beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ ( VII )

MALI PEŞİN SATMAQ (əs-Sələm)
- Satacağı mala, hələlik sahib olmayanın peşin alması:

BORC
- Fəziləti:
- Borcu qaytarmağa kəskin münasibət:
- İnsanların malını alıb qaytarmaq və ya batırmaq istəyən:
- Borcu qaytarmağın əmr olunması:
- Borcu gözəl şəkildə qaytarmaq:
- Borcu xoş rəftarla tələb etmək:
- Borcunu qaytarmaqda çətinlik çəkənə möhlət vermək:
- Varlı insanın borcu gecikdirməsi zülmdür:
- Borcunu qaytarmağa imkanı olub, imtina edənin həbs edilməsi:
- Mənfəət gətirən hər bir borc, sələm sayılır:

MALI PEŞİN SATMAQ
(əs-Sələm)
Tərifi: Ərəb dilində "əs-Sələm" sözü, beh deməkdir.
İstilahi mənada, müəyyən bir şeyi vaxtından əvvəl (yəni, mala sahib olmadan) nəğd qiymətə (peşin) satmaq deməkdir[1].
Bu əməlin icazəli olması:
Uca Allah buyurur: «Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın!...»[2].
İbn Abbas (Allah ondan razı olsun) demişdir: «Mən şahidlik edirəm ki, uca Allah Öz kitabında, müəyyən bir şeyi vaxtından əvvəl, təyin edilmiş müddətə əvvəlcədən nəğd qiymətə (peşin) satmağı halal etmiş, icazə vermişdir. Sonra İbn Abbas (ötən) bu ayəni oxudu:...»[3].
İbn Abbas digər rəvayətdə isə belə deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinəyə gələndə oranın camaatı xurmanı əvvəlcədən iki və ya üç illik peşin satırdılar. O, bunu görəndə dedi: Kim malını peşin satmaq istəsə, satdığı malın çəkisini və vaxtını dəqiq etsin»[4].

Satacağı mala, hələlik sahib olmayanın peşin alması:
Məhəmməd ibn Əbu Mücalid deyir ki, «Abdullah ibn Şəddad və Əbu Burdə məni Abdullah ibn Əbu Ovfənin (Allah ondan razı olsun) yanına göndərib ondan belə soruşmağımı tələb etdilər: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında onun səhabələri buğdanı peşin satırdılarmı? Abdullah dedi: Biz Şam vilayətinin tacirlərindən, təyin olunmuş çəkidə və vaxtda, peşin buğda, arpa və yağ alırdıq. Mən ondan soruşdum: Malına sahib olanlardan? O dedi: Biz onlardan bu haqda soruşmazdıq. Daha sonra onlar məni Əbdürrəhman ibn Əbzənin yanına göndərdilər. Mən ondan da bu haqda soruşdum və o dedi: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında onun səhabələri peşin alış-veriş edərdilər. Biz isə onlardan, əkin sahələrinin olub-olmamasını soruşmazdıq»[5].


BORC
Fəziləti:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim müsəlmanı dünya sıxıntılarının birindən xilas edərsə, Allah da onu qiyamət gününün bir sıxıntısından xilas edər. Kim borc içində batan insana rahatlıq verərsə onun üçün dünyada və axirətdə rahatlıq olar. Bəndə öz qardaşının köməyində olduqca, Allah da onun köməyi olar»[6].
İbn Məsud Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bir müsəlman digərinə iki dəfə borc verərsə, bir dəfə sədəqə vermiş kimi sayılar»[7].

Borcu qaytarmağa kəskin münasibət:
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sovban adlı köləsi onun belə dediyini rəvayət edir: «Ruhu bədənindən ayrılan insan üç şeydən: təkəbbürlükdən, xəyanətdən və borcdan – uzaqdırsa, cənnətə daxil olar»[8].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə ediyini rəvayət edir: «Mömin bəndə öldükdən sonra, borcu ödənənə qədər borcundan asılı qalar»[9].
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İnsan öldükdə kiməsə dinar və ya dirhəm borcu qalarsa, borcu savabından ödənər. Daha orada dinar və ya dirhəm olan deyil»[10].
Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara vəz edib, Allah yolundan döyüşməyin və Allaha iman gətirməyin ən fəzilətli əməl olduğunu xatırlatdı. Bu zaman bir kişi qalxıb dedi: Ey Allahın elçisi, əgər mən Allah yolunda şəhid olsam günahlarım bağışlanarmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli, əgər səbrlə, muzdsuz, geri qaçmadan Allah yolunda şəhid olsan». Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: «Necə dedin?» Kişi dedi: Əgər mən Allah yolunda şəhid olsam günahlarım bağışlanarmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli, əgər səbrlə, muzdsuz, geri qaçmadan Allah yolunda şəhid olsan. Yalnız borcdan başqa bütün günahların bağışlanar. Bunu mənə Cəbrail (Aleyhis səlam) indi xəbər verdi»[11].

İnsanların malını alıb qaytarmaq və ya batırmaq istəyən:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim insanların malını alıb qaytarmaq istəyərsə, Allah onun əvəzinə onu qaytarar. İnsanların malını alıb batırmaq istəyəni, Allah (ya bu dünyada, ya da axirətdə əzaba) batırar»[12].
Şueyb ibn Amr deyir ki, Suheyb əl-Xeyr bizə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini danışmışdır: «Qaytarmamaq niyyəti ilə borc alan insan qiyamət günü Allahın qarşısına oğru kimi gələr»[13].

Borcu qaytarmağın əmr olunması:
Uca Allah buyurur: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!»[14]

Borcu gözəl şəkildə qaytarmaq:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, bir kişinin Peyğəmbərdə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) borc dəvəsi var idi. Kişi gəlib öz dəvəsini istəyirdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun dəvəsini qaytarmağı tapşırdı. Onlar kişinin dəvəsi ilə eyni yaşda olan dəvə axtardılar, tapa bilmədilər. Dəvlərin hamısı böyük idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Verin getsin». Kişi dedi: Sən mənim borcumu artıqlaması ilə qaytardın, Allah da səni qorusun. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Sizin ən xeyirliniz, borcunu qaytararkən gözəl şəkildə qaytaranınızdır»[15].
Cabir ibn Abdullah (Allah ondan razı olsun) deyir: «Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldim, o, məsciddəydi (hədisin Yəsur adlı rəvayətçisi deyir: Mənə elə gəlir ki, o, duha namazının vaxtında gəldiyini demişdi). Mənə dedi: İki rükət namaz qıl. Mənim isə onda borcum var idi. O borcumu qaytardı və artıq da verdi»[16].
İsmail ibn İbrahim ibn Abdullah ibn Əbu Rabiə əl-Məxzumi atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Huneyn döyüşündə ondan, otuz və ya qırx min borc aldı. Qayıdanda mənim borcumu qaytardı və sonra dedi: «Allah sənin malına və ailənə bərəkət versin. Borcun mükafatı onu qaytarmaq və təşəkkür etməkdir»[17].

Borcu xoş rəftarla tələb etmək:
İbn Ömər və Aişə (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: «Kim öz haqqını tələb edərsə, haqqının hamısını və ya bir hissəsini verib-verməməsinə baxmadan, (ifrata varmadan, haram işləmədən) ədəb-ərkanla istəsin»[18].

Borcunu qaytarmaqda çətinlik çəkənə möhlət vermək:
Uca Allah buyurur: «Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!»[19]
Huzeyfə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Bir kişi vəfat etdikdən sonra ona deyirlər: Sən nə deyirdin? Kişi dedi: Mən insanlarla alış-veriş edir, borcunu qaytara bilməyənin borcunu bağışlayır, borca görə çətinlik çəkənin isə işini yüngülləşdirirdim. Beləliklə həmin kişi bağışlandı»[20].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi, Əbul Yusr (Allah ondan razı olsun) onun belə dediyni rəvayət edir: «Kim Allahın kölgəsində kölgələnmək istəyirsə, borcunu qaytarmaqda çətinlik çəkənə möhlət versin, ya da borcu bağışlasın»[21].

Varlı insanın borcu gecikdirməsi zülmdür:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Varlı insanın (imkanı ola-ola) borcu gecikdirməsi zülmdür»[22].

Borcunu qaytarmağa imkanı olub, imtina edənin həbs edilməsi:
Amr ibn əş-Şərid atasından rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Borcunu qaytarmağa imkanı olub, bundan imtina edən insanı (etdiyi zülmə, haqsızlığa görə) şikayət edib, cəzalandırmaq halaldır»[23].

Mənfəət gətirən hər bir borc, sələm sayılır:
Əbu Burdə deyir ki, mən Mədinəyə gəldim və Abdullah ibn Səlamla rastlaşdım. O dedi: Gəl mənimlə birlikdə evə gedək. Sənə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) içən qabda içməyə bir şey verərəm. Onun namaz qıldığı məsciddə də namaz qılarsan. Mən onunla yola düşdüm. O mənə içməyə bir şey, yeməyə xurma verdi. Sonra onun məscidində namaz qıldım. O dedi: Sən, sələmin geniş yayıldığı bir şəhərdəsən. Sələmin növlərindən biri də budur ki, bir nəfər digərinə müəyyən vaxta borc verir. Vaxt bitəndə borcu və əlavə olaraq bir səbət hədiyyəni gətirir. Bax sən o səbətdən və içindəki hədiyyədən uzaq ol»[24].
***


[1] Fiqhus Sünnə: 3/ 171.
[2] əl-Bəqərə: 282.
[3] Hədis səhihdir. əl-İrva: ? 1369. Hakim: 2/ 286. Beyhəqi: 6/ 18.
[4] Buxari: 4/ 429/ ? 2240. Müslim: 3/ 1226/ ? 1604. Tirmizi: 2/ 387/ ? 1325. Əbu Davud: 9/ 348/ ? 3446. İbn Macə: 2/ 765/ ? 2280. Nəsai: 7/ 290.
[5] Hədis səhihdir. əl-İrva: ? 1370. Buxari: 4/ 430/ ? 2244. Onun rəvayətinin mətni budur. Əbu Davud: 9/ 349/ ? 3447. Nəsai: 7/ 290. İbn Macə: 2/ 766/ ? 2282.
[6] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1888. Müslim: 4/ 2074/ ? 2699. Tirmizi: 4/ 265/ ? 4015. Əbu Davud: 13/ 289/ ? 4925.
[7] Hədis həsəndir. əl-İrva: ? 1389. İbn Macə: 2/ 812/ ? 2430.
[8] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1956. İbn Macə: 2/ 806/ ? 2412. Tirmizi: 3/ 68/ ? 1621.
[9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6779. əl-Mişkat: ? 2915. Tirmizi: 2/ 270/ ? 1084.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1958. İbn Macə: 2/ 807/ ? 2414.
[11] Hədis səhihdir. əl-İrva: ? 1197. Müslim: 3/ 1501/ ? 1885. Tirmizi: 3/ 127/ ? 1765. Nəsai: 6/ 34.
[12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 598. Buxari: 5/ 53/ ? 2387.
[13] Həsənun Səhih. Səhih Sünən İbn Macə: ? 1954. İbn Macə: 1/ 805/ ? 2410.
[14] ən-Nisa: 58.
[15] Hədis səhihdir. əl-İrva: 5/ 225. Buxari: 4/ 58/ ? 2393. Müslim: 3/ 1225/ ? 1601. Nəsai: 7/ 291. Tirmizi: 2/ 398/ ? 1330. Müxtəsər rəvayət etmişdir.
[16] Hədis səhihdir. Buxari: 5/ 59/ ? 2394. Əbu Davud: 9/ 197/ ? 3331. Onun rəvayətində yalnız sonuncu cümlə qeyd olunur.
[17] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1968. İbn Macə: 2/ 809/ ? 2424. Nəsai: 7/ 314.
[18] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1965. İbn Macə: 2/ 809/ ? 2421.
[19] əl-Bəqərə: 280.
[20] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1963. Buxari: 5/ 58/ ? 2391.
[21] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1963. İbn Macə: 2/ 808/ ? 2419.
[22] Buxari: 5/ 61/ ? 2400. Müslim: 3/ 1197/ ? 1564. Əbu Davud: 9/ 195/ ? 3329. Tirmizi: 2/ 386/ ? 1323. Nəsai: 7/ 317. İbn Macə: 2/ 803/ ? 2403.
[23] Hədis həsəndir. Səhih Sünən Nəsai: ? 4373. Nəsai: 7/ 317. İbn Macə: 2/ 811/ ? 2427. Əbu Davud: 10/ 56/ ? 3611. Buxari: 5/ 62. Onun rəvayəti müəlləqdir.
[24] Hədis səhihdir. əl-İrva: 5/ 235. Beyhəqi: 5/ 349.


Tarix: 01.05.2013 / 16:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Maraqlı melumatlar