beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc-«Həcc ibadətini məndən öyrənin»

«Həcc ibadətini məndən öyrənin»
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcci:
Müslim[1] öz sənədi ilə Cəfər ibn Məhəmməddən (Cəfəri Sadiqdən) o da atasından rəvayət edir və deyir: «Biz Cabir ibn Abdullahın (Allah ondan razı olsun) yanına daxil olduq. O camaatdan bir-bir hal əhval tuturdu. Sonda növbə mənə yetişdi və mən özümü təqdim edib dedim: Mən, Məhəmməd ibn Əli ibn Hüseynəm. O əli ilə başımı sığallayıb köynəyimin üst və alt düymələrini açaraq əlini mənim sinəmə qoydu. Həmin vaxt mən azyaşlı gənc idim.

Sonra dedi: Ey qardaşım oğlu, xoş gəlmisən. Nə istəyirsən soruş! Onun gözləri kor idi və mən ondan bir neçə sual soruşdum. Sonra namaz vaxtı gəldi və o sarıqlı bir paltarla namaza durdu. Hər dəfə paltarın bir ucunu çiyninə qoyur, paltar isə kiçik olduğundan onun çiynindən düşürdü. Onun ridası isə yanındakı asılqanın üzərində idi. Sonra o bizə namazı qıldırdı və mən ona dedim: Mənə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcci haqqında danış!
O əli ilə doqquz rəqəmini işarə edərək dedi:
«Həqiqətən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) doqquz il (Mədinədə qaldı və) həcc etmədi. Onuncu ildə isə: Peyğəmbər bu il həcc edəcək – deyə, hamıya xəbər çatdırdı. Bu xəbərdən sonra Mədinəyə çox sayda insan gəldi və hamı onunla (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə həcc etmək və onun etdiyi kimi həcc etmək istəyirdi. Biz onunla yola çıxdıq və Zülhuleyfə adlı yerə gəldik. Orada, Əsma bint Umeys, Məhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Sonra Əsma, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına adam göndərib nə etməsini soruşdu. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Qüsl et və bədənini paltarla sıx bağla[2] və ehrama gir». Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsciddə namaz qıldı və “Qəsva” adlı dəvəsinə mindi. O dəvəsi ilə Bəyda adlı yerə çatanda mən onun önündə, sağında, solunda və arxasında gözüm görən məsafədə piyada və minikli insanların olduğunu gördüm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim yanımızdaydı. Quran ona nazil olurdu, onun açıqlamasını o gözəl bilirdi və biz də onun etdiyi əməllərin hamısını edirdik. Demək o tövhid kəliməsini deməyə başladı:


« لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لاَ شَرِيكَ لَكَ »


«Ləbbeykə Allahummə Ləbbeyk, Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə vən nimətə ləkə vəl mulk. Lə şərikə lək».
«Ey Allahım, Sənin çağırışına səs verib gəlmişəm. Sənin çağırışına səs verirəm, Sənin şərikin yoxdur. Həqiqətən həmd-səna, naz-nemət, malikanə Sənə məxsusdur. Sənin heç bir şərikin yoxdur».
İnsanlar da bu sözləri təkrarlamağa başladılar və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara bir söz demədi və həmin sözləri deyə-deyə yoluna davam etdi.
Cabir (Allah ondan razı olsun) deyir ki, biz yalnız həccə niyət etmişdik. Hələ ümrə haqqında heç bir şey bilmirdik. Biz onunla bərabər Kəbəyə gəldik. O, əlini qara daşa sürtdü və təvafın birinci üç dövrəsini iti addımlarla, qalan dördünü isə adi yerişlə yeridi. Sonra İbrahim məqamına tərəf getdi və bu ayəni oxudu: «...(Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik)»[3]. Bu zaman İbrahim məqamı, onunla Kəbə arasında idi. (Cəfəri Sadiq deyir:) Atam deyərdi ki, o, yəni, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namazda “Qul huvəllahu əhəd” və “Qul yə əyyuhəl kəfirun” surələrini oxuyardı. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qayıdıb əlini qara daşa sürtdü və Səfa dağına getdi. Oraya yaxınlaşarkən bu ayəni oxudu:


«إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَآئِرِ اللّهِ»


"İnnəs səfa vəl mərvətə min şəairilləh" ("Həqiqətən Səfa və Mərva Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir)...."[4].
Sonra, “Allahın başladığı ilə başlayıram”[5] – deyib, səfadan başladı və Kəbə görsənənə qədər Səfa dağının üzərinə çıxdı, qibləyə yönəlib, Allahı təkləşdirib, şənini ucaltdı və dedi:


« لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كَلِّ شَىْءٍ قَدِيرٌ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الأَحْزَابَ وَحْدَهُ »


«Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu yuhyi və yumit və huvə alə kulli şeyin qadir. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu əncəzə vədəhu və nəsərə abdəhu və həzəməl əhzabə vəhdəhu».
«Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriki yoxdur, mülk və həmd Onundur, O, hər şeyə qadirdir! Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, vədinə əməl etdi, Öz bəndəsinə kömək etdi, (Əhzab döyüşündə) tayfaları tək Özü məğlub etdi».
Bundan sonra dua etdi və bunu üç dəfə təkrarladı. Sonra Mərva tərəfə getdi. Vadinin ortasına çatanda qaçmağa başladı. Yuxarı qalxdıqda isə yavaş-yavaş gəzərək mərvaya çatdı. Mərvada da səfada etdiklərini təkrarladı. Sonuncu dövrə zamanı mərvada olarkən belə dedi: «Əgər mən bir daha həcc edəsi olsam, kəsəcəyim qurbanlıq heyvanı özümlə daşıyan deyiləm. Birinci ziyarətimi həcc deyil, ümrə edəcəyəm. Sizlərdən kim kəsmək üçün qurban gətirməyibsə ehramdan çıxsın və hazırki ziyarətini ümrə etsin».
Bu zaman Suraqə ibn Malik ibn Cuşum qalxıb dedi: Ey Allahın elçisi, bu hökm builki ziyarətimizə aiddir, yoxsa gələcəkdə edəcəyimizə? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) barmaqlarını bir-birinə keçirib iki dəfə: «Daimi olaraq, ümrə həccə daxil edildi» - dedi.
Sonra Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəvələrini Yəməndən gətirib gəldi. Əli, Fatimənin (Allah ondan razı olsun) ehramdan çıxdığını, boyanmış paltar geyinib sürmə çəkdiyini gördü və onun bu hərəkətinə etirazını bildirdi. Fatimə isə dedi: Atam mənə belə etməyi əmr edib.
Cabir deyir ki, sonralar Əli İraqda olarkən belə deyərdi: Mən Fatimənin bu hərəkətini pisləmək və atasından çatdırdığı məlumatı dəqiqləşdirmək üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına yollandım və gəlib Fatimənin etdiyinə etiraz etdiyimi ona çatdırdım.
O isə dedi: Fatimə doğru deyib, doğru deyib. Sən həccə niyyət edərkən nə demisən?
Əli dedi: Mən demişəm ki, “Ey Allahım, mən Sənin Peyğəmbərinin etdiyi niyyəti edirəm”.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Mənimlə kəsiləcək qurbanlar var. Sən də ehramdan çıxma.
Daha sonra Cabir deyir: Əlinin Yəməndən və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü ilə Mədinədən gətirdiyi qurbanların sayı yüz idi. Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və özləri ilə qurban gətirənlərdən başqa hamı ehramdan çıxdı və saçını kəsdi. Tərviyə (zülhiccənin 8-ci) günü hamı Minaya tərəf üz tutdu və həccə niyyət etdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də yola düşdü. Minada onlara zöhr, əsr, məğrib, işa və sübh namazlarını qıldırdı, sonra günəş çıxana qədər bir az gözlədi. Nəmirə adlı yerdə onun üçün tükdən hazırlanmış çadır düzəldilməsini əmr etdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yola düşdü və Qureyş onun “Məşərul Həram”da dayanacağına şübhə etmirdi. Çünki Qureyş cahiliyyət dövründə belə edərdi. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) orada dayanmadı və birbaşa Ərəfaya gəldi və Nəmirədə çadırın hazır olduğunu gördü. Sonra orada endi və günəş zeniti keçəndən sonra “Qəsva” adlı dəvəsinin gətirilməsini istədi. Dəvəyə minib vadinin ortasına gələrək insanlara vəz etdi və dedi:
«Həqiqətən bu günün, bu ay və bu yerdə haramlığı kimi, qanınız və malınız bir-birinizə haram edildi. Bilin ki, cahiliyyət dövründən qalan hər bir iş ləğv olunub ayağımın altına qoyulub. Cahiliyyət dövründən qalan qan qisasları da ləğv edilib. İlk olaraq ləğv etdiyim qan qisası qəbiləmdən olan İbn Rabiə ibn əl-Harisin qanıdır. O Bənu Səəd qəbiləsində süd analığına verilərkən Huzeyl qəbiləsi tərəfindən öldürülmüşdü. Cahiliyyət dövrünün sələmçiliyi (faizi) də ləğv olundu. İlk ləğv etdiyim sələmçilik, bizim sələm, əmim Abbas ibn Əbdülmüttalibin sələmidir. Bütün bunlar ləğv edilir. Qadınlarınız barəsində də Allahdan qorxun. Həqiqətən siz onları Allahın amanı ilə məsuliyyətinizə götürüb, Allahın adı ilə onları özünüzə halal etmisiniz. Onların sizin qarşınızda borcu, sizin xoşlamadığınız insanları evə buraxmamaqdır. Əgər onlar bunu etsələr onda onları yüngül cəzalandırın, vurun. Sizin isə onların qarşısında borcunuz, onları lazımi qaydada dolandırmaq və geyindirməkdir. Mən sizə elə bir şey qoyub gedirəm ki, siz ondan tutunduğunuz müddətdə yolunuzu azmazsınız. O da Allahın kitabıdır. Siz mənim təbliğatım barədə soruşulacaqsınız. Siz nə düşünürsünüz?» Hamı: biz şahidlik edirik ki, sən şəriəti təbliğ etmisən, əmanəti çatdırmısan və ümmətə layiqli nəsihətini etmisən. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəhadət barmağını göyə qaldırır və sonra camaata işarə edərək üç dəfə: Allahım Sən şahid ol! Allahım Sən şahid ol! – dedi.
Sonra azan və iqamə oxundu. O zöhr namazını qıldı. Sonra iqamə verib əsr namazını qıldı və bu iki namaz arasında başqa heç bir namaz qılmadı.
Sonra dəvəsinə minib dayanacağa (Rəhmət dağının yanına) gəldi. Dəvəsi “Qəsva”nı daşlar olan yerdə saxladı və piyadalılar gedən yolu qarşısına saldı. Qibləyə tərəf yönəlib gün batana qədər dayanıb (dua etdi) və artıq günəşin saraltısı gedib tam batmışdı. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Usaməni miniyin üzərində arxaya oturtub yola düşdü. Qəsvanın yüyənini tam dartmışdı (ki, piyadalılara və yavaş gedən miniklərə əziyyət olmasın). Yüyəni o qədər dartmışdı ki, dəvənin başı az qala yəhərə dəyirdi. O əli ilə sakit-sakit yürüməyi işarə edirdi. Yolda qarşısına çıxan alçaq qumlu təpələri aşmaq üçün dəvənin yüyənini bir az boşaldardı. Beləliklə gəlib Muzdəlifəyə çatdı. Orada işa və məğrib namazlarını bir azan iki iqamə ilə qıldı və iki namazın arasında zikrləri oxumadı. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) günəş çıxana qədər yatdı və sonra sübh namazını bir azan və bir iqamə ilə qıldı.
Sonra “Qəsva”nı minib (muzdəlifədə yerləşən) “Məşərul Həram” adlı dağın yanına gəldi. Orada qibləyə yönəlib hava tam işıqlanana qədər Allaha dua etdi. Duasında (Allahu əkbər deməklə) Allaha təzim, (Lə iləhə illəllah deməklə) təhlil və (Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu deməklə) tövhid etdi. Sonra günəş çıxmamış yola düşdü. Əl-Fədl ibn Abbası miniyin üzərində arxaya oturtdu. O gözəl saçlı, ağ üzlü yaraşıqlı oğlan idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təzəcə yola düşmüşdü ki, yanlarından kəcəvaların içərisində qadınlar olan bir dəvə karvanı keçdi. Bu zaman Fədl gözünü dikib onlara baxmağa başladı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə əlini Fədlin üzünə tutdu. Fədl isə üzünü başqa istiqamətə çevirib baxmağa davam etdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də əlini başqa tərəfdən Fədlin üzünə tutdu. Sonra “Muhəssir” vadisinə gəlib çatanda dəvəsini bir az tez sürməyə başladı. Sonra “Cəmərətul Əqəbə”yə aparan orta yolla getdi. Gəlib ağacın yanında olan “Cəmərətul Kubra”ya çatdı və oraya yeddi ədəd balaca daş atdı və hər daş ilə təkbir etdi (“Allahu əkbər” dedi). Daşları atarkən vadidə dayanmışdı[6]. Sonra qurbangaha yollandı və öz əli ilə altmış üç baş dəvə kəsdi. Sonra bıçağı Əliyə verdi və o da qalanlarını kəsdi. O, Əlini öz qurbanlarına şərik etmişdi. Sonra kəsilmiş hər bir heyvandan bir tikə kəsib qazanda bişirməyi tapşırdı. Hər ikisi bişirilmiş ətdən yeyib, suyundan içdilər.
Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) miniyinə minib Kəbəyə yola düşdü. Məkkədə Zöhr namazını qıldı. Sonra Əbdülmüttalib oğullarının yanından keçdi. Onlar Zəmzəm quyusunun üzərində dayanıb camaata su paylayırdılar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara dedi: Ey Əbdülmüttalib oğulları, quyudan su dartın. Camaatın sizə sıxlıq yaratacağından ehtiyatlanmasaydım, sizinlə birlikdə su dartardım. Sonra ona bir tuluq su verdilər və ondan içdi».
İmam Nəvəvi (Allah ona rəhmət etsin) “Şərhu Muslim” kitabında (8/ 170) deyir:
«Bu, çox əzəmətli hədisdir. Orada çoxlu faydalı məlumatlar, gözəl və əhəmiyyətli qaydalar vardır. İmam Qazi deyir: İnsanlar bu hədisdə olan fiqhi məsələlər haqqında çox danışmışlar. Əbu Bəkr ibn əl-Munzir bu haqda böyük bir kitab yazmış və orada yüz əllidən çox fiqhi məsələ qeyd etmişdir. Hələ bu haqda dərinə getsəydi bir o qədər də məlumat toplayardı».


***



[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 707. Müslim: 2/ 886/ ? 1218.
[2] Demək, doğuşdan sonra müəyyən vaxt xəstəlik qanı ifraz olunur. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin qadına övrət yerlərini paltarla sıx bağlamağı və bundan sonra ziyarətə niyyət etməyi əmr edir. Bu haqda əlavə məlumat üçün İmam Nəvəvinin “Şərh Səhih Müslim” əsərinə (8/ 239. Qurtuba nəşri) baxa bilərsiniz. (tərc.)
[3] Əl-Bəqərə: 125.
[4] əl-Bəqərə: 158.
[5] Yəni, Quranda ilk olaraq “Səfa”nın adı çəkildiyi üçün birinci oradan başlayıram. (tərc.)
[6] Yəni, üzü daş atan yerə, sağ tərəfi mina, ərəfa və muzdəlifə, sol tərəfi isə Məkkə tərəfə idi.


Tarix: 01.05.2013 / 16:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Maraqlı melumatlar