beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tövbə Yalnız Dildə Olmur

TÖVBƏ YALNIZ DİLDƏ OLMUR

Tövbə tək tələffüz deyil. Yalnızca dilin və səs tellərinin iştirakıyla müəyyən ləfzin meydana gəlməsi deyil. Başqa sözlə, təkcə zahiri təzahürlərlə kifayətlənmir tövbə. Allah o gündən saxlasın insanı ki, dinin, inancın təqdim etdikləri tövsiyələri zahirdə göstərməklə kifayətlənsin, əməlində təzahür etməsin. Allah eləməsin ki, İslam insan üçün bir terminoloji dil olaraq kifayətləndirilsin. Yalnız sözdə, danışıqda müəyyən istilahlarla təzahür etsin insanın inancı.

Şübhəsizdir ki, insanda yalnız məlumatların olması kifayət etmir. İnsan bilgiləri əmələn yaşatmalıdır. Bilgilər, məlumatlar insanın əməllərində təzahür tapdıqda bunların mənası var.

Tövbə də elədir. Dillə iqrar etməklə iş bitmir. İnsanın ruhiyyəsində iz buraxmalıdır onun tövbəsi. Bir yeni təravətlilik, bir yeni nəfəs gəlməlidir insanın durumuna. Və ən əsası, bu məsələnin təntənəsi gərək itməsin, insan üçün adiləşməsin bu mövzular. Məlumat və bilgilər çoxala bilər insanda. Amma əsaslı bir dəyişiklik olmasa onda, boş yaşamış olur.

Xoş olsun o xəstənin halına ki, öz xəstəliyini bilir, iqrar edir, dərk edir və müalicə olunmaq istəyir. Bu baxımdan, şaban ayı bəlkə də xəstəliyini anlayan kəslərin müalicə olunduğu aydır.

Bir haşiyə də çıxmaq zəruridir ki, toplumda tövbənin yanlış interpritasiyası vardır. İnsanlar çox vaxt düşünürlər ki, «nə etmişəm ki, tövbə də edim? Adam öldürməmişəm, oğurluq etməmişəm, heç kimə pislik etməmişəm. Qoy onlar tövbə etsin».

Belə düşüncə tərzi, günahın və tövbənin mahiyyətini bilməməkdən irəli gəlir. İnsanın ibadi durumunda əskliklərin olması, naşükürlük, qeybət, yalan, söyüş, sui-zənn kimi günahlar, yaxud baxışla, dillə, fikirlə günahlara yol verilməsi kimi mənfiliklər çoxları üçün adi görünə bilsə də, əslində yaranmışların əşrəfi olan insanın özünə zülm etməsi deməkdir. Bu əyinti və mənfiliklərin qəlbə vurduğu yaraları sağaltmağın yolu da məhz tövbədən keçir.


Tarix: 07.06.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar