəyi açıq yerlərdə yatmaq bəyənilmir. Məsələn, isti havalarda sərin olsun deyə evin damında yatmaq Islamda bəzi şərtlər daxilində icazəlidir; gərək heç olmazsa iki dirsək hündürlüyündə divarın arxasında yatasan ki, kənar evlərin damından ya pəncərəsindən səni görən olmasın.

Qeylulə yuxusu

Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır. Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi. Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar qeylulə yuxusuna riayət etsin.

YATMAZDAN ƏVVƏL OXUNAN DUALAR

Kim yatmazdan əvvəl Ixlas (Qül hüvəllah) surəsini oxusa, Allah min mələyi təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl Kafirun, Fələq və Nas surələrini oxumaq, çoxlu istiğfar etmək, kəlmeyi-şəhadəti söyləmək, xüsusilə, “la ilahə illəllah” cümləsini çoxlu təkrar etmək savabdır. Qəbr əzabından qorxan adam Təkasür surəsini oxusun. Yatmazdan əvvəl ayətül-kürsi oxumaq iflic xəstəliyindən, Ya-Sin surəsini qiraət etmək şeytanın şərindən və bəladan insanı qoruyar. Əhqaf və Casiyə surələrini yazıb yastığın altına qoymaq insanı pis qüvvələrdən qoruyar. Oğurluqdan amanda qalmaq istəyən adam yatmazdan əvvəl Isra surəsinin son iki ayəsini oxusun.

Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı Imam Əliyə (ə) tövsiyə etmişdi: “Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” (Tərcüməsi: “Allah hər nöqsandan uzaqdır, aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli Allaha məxsusdur”). Həzrət Mühəmməd Peyğəmbər (s) yatağına uzananda bu duanı oxuyardı: “Bismikə allahümmə əmutü və əhya” (Allahım, Sənin adınla ölür və dirilirəm). Yatağından qalxanda isə buyurardı: “Əlhəmdü lillahil-ləzi əhyana bə’də ma əmatəna və ileyhin-nüşur”(Bizi öldürəndən sonra dirildən Allaha həmd olsun. Sorğu-sual üçün dirilib Onun hüzuruna gedəcəyik).

Islamda çox bəyənilən əməllərdən biri də hər gün öz nəfsini hesaba çəkmək, yəni bu gün ərzində nə etdiklərin barədə öz-özünə hesabat verməkdir. Xüsusilə, bunu yatmazdan əvvəl etmək daha məsləhətdir. Insan gərək yatağa uzanıb düşünsün ki, bu gün hansı yaxşı və pis əməlləri etmişəm. Yaxşı əməlləri yada salıb Allaha şükr etmək, pis işlərdən də tövbə etmək lazımdır. Imam Cəfər Sadiq (ə) buyururdu ki, yatağa uzananda qarnındakı yeməyi (yəni bu yeməyin halal olub-olmadığını) və qazandığın ruzini fikirləş. Özünü ölmüş kimi təsəvvür et və unutma ki, bir zaman sənin də dirilmək vaxtın çatacaq (yəni haqq dərgahında sorğu-sual ediləcəksən).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 290 Bölmə: Maraqlı melumatlar