beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAQQ – HESAB

Möminlər insanların dirildikdən sonra əməllərinin qarşılığının veriləcəyinə və əməllərinin hesaba çəkiləcəyinə inanırlar. Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək olanlar yüngül haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəklər. Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənim kitabım verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəklər.

«Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl dəftəri sağ əlinə verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən qopardacaq və Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım!».Bundan belə o xoş güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi, hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd!) günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günhalarımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14).
Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin qarşılığı onlara veriləcəkdir. «O gün əməllərin çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl_Əraf 8-9). «Biz qiyamət günü ədalət tərəzisi quracağıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik». (əl-Ənbiya 47). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim incədən-incəyə (yüngül) hesaba çəkilərsə o əzaba uğramış olacaqdır». Aişə – radıyallahu anhə – dedi: Allah: «Onunla yüngül haqq-hesab çəkiləcək». (əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, əməllərin ərzi haqqındadır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, qiyamət günü iri cüssəli, yekə bədənli birini gətirirlər. Lakin Allah yanında ağcaqanadın qanadı ağırlığında (bir savabı) da olmaz. Bu ayəni oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda duracaqlarını inkar etdilər. Onların bütün əməlləri puça çıxmışdı. Buna görə də biz onlar üçün heç bir daş-tərəzi qurmayacağıq». (əl-Kəhf 105). İbn Məsud – radıyallahu anhu – bir dəfə Ərak ağacından bir misvad qırdıqda ayaqlarının olduqca incə olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəyə gülürsünüz?» «Ey Allahın Rəsulu! Ayaqlarının incəliyinə gülürük!» O, buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan da ağır gələcəklər».
Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də tərəzilərdə çəkiləcəkdir. Əbu Məlik əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təharət imanın yarsıdır, əlhəmdulilləh də mizanı doldurur». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və dildə yüngül iki kəlmə vardır: «Sübhənəllahi və Bilhəmdihi və Subhənallahul Azim».
Qulun etdiyi bütün əməllər çəkiləcəkdir. Əgər xeyr işləmişsə xeyr görəcəkdir, əgər pislik etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). «Rəbbinə and olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik». (əl-Hicr 92).
Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və Allahın qulları olan lütfü, qullarına bir ehsan olmaq üçün daha çox qatlarla da mükafatlandırılacaqdır. Pis əmələ gəldikdə isə pisliyin də əvəzi onun bir bənzəri olacaqdır. İnsan işlətdiyi pislikdən başqası ilə cəzalandırılmayacaqdır. «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (əl-Ənam 160). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – də Uca və Böyük Allahdan etdiyi rəvayətdə buyurur: «Allah bütün yaxşı və pis əməlləri yazmışdır». Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə Allah onu öz dərgahında tam bir həsənət (savab) olaraq yazar. Hər kim də bir yaxşılıq etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında bir həsənət olaraq yazar. Hər kim pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam bir pis əməl olaraq yazar».
Qiyamət günü haqq-hesab iki cür olacaqdır.
1. HİSƏBUL-ƏRZ – təqdim etmək deməkdir. Onlara əməlləri təqdim olunacaqdır. Məs: Əbu Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah b. Amr – radıyallahu anhu – nin belə dediyini eşitdim: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə hədd qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmin şəxs qorxudan özünü itirərək: «Yox, ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olmayacaqdır». Onun qarşısına: «Lə İləhə İlləllah» kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmin insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. «Lə İləhə İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz».
2. HİSƏBUN-NİQAS – münaqişə etmək deməkdir. Onlarla etdikləri əməllərə görə münaqişə ediləcəkdir. Məs: İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını ona tək-tək söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər.
Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bun -
lar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərindədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilir, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü kafir gətrilir və ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qaytarmaq üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab verəcəkdir. Bu dəfə ona deyiləcək: «Səndən daha yüngül və asandı istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi şərik qoşmamağın (istənilmişdi). Lakin sən şərik qoşmaqdan başqa bir şey qəbul etmədin!».
Kafirlərin yaxşı və pis əməlləri tərəzidə çəkiləcək kimsələrin əməlləri kimi hesaba çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq əməlləri sayılıb və əməllərindən xəbərdar olunacaqlar. Onlara etdikləri söyləniləcək və bununla da rəzil ediləcəklər. «Biz onların etdiklərin əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaş-maq». (İbrahim 18). «O gün nə bir insan, nə də bir cinn günahı barəsində sorğu-sual olunmayacaqdır. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar». (ər-Rahmən39). Çünki kafirin etdiyi yaxşı əməllərinin əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt savabların yazıldığı səhifələrin bom-boş olduğunu görəcəkdir. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə isə onun ruzisini verir».
Buna görə də əziz və hörmətli qardaş və bacılarım gününüzü və vaxtınızı nəyə sərf etdiyinizi fikirləşin. Çünki o günü bu haqda fikirləşmək sizə heç bir fayda verməyəcəkdir. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti necə qazanıb hara xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmadıqca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir».


Tarix: 04.05.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 357 Bölmə: Maraqlı melumatlar