Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyni Mahiyyet Dashiyiciligi

İmam Hüseynin (ə) Aşura qiyamının səbəbləri barədə digər bir mübarək çatdırışı da vardır. Buyurur: “Mən hakimiyyət üçün hərəkata başlamamışam. Mənim istəyim – yalnız İlahi həqiqətləri ölməyə qoymamaqdır”.

İmam Hüseynin (ə) bu buyuruşlarından birmənalı olaraq aydın olur ki, dinə olan real təhlükə onun bu İlahi hərəkata başlamasını labüd etmişdi.

Peyğəmbərimizin (s) vəfatından sonra müəyyən bir hadisələr baş verir, ondan sonra davamını tapır, Əmirəlmömininin (ə) şəhadətindən sonra bu fitnələr xüsusilə dərinləşir. Sonra İmam Həsənin (ə) şəhadətinədək gətirib çıxaran fitnələr alovlanır. Amma İmam Hüseynin (ə) vaxtında elə bir vəziyyət yaranır ki, İslamın dn olaraq aradan getməsindən söhbət gedir artıq. Və Aşuranın niyəliyinin və nə üçünlüyünün ən əsas səbəbi də budur. Bunun yanında bir çox başqa nöqtələr də vardır. Amma, əsas səbəb – İmam Hüseynin (ə) verdiyi və İslamı məhvdən qorumaqla səciyyələnən tərifdir. Həzrət Peyğəmbərin (s) pak və xalis dinini yaşatmaq üçün Əba Əbdillah (ə) öz hərəkatına başlayır.

Bununla Peyğəmbərimizin (s) “Hüseyn məndəndir və mən Hüseyndənəm” çatdırışının məğzi bir daha aydın olur. Yəni, onlar eyni mahiyyət daşıyıcısıdırlar. Həzrət Peyğəmbərin (s) missiyası İlahi həqiqətləri çatdırmaqdır, İmam Hüseynin (ə) missiyası bu həqiqətlər uğrunda fədakarlıq etməkdir, canını qurban verməkdir. Lazım gələrsə, Aşura meydanında o müsibətlə rastlaşmaqdır. İslamı sığortalamaq üçün özü ilə, yaxınları ilə, məsləkdaşları ilə Kərbəla salnaməsini yaratmaqdır.

RƏSULALLAHA (s) ƏN ÇOX OXŞAYAN İNSAN

Gedək Aşura səhnəsinə... Aşura səhnəsində insanı həm dəhşətə gətirəcək, həm heyrətə gətirəcək epizodlar olduqca boldur. Bir tərəfdə rəzilliyin, alçaqlığın, eybəcərliyin intəhasızlığı, digər tərəfdə şücaətin, fədakarlığın, rəhmətin, şəfqətin, ixlasın diri abidələri...

Hansı hissəsinə, hansı cəhətinə baxsaq Aşura səhnələrinin, görəcəyik ki, hamısı müsibətdir, hamısında vücudi ağrı var. Amma bu səhnələrin içində xüsusilə vurğulanan səhnələrdən biri – Əli Əkbər ağa ilə bağlı olandır. İmam Hüseynin böyük oğlu, yaşı hələ 25-ə çatmayan bir cavan. Ata tərəfdən Həzrət Əli (ə) kimi, Xanım Fatimə (s.ə.) kimi insanların nəvəsidir. Peyğəmbər (s) övladıdır. Ana tərəfdən də xüsusi bir təbərrüklüyü var. O həzrətin anasının babası Ürvə ibn Məsuddur – çox mömin bir insan, İslam yolunda şəhid olmuş bir fədaidir. Ürvə ibn Məsud haqqında Rəsuli-Əkrəm (s) buyurub: “Mən merac zamanı İsa ibn Məryəmi (İsa peyğəmbəri) müşahidə etdim və Ürvə ibn Məsud ona hamıdan çox oxşayırdı”.

Əli Əkbər ağanın çox maraqlı cəhəti bu idi ki, Rəsuli-Əkrəmə (s) hamıdan çox oxşayardı. İnsanlar Peyğəmbəri (s) xatırlamaq, yad etmək istəyəndə gəlib ona baxardılar.

Aşura günüdür... Bir an yetişir ki, artıq İmam Hüseyn (ə) Əli Əkbər ağaya meydana getməyə izn verir. İzn verəndən sonra Əba Əbdillah (ə) balasına bir nəzər salır. Babası Peyğəmbərə (s) hamıdan çox oxşayan balasını cəng meydanına göndərən İmam Hüseyn (ə) kövrəlir... Və Allahı ilə razu-niyaz edərək, buyurur: “Allahım! Şahid ol ki, bu qövm ilə döyüşə bir cavan yollandı ki, insanlar arasında xilqət, xasiyyət, danışıq baxımından Rəsulallaha (s) ən çox oxşardır. Hər vaxt ki, Sənin Rəsulunu görmək şövqü bizi bürüyürdü, onun (Əli Əkbər ağanın) üzünə nəzər salardıq”.

İndi belə bir şəxs meydana gedir. Meydanda hadisələr o yerə çatır ki, Yezid lənətliyin tör-töküntüləri hər tərəfdən Əli Əkbər ağanın mübarək vücudunu zərbətləyirlər. Hər tərəfdən qılınclar endirilir. Nəql edirlər, Əli Əkbər ağa atından bərk-bərk tutmuşdu ki, endirilən qılınc zərbələrinin şiddətindən yerə yıxılmasın...

Şəhadət məqamında olan Əli Əkbər ağa atası İmam Hüseynə (ə) səslənir: “Əlvida, atacan! Artıq başımın üstünə cəddim Rəsulallah (s) gəlib və su ilə dolu bir camı mənə içizdirir”.

Əba Əbdillah (ə) özünü yetirir balasın. Üzünü qoyur onun üzünə. Buyurur: “Səndən sonra, əziz oğlum, vay olsun bu dünyaya”...

İmam Cəfər Sadiqdən (ə) nəql olunur ki, Əba Əbdillah (ə) Əli Əkbər ağanın mübarək qanından bir ovuc götürüb göyə atır və bu qanın bir qətrəsi də belə yerə qayıtmır...

QİYAMƏTƏDƏK QALARLI MƏKTƏB

İndi bir məqamdır ki, Həzrət Zeynəb (s.ə.) səhnəyə gəlir. Əli (ə) qızı, Fatimə (s.ə.) qızı Zeynəb. Bir az öncə balaları şəhid olan, amma səsini çıxarmayan Zeynəb (s.ə.) ki, insanlar ruhdan düşməsin. Amma indi Aşura səhnəsi Həzrət Zeynəbin (s.ə.) misilsiz dərdini görür...

Nəql edirlər ki, İmam Hüseyn (ə) bütün şəhidləri xeyməyə özü gətirərdi, amma Həzrət Əbülfəzl-Abbası - “Bəni-Haşımın parlaq ayını” və Peyğəmbəri-Əkrəmə ən çox oxşayan Əli Əkbər ağanı gətirməyə taqəti olmur...

Xeymələr... Aşuranın xeymələri... İnsanın qəlbini ən çox titrədən səhnələr bu xeymələrlə bağlıdır. Aşuranın xeymələri dedikdə, insanın qəlbində ən ali hisslər oyanır. Ən ali, ən izzətgətirici, ən ləyaqətli, insanlıq adına ən ülvi hisslər oyanır insanın qəlbində.

Aşuranın əsr vaxtıdır. Əba Əbdillahın (ə) son anlarıdır. Bu son anlarda İmam Hüseynin mübarək vücudu, qeyrətli vücudu narahatdır. Son anlaradək xeymələrdən narahatdır İmam Hüseyn (ə). Lənətlik düşmən Əba Əbdillahı (ə) halqaya alıb, zərbələr yağdırır. Ümmətin İmamına (ə) qılınclar vurulur. Əba Əbdillahın (ə) bütün vücudu yaralı haldadır. Peyğəmbər Əhli-beytinin qanına susamış düşmən, Rəsuli-Əkrəmin (s) öpdüyü vücudu, əzizlədiyi vücudu qılınclayır...

İmam Hüseynin (ə) Aşurası bizlərə çox ibrətlər öyrədir, çox incə mətləbləri çatdırır. İnsanların qəlbini titrədir, zövqləri hərəkətə gətirir. Hisslərin tərbiyəsinə tənzimləyir. Hər mənada öyrənməli, ibrət götürməli bir məktəbdir. Amma İmam Hüseynin (ə) mübarək məktəbi tarix üçün olan bir məsələ deyil. Yalnızca ildə bir dəfə yığılıb xatırlamaq üçün deyil. Aşuranın ən böyük və ən əsas hədəfi – Qiyamətədək insanların qəlbində izzət hissini, mərdanəlik hissini oyatmaqdır. Qiyamətədək insanlara bir əbədi dərs keçir Aşura ki, heç bir halda, heç bir vəziyyətdə elə hərəkətlərə boyun əyməyin ki, sizin izzətinizə, şəxsiyyətinizə, ləyaqətinizə xələl gətirər.

Aşura məktəbi bizə haqqla batil arasında seçim etməni öyrədir. İmam Hüseynin (ə) və qəhrəman məsləkdaşlarının qoyduğu məktəb, bizə hər vəziyyətdə haqqın yanında olmağın zəruruliyindən dərs keçir. Laqeydlərdən olmamaq, biveclərdən olmamağın yolunu öyrədir. İmam Hüseynin (ə) mesajı odur ki, fəal şeytanlar öz işindədir, sizlər lal şeytanlardan olmayın. Aşuranın ən böyük çatdırışı – lal şeytan olmağın qarşını almağa yönəlikdir. Aşuanın ən böyük faciəsi – lal şeytanlar çoxluğunun süstlüyü və biganəliyi nəticəsində fəal şeytanların öz cinayətlərini həyata keçirə bilməsindədir.

Allahım! Bizləri İmam Hüseynin (ə) yolunu gedənlərdən qərar ver! Bizləri Aşura məktəbindən dərs alanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 248 Bölmə: Maraqlı melumatlar
loading...