beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gunahi Terk Etmenin Yolu

Günahı tərk etmənin yolu ...

Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.” İbrahim bin Ədhəm ona belə cavab verdi:
“Beş xüsusiyyət var ki, onlara əməl edə bilsən günahlar sənə zərər etməz”. Həmin adam: “buyur, ey Əbu İshaq” – dedi.
İbrahim bin Ədhəm dedi:
“Ən birincisi əgər ALLAHa üsyan etmək istəsən onun ruzilərindən yemə.” Adam “Nə yeyim? Dünyada nə varsa onun ruzilərindəndir” – dedi. “Bəs səncə birinin çörəyini yeyib sonra ona ağ olmaq bir kişiyə yaraşarmı?” – deyərək ibn Ədhəm cavab verdi. “Yox, ikincisini de”
“İkincisi, əgər ALLAHa üsyan etmək istəsən onun mülkündə yaşama”. Adam cavab verdi: “Bu daha çətindir. Onun mülkü olmayan yermi var?!” “Bəs səncə birinin çörəyini yeyib, mülkündə yaşayıb özünə də üsyan etmək insana yaraşarmı.” – dedi İbrahim bin Ədhəm. Adam “yox – dedi – digərlərini də de”.
“Üçüncüsü, onun ruzisini yesən də, diyarında gəzsən də (yaşasanda) əgər ALLAHa günah etmək istəsən elə bir yerdə et ki, səni ALLAH görməsin.” “Ya İbrahim, bu nə deməkdir. O gizlini də, aşikarı da görəndir.” İbrahim bin Ədhəm dedi: “Bəs onda bu insafdandırmı ki, Onun ruzisini yeyəsən, diyarında gəzəsən, və gözü qarşısında, O görə-görə ona üsyan edəsən.” “Sən haqlısan, dördüncüsünü de” – deyə adam bidirdi.
“Dördüncüsü, ölüm səni aparmağa gəldiyi zaman ona de ki, gözlə günahlarıma tövbə edim, ALLAH üçün saleh əməllər işləyim sonra gələrsən.” Adam dedi: “Bunu məndən qəbul etməz” “Əgər ölüm gələndə onu tövbə etməyin üçün saxlaya bilməyəcəksənsə nə üzlə sağ ikən günah işlədirsən” – deyən İbrahim bin Ədhəmə həmin adam - “Düz deyirsən, beşincini söylə.” – deyə cavab verdi.
“Beçincisi, zəbanilər (cəhənnəm mələkləri) səni cəhənnəmə aparanda onlarla getmə” Adam dedi “Onların əlindən kim qurtara bilər ki!?” “Elə isə cəhənnəmdən nicat tapmağa gücün yoxdursa nə üçün günah edirsən” Kişi dedi: “ Ya İbrahim, bəsdir. Mən ALLAHa tövbə edirəm, ondan bağışlanma diləyirəm” Beləcə o şəxs tövbəsinə sadiq qalaraq ibadətə sarıldı və xeyir əməllər sahibi oldu.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar