beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyni (r.a) kim qətlə yetirdi?

Hüseynin qatillərini tanımadan öncə gəlin bir neçə il geriyə qayıdıb Əli və Hüseynin (r.a) öz tərəfdarlarına olan münasibətinə nəzər salaq.

Birinci: Əlinin (r.a) öz tərəfdarlarına münasibəti:

O, öz tərəfdarlarından, Kufə camaatından şikayətlənir və deyirdi: "Başqa xalqlar öz rəhbərlərinin zülmündən qorxduğu halda mən öz xalqımın zülmündən qorxmağa başlayıram. Sizi cihada harayladım haray vermədiniz, söz dedim sözümü eşitmədiniz, gizli və aşkar ifadələrlə çağırdım heç biriniz gəlmədiniz, tövsiyə etdim qəbul etmədiniz. Şahidiniz yox kimi, qulunuz ağa kimidir? Sizə hökm oxuyuram ondan üz çevirirsiniz, ən bəlağətli sözlərlə müraciət edirəm ondan yayınırsınız, zalımlara qarşı cihada çağırıram sözümü bitirməmiş pərəm-pərəm düşürsünüz. Heç nə olmamış kimi əvvəlki işinizə qayıdır, tövsiyədən nəticə çıxarmırsınız. Günorta sizi düzəldirəm, axşama qıvrılmış ilan kimi əyilib üstümə gəlirsiniz. Düzəldən aciz, düzələn güclü olur. Ey bədənləri şahid, ağılları qeybdə, fikirləri müxtəlif olanlar. Əmirləriniz sizinin müsibətinizə düçar olub. Sizin ağanız Allaha itaət edir, siz isə asilik edirsiniz. Allaha and olsun, təmənna edirəm ki, Müaviyə sizi dinar ilə dirhəmi dəyişən kimi mənimlə dəyişsin. Məndən on nəfəri alıb əvəzində öz adamlarından bir nəfər versin. Ey Kufə camaatı, iki və üç şeyə mübtəla olmusunuz: eşidə-eşidə karsınız, danışa-danışa lalsınız, görə-görə korsunuz. Nə döyüş vaxtı dözümlü, nə də müsibət anında səbirlisiniz. Əliniz xeyirə çatıb, ey çobanını itirmiş dəvələr. Sizi bir tərəfdən toplayanda, digər tərəfdən baş götürüb gedirsiniz". ( Nəhcul Bəlağə: 1/ 187-189.)
Müşkül təkcə bundan ibadət deyildi. Hətta onlar Əlini (r.a) yalançılıqda ittiham etmişdilər. Allah bizi belə müsibətdən qorusun.
Əş-Şərif ər-Radiy rəvayət edir ki, Möminlərin Əmiri Əli (r.a) demişdir: "Ey İraq əhalisi!.. Mən öz istəyimlə bura gəlməmişəm, siz istəmisiniz məndə gəlmişəm. Eşitmişəm ki, "Əli yalan danışır!" – deyirsiniz. Allah sizi öldürsün! Mən kimə yalan danışacağam?" (Nəhcul Bəlağə: 1/118-119.)

İkinci: Həsənin (r.a) öz tərəfdarlarına münasibəti:

Həsən (r.a) demişdir: "Allaha and olsun, Müaviyə mənim üçün bunlardan daha xeyirlidir. Onlar tərəfdarım olduqlarını iddia edirlər. Eyni zamanda məni öldürmək, mülkümü talamaq, malıma sahib çıxmaq istəyirlər. Allaha and olsun, tərəfdarlarımın məni öldürüb ailəmi pərəm-pərəm salmaqlarındansa, qanımı verib Müaviyədən əhd alaraq ailəm üçün əminamanlıq əldə etməyim mənə daha xoşdur. Əgər mən Müaviyə ilə döyüşmək qərarına gəlsəm onlar boğazımdan yapışıb məni ona təslim edərlər".
("Ən-Nədva" 3/208; "Fi Rihabi Əhlul Beyt" səh: 270.)

O, həmçinin öz tərəfdarlarına belə demişdir: "Ey İraq əhalisi! Üç şey məni sizdən uzaqlaşdırmışdır: Atamı öldürməyiniz, mənə ləkə yaxmağınız və mülkümü talamağınız".
("Ləqad Şəyyəni əl-Hüseyn" səh: 283.)

Hüseynin qatili olmuş Kufə camaatının xəyanəti:

İbn əl-Hənəfiyyə adı ilə məşhurlaşmış Muhəmməd ibn Əli ibn Əbu Talib qardaşı Hüseynə (r.a) belə tövsiyə etmişdir: "Ey qardaşım, sən kufəlilərin atana və qardaşına xəyanət etdiklərini bilirsən. Qorxuram, birdən sən də əvvəlkilərin halına düşərsən".
(İbn Tavus "əl-Luhuf" kitabı, səh. 39; İhsai "Aşura" kitabı, səh. 115; ƏbdülHüseyn "əl-Məcəlisul Fəxirə" kitabı, səh. 75.)

Hüseyn (r.a) Fərəzdəq adlı məşhur şairdən İraqlı tərəfdarları haqqında soruşduqda şair dedi:
"Ürəkləri səninlə, qılıncları isə əleyhinədir. Əmr səmadan nazil olur və Allah istədiyini edəndir".
Hüseyn (r.a) dedi: "Doğru deyirsən, əmr Allahın əlindədir. Hər gün bir işdədir. Sevdiyimiz və razı qaldığımız iş başımıza gələndə Allahın nemətlərinə şükür edirik. Şükrü əda etməyə yardım edən Odur. Əgər qəza-qədər istədiyimizə nail olmağa mane olarsa, niyyəti haqq və daxili təqva olan kimsə uduzmaz".
("əl-Məcəlis əl-Fəxirə" səh. 79; "Alə Xuta əl-Hüseyn" səh. 100; Əl-Əmin "Ləvaicul Əşcan" səh. 60; "Məalim əl-Mədrəsəteyn" 3/ 62.)

Hüseyn (r.a) Kufə camaatına müraciət edərkən atasına və qardaşına etdiklərini onlara xatırlatmış və demişdir:
"Əgər siz bunu etməsəniz, əhdinizi pozsanız və beyətimdən çıxsanız and olsun ki, bu sizin üçün qəribə iş sayılmaz. Siz artıq bunu atama, qardaşıma və əmim oğlu Muslimə qarşı etmisiniz. Sizinlə qürurlanan özünü aldadar".
("Məalim əl-Mədrəsəteyn" 3/ 71; "Məali əs-Sibteyn" 1/275.)

Üçüncü: Zeynəl Abidin adı ilə məşhurlaşmış Əli ibn əl-Hüseynin öz tərəfdarlarına münasibəti:

O atasına xəyanət edib öldürən tərəfdarlarını qınayaraq demişdir: "Ey insanlar, sizi Allaha and verirəm heç bilirsiniz siz atama məktub yazıb xəyanət etmisiniz?! Ona vəd verib, beyət edib sonra da ona qarşı döyüşüb alçaltmısınız. Etdikləriniz sizi məhv etsin! Peyğəmbər  sizə "mənim nəslimi qətlə yetirdiniz və hörmətimi ayaq altına atdınız. Siz mənim ümmətimdən deyilsiniz!" – dedikdə, hansı üzlə onun qarşısına çıxacaqsınız?!" Bu zaman hər tərəfdən qadınların ağlaşması eşidildi. Hamı bir-birinə: "Bilmədən özümüzü həlak etmişik!" – deyə təəsüfləndilər.
Zeynəl Abidin (Allah ona rəhmət etsin) Kufə camaatının ağı deyib ağladığını gördükdə onları bu işdən əl çəkməyə çağırıb dedi: "Bizə görə ağı deyib ağlayırsınız. Bəs bizi kim öldürüb?!"
("əl-Məlhuf" səh. 86; "Nəfs əl-Məhmum" səh. 357....)


Dördüncü: Əlinin (r.a) qızı Ummu Kulsumun tərəfdarlarına münasibəti:

O, demişdir: "Ey kufəlilər, vay sizə! Nə üçün Hüseynə (r.a) xəyanət edib qətlə yetirdiniz. Sonra mal-dövlətini ələ keçirdiniz. Qadınlarını əsir götürdünüz. Sizi görüm rəhmətdən məhrum olub məhv olasınız... Peyğəmbərdən (s.a.v) sonra ən xeyirli insanları məhv etdiniz. Mərhəmət hissi qəlbinizdən çıxarılmışdır".
( "əl-Məlhuf" səh. 91; "Nəfs əl-Məhmum" səh. 363....)

Beşinci: Əlinin (r.a) qızı Zeynəbin tərəfdarlarına münasibəti:

Zeynəb ağı deyə-deyə ağlayaraq onu qarşılayan topluma belə demişdir:
"Siz hönkür-hönkür ağlayırsınız?! Allaha and olsun siz gərək çox ağlayıb az güləsiniz. Siz artıq rüsvayçılıq etmisiniz. Bunu heç vaxt yuya bilməyəcəksiniz. Peyğəmbərlərin sonuncusunun nəslini qətlə yetirdiyinizi necə yuya bilərsiniz?!"
("Məal Hüseyn Fi Nəhdatihi" səh. 295.)

Digər rəvayətdə deyilir ki bir dəfə o, başını kəcəvadan çıxarıb kufəlilərə dedi: "Ey kufəlilər səsinizi kəsin! Kişiləriniz bizi öldürür, qadınlarınız isə ağladır. Haqq hesab günü bizim ilə sizin aranızda hökmü Allah Özü verəcəkdir".
( Abbas əl-Qummi "Nəfs əl-Məhmum" kitabı, səh. 365.)

Altıncı: Cavad Muhəddisi:

"Bu səbəblərə görə İmam Əli əleyhissəlam onlardan şikayətlənmiş, İmam Həsən aleyhissəlam onlardan xəyanət görmüş, Muslim ibn Əqil onların gözü önündə məzlumcasına qətlə yetirilmiş, Hüseyn isə Kufənin yaxınlığında yerləşən Kərbəlada Kufə qoşununun əli ilə susuz öldürülmüşdür".
("Movsuəti Aşura" səh. 59.)

Yeddinci: Hüseyn Kurani:

"Kufəlilər İmam Hüseyni tək qoymaqla kifayətlənmədilər. Onlar qeyri səmimi mövqedə olduqları üçün üçüncü mövqeni tutdular. Yəni dərhal Kərbəlaya tərəf getdilər və orada İmam Hüseyn aleyhissəlama qarşı döyüşdülər. Kərbəlada şeytanı sevindirib Allahı qəzəbləndirən səhnələri göstərmək uğrunda sanki bir-biri ilə yarışırdılar".
("Fi Rihabi Kərbəla" səh. 60-61.)




Yenə Hüseyn Kurani deyir:

"Kufəlilərin ikiüzlüyünü göstərən digər bir səhnənin şahidi oluruq. Demək Abdullah ibn Hovzə ət-Təmimi adlı bir nəfər İmam Hüseyn Aleyhissəlamın qarşısında dayanıb "Hüseyn buradadır?" – deyib bağırır. Bu adam Kufəlidir. Dünən Əli əleyhissəlamın tərəfdarı idi. Ola bilər İmama məktub yazanlardan idi. Yaxud İmama məktub yazan Şibsin adamlarından idi. Həmin adam sonra belə deyirdi: "Ey Hüseyn! Sənə cəhhənnəm müjdə olsun!"
( "Fi Rihabi Kərbəla" səh. 61.)

Səkkizinci: Murtuza Mutahhiri:

O demişdir: "Heç şübhəsiz Kufəlilər Əlinin tərəfdarları idilər və İmam Hüseyni öz tərəfdarları qətlə yetirmişdilər".
( "Əl-Məlhəmətul Hüseyniyyə" 1/129.)

Həmçinin demişdir: "Biz əvvəldə sübut etdik ki, bu baxımdan hadisə çox əhəmiyyətlidir. Həmçinin qeyd etdik ki, Hüseynin qətli Peyğəmbərin (s.a.v) ölümündən əlli il sonra müsəlmanların, daha doğrusu onun öz tərəfdarları tərəfindən həyata keçirilmişdir. Bu doğrudan çox dəhşətli, qəribə və maraqlı məsələdir".
("Əl-Məlhəmətul Hüseyniyyə" 3/94.)

Hüseynin qətlini əmr edən və buna sevinən Ubeydullah ibn Ziyad idi.
Hüseynin qətlini icra edən Şümür ibn Zil Cövşən və Sinan ibn Ənəs ən-Nəxai idi. Bu üç nəfər Əlinin (r.a) tərəfdarlarından idilər. Onlar Əli (r.a) ilə birlikdə Siffin döyüşündə iştirak etmişdilər.


Doqquzuncu: Kazım əl-İhsai ən-Nəcəfi:

O demişdir: "İmama Hüseyn əleyhissəlama qarşı döyüşməyə gedən qoşunun sayı üç yüz min nəfər idi. Onların hamısı kufəlilər idi. Onların arasında nə şamlı, nə hicazlı, nə hindistanlı, nə pakistanlı, nə sudanlı, nə misirli, nə də afrikalı var idi. Hamısı kufəli idilər. Onlar müxtəlif qəbilələrdən toplaşmışdılar".
("Aşura" səh. 89.)

Onuncu: Hüseyn ibn Əhməd əl-Bəraqi ən-Nəcəfi:

"Qəzvini demişdir: Kufə camaatına irad tutulan məsələlər Həsən ibn Əli əleyhissəlamı zəhərləmələri, Hüseyn əleyhissəlamı çağırdıqdan sonra qətlə yetirmələri idi".
("Tarixul Kufə" səh. 113.)


On birinci: Muhsin əl-Əmin:

"Sonra İraq camaatından iyirmi min nəfər Hüseynə beyət edib xəyanətkar oldular. Ona beyət etdikləri halda qarşı çıxıb onu öldürdülər"
("Ə`yan əş-Şiyə" 1/26.)

Hüseynin qətlini kim icra etmişdir?

Tarix kitablarında qeyd olunan məşhur məlumata görə Hüseynin (r.a) qətlinin iki nəfər icra etmişdir. Onlar Sinan ibn Ənəs ən-Nəxai və Şümür ibn Zil Covşəndir. İşin məsuliyyəti isə Ubeydullah ibn Ziyadın üzərinə düşürdü. Ubeydullah və Şümür Əlinin (r.a) tərəfdarlarından idilər.
Tusi rical elmi haqqında olan kitabında Ubeydullah ibn Ziyadın Əlinin tərəfdarlarından olduğunu demişdir.
("Rical ət-Tusi" səh. 54, tərcümeyi hal ? 120. Birinci nəşr. Heydəriyyə mətbəəsi, Nəcəf 1961. Bəhrul Ulum Muhəmməd Sadiqin tədqiqatı.)

Ən-Nəmazi əş-Şəhrudi Şümür haqqında demişdir: "Siffin günü möminlərin əmiri Əli əleyhissəlamın qoşununda idi".
(Alləmə Əli Namazi əş-Şəhrudi "Mustədrəkat Ilmu Rical əl-Hədis" 4/220, tərcümeyi hal ? 6899. Muəssə ən-Nəşr əl-İslami, Qum hicri 1425. )

İnsanların Hüseynin (r.a) qətlinə münasibəti

Bəli, Hüseynin (r.a) qətlə yetirilməsi müsəlmanlar üçün böyük bir müsibət idi. O Peyğəmbərin (s.a.v) sağ qalmış yeganə qız nəvəsi idi. O, məzlumcasına qətlə yetirilmişdir. Allah ondan və ailəsindən razı olsun. Onun qətli müsəlmanlar üçün müsibət, onun özü üçün şəhidlik, hörmət, dərəcə üstünlüyü və Allaha yaxınlıqdır. Çünki bu hadisə ilə Allah onu dəyərsiz dünyanın əvəzində əbədi axirət və nəim cənnətləri üçün seçmişdir.
Biz deyirik ki, kaş o, Məkkədən çıxmayaydı. Ona görə həmin dövrdə böyük səhabələr onun bu işdən əl çəkməsini tələb etmişdilər. Əksinə həmin zalımlar Hüseynin üsyan etməsini bəhanə gətirərək Peyğəmbərin (s.a.v) nəvəsini zalımcasına qətlə yetirdilər. Onun bu üsyana qalxması və qətlə yetirilməsinin bir çox fəsadları oldu. Belə ki, əgər o, evində otursaydı, bu fəsadlar baş verməzdi. Lakin bu Allahın qəza-qədəridir. Allah bir işin baş verməsini istəyərsə, insanlar onu istəməsələr də o, mütləq olacaqdır.
Bir çox peyğəmbərlərin və dəyərli insanların qətli faciə olduğu kimi, Hüseynin qətli də bir faciə idi. Peyğəmbərlərin tarixinə nəzər salsaq görərik ki, Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbərin kəsilmiş başı bir nəfər zalım tərəfindən mehr əvəzi istifadə olunmuşdu. Zəkəriyyə peyğəmbər də qətlə yetirilmişdi. Həmçinin Ömər, Osman və Əli kimi insanları da qətlə yetiriblər. İslamı şəriəti insanı qətlə yetirməyin nə qədər böyük günah olduğunu açıq-aşkar söyləmişdir. O cümlədən adi ölüm ilə, yaxud qətl ilə öldürülən insanların ölümünə münasibəti də açıqlamışdır. Şəriətimiz ölmüş insanın ardınca ağı deyib ağlamağı, özünü yolmağı, vay-şivən qoparmağı qadağan etmişdir. Bunları nəzərə alaraq Hüseynin qətlini fikirləşdikdə özünü döymək, sinə paltarını cırmaq və sair bu kimi əməlləri etməyin icazəli olmadığını anlayırıq. Daha dəqiq desək, bütün bunlar qadağan olunan əməllərdir. Peyğəmbər (s.a.v) buyurmuşdur: "(Ölən adamın arxasınca) üzünə döyən, sinə paltarını cıran bizdən deyildir".
("Səhib Buxari" Kitab əl-Cənaiz, Bab leysə minnə mən şəqqə əl-Cuyub, ? 1294.)

Peyğəmbər (s.a.v) buyurmuşdur: "Mən (ölən adamın arxasınca) aği deyəndən, başını qırxan və sinə paltarını cıran insandan uzağam".
( "Səhih Müslim" Kitab əl-İman, ? 167.)

Digər rəvayətdə isə Peyğəmbər (s.a.v) belə buyurmuşdur: "Həqiqətən ağı deyən insan Allaha tövbə etməzsə, Qiyamət günü əynində qoturdan zireh, qətrandan paltar geyinəcəkdir"..
("Səhih Müslim" Kitab əl-Cənaiz, ? 934.)

Bu cür müsibətlər anında müsəlmanın borcu Allahın təalanın buyurduğu kimi deməkdir: "O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər".( Əl-Bəqərə: 156.)

Hüseynin qətlinə münasibətdə insanlar üç qismə bölünürlər:

Birinci qism insanlar hesab edirlər ki, Hüseyn haqlı olaraq öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Buna dəlil olaraq Peyğəmbərin (s.a.v) bu hədisini qeyd etmişlər: "Sizin vahid rəhbəriniz olduğu halda, kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün!"
( "Səhih Müslim" Kitab əl-İmarə, ? 1852.)

Onların fikrincə Hüseyn müsəlmanların birliyini dağıtmaq istəyirdi. Peyğəmbər (s.a.v) belə insanın kimliyindən asılı olmayaraq öldürülməsini əmr etmişdir. Demək onu haqlı olaraq öldürmüşdülər. Bu rəy Hüseynə və atası Əliyə (Allah onların hər ikisindən razı olsun) nifrət edən "Nasibilərin" fikridir.

İkinci qism insanların fikrincə, Hüseyn itaət edilməsi vacib olan imamdır və hakimiyyət də ona verilməli idi. Bu şiyə məzhəbinin fikridir.

Üçüncü qism insanların fikrinə gəlincə zülmə məruz qalaraq qətlə yetirilmişdir. Eyni zamanda o, bəzilərinin iddia etdikləri kimi hakimiyyətə və ya imamlığa təyin olunmamışdı. Habelə Hüseyn nə üsyankar, nə də xəvaric deyildi. Allah ondan razı olsun! O, həqiqətən zülmə məruz qalmış və şəhid olmuşdur. Bu haqda Peyğəmbər (s.a.v) buyurmuşdur: "Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır".
(Tirmizi: Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, ? 3768.)
Hüseynin qiyamçı kimi öldürülməməsinə sübut onun geri qayıtmaq istəyi idi... Lakin onlar onun bu təkliflərini qəbul etmədilər və yalnız Ubeydullah ibn Ziyada təslim olmasını şərt qoydular. Bu, Əhli Sünnə və Camaatın fikridir.




İki bidətin yaranması:
Şeyxulislam İbn Teymiyyə demişdir:
"Hüseynin qətlindən sonra insanlar iki bidət çıxartdılar:

Birinci:
Aşura gününü qəm-qüssə içində ağlamaq, özünü döymək, susuz qalmaq və mərsiyə deməklə qeyd etmək. Bununla yanaşı sələfləri söymək və lənət oxumaq, günahsızları da günahkarlara qatıb keçmişdə yaşayanları söymək bu günün adətinə çevrilmişdir. Həmin vaxt insanları cuşa gətirmək üçün yalançı hekayələr də danışılır. Bunu ilk dəfə adət halına salanların məqsədi ümmət arasında fitnə və ayrıseçkilik salmaq olmuşdur. Əgər belə olmasaydı nə üçün hər il qan tökə-tökə, keçmişi qurdalayaraq bu məsələ şişirdilir və qəbirlər təzim edilir?!

İkinci:
Hüseynin qətlə yetirildiyi gün sevinmək, şirniyyat paylamaq və bayram ovqatı yaşamaqdır.
Kufədə əhli beytin tərəfini tutan bir qrup insan var idi. Onların başında Muxtar ibn Əbi Ubeyd əl-Mutənəbbi dayanırdı. Bir qrup insan isə əhli beytə nifrət edənlər idi. Onlardan biri Həccac ibn Yusuf əs-Səqafidir. Bidətin qarşısı bidət ilə deyil, Peyğəmbərin (s.a.v) sünnəsini yaşatmaqla almaq lazımdır. Bu məsələyə doğru münasibət bu ayədə deyilmişdir: 156 - O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” – deyirlər. (əl-Bəqərə)". ( "Minhac əs-Sünnə"5/554-555.)


Tarix: 03.05.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 495 Bölmə: Maraqlı melumatlar