Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim bir yetimə həyan olsa

Bismillahir-Rahmənir-Rahim!



Atılmış uşaq gördükdə qəlbində Allah sevgisi, Allah qorxusu olan hər bir insanın qəlbi sızlayır.

Uşaq - bir ailənin güzgüsüdür, bir ailənin möhkəmliyidir. Hər bir ata-ananın borcudur ki, övladına gözəl ad qoysun, qayğı göstərsin, onu böyütsün ona təhsil vermək.

Uşaqlar bizim üçün Yaradanın əmanətidir. Əmanətə sahib çıxmaq isə bizim hər birimizin borcudur. Əfsuslar olsun ki, bəziləri bunu başa düşmürlər, əmanətə xəyanət edirlər. Öz övladlarını, ciyərparələrini ya uşaq evinə qoyurlar, ya hansısa bir küçənin ortasına, bəziləri isə zibil qutularının yanına.

Bəs görəsən bu uşaqların taleyi necə olur? Əlbəttə, necə olacaq? Qəlbi qırılmış, əziyyətlərə düçar olmuş bu uşaqlar nə fikirləşə bilər?



Əgər ki, mən doğulmuşam

Niyə kimsəsiz olmuşam?

Əgər bəşər övladıyam

Niyə yetimxanadayam?



Düzdür, yetimxana bu uşaqlar üçün sığnacaq yeridir. Ancaq bu uşaqların mənəvi dəstəyə, isti ana qucağına, qayğıkeş ata məhəbbətinə çox ehtiyacı var. Kim olur olsun, ata-ana qədər övlada heç kəs qayğı göstərə bilməz. Ata-ana onu atsa belə uşaq hər zaman ata-anasının yolunu gözləyir. Kaş ki ata-analarmız bunu dərk edə, övladların onlar üçün nə qədər qiymətli olduğunu. İnşaallah dərk edərlər ki, biz onlar üçün cavabdehik. Hansısa bir sığnacaq yerinə arxayın olmayalar.

Bu sığnacaq yerlərinin birində Məleykə adlı bir gülüzlü qız böyüyür. Bu qızın 5 yaşı var. 5 yaşlı qızcığazın o qədər kədərli bir həyatı var ki, bu həyatı vərəqləyəndə insanın qəlbi sızlayır. Bu yaşında uşaq istəyər ki, onun gözəl kuklası, gözəl oyuncaqları olsun. Ancaq bu qızcığaz o qədər sevgiyə möhtacdır ki, o, ancaq tanımadığı, yad bir insandan ona qayğı göstərməyini, əzizləməyini, daha çox yanında qalıb ona sevgi göstərməyini, öz kədərini kiminləsə bölüşmək istəyir.

Məleykə deyir: “Mənim heç kimim yoxdur, atam-anam məni atıb, sən məni anam kimi öp, o əmi də məni atam kimi əzizləsin”.

Görün bu qızcığazın necə qəlbi qırılıb, necə də sevgiyə-qayğıya ehtiyacı var. Bəlkə də bu qayğının çox az bir hissəsini belə müəllimlərindən görmürlər.

Fikirləşəndə ki, belə Məleykələr məmləkətmizdə nə qədər çoxdur, yəqin ki, onda qəlblərmizdə mərhəmət, fədakarlıq hissi oyanar. Bu imtahan dünyamızda nə qədər axirətimiz üçün azuqə yığmışıq? Görəsən heç fikirləşirikmi?

Bir yetimin qəlbini sevindirmək, ona məhəbbət, qayğı göstərmək necə böyük savabdır. İtirilmiş ana məhəbbəti, ata qayğısı çarəsiz, əli hər yerdən üzülmüş, ümidsiz bu körpələrə göstərmək bizim hər birmizin borcudur. Fikirləşəndə ki, bir anlıq onlar acdırlar, geyinməyə paltarları belə yoxdur. Yəqin ki, geyindiyimiz bahalı geyimlərə, tikdiyimiz villalara, kimlərəsə göstərmək üçün sürdüymüz bahalı maşınlara ayırdığımız vaxtın çox az bir hissəsini ayda bir dəfə olsa belə, onların birgünlük yeməyinə, bir aylıq geyiminə və mənəvi dəstəyə ayırmış olsaq, Allah dərgahında bir bəndəlik öhtəliyini haradasa yerinə yetirmiş olarıq.

Onlarla ən azından ayda bir dəfə görüşsək, İslami baxımdan onlarla söhbətləşsək, Allahın necə böyük varlıq olduğunu, hər zaman Allahı yad etməyə onları həvəsləndirsək. Quran oxumağı, Məsumları (ə) sevməyi onlara öyrətsək daha böyük savab işlər görmüş olarıq. Belə etsək, onlar daha sağlam böyüyəcək, onlar üçün mənasız sayılan acınacaqlı olan bu həyat daha sevimli olacaq.

Allahın Rəsulu buyurub: “Kim bir yetimə həyan olsa və onu ehtiyacsız etsə, yetim malı yeyənə cəhənnəm odunu vacib etdiyi kimi, Allah bu işi görənə də cənnəti vacib edər”.

İnşaallah Allah bizləri kimsəsiz uşaqlara, yetimlərə yardım edənlərdən qərar versin. Amin.


Tarix: 07.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqlı melumatlar
loading...