beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər)-Dünyanın (naz-nemətlərinin) açılma

Yeddinci fəsil: Dünyanın (naz-nemətlərinin) açılması və onun üçün (insanların) yarışmanın qorxusu.

Amr ibn əl-Əuf (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) Əbu Ubeydə ibn Carrahı Bəhreynə, oranın cizyəsini (vergisini) gətirmək üçün göndərdi. Peyğəmbər (s.a.v) Bəhreyn xalqıyla müəyyən bir miqdarda cizyə vermə barəsində müqavilə bağlamışdı.Üzərlərinə əl-Alə ibn əl-Hadramini əmir təyin etmişdi. Əbu Ubeydə Bəhreyndən cizyə malını götürüb (Mədinəyə) gəldi. Ənsarlar Əbu Ubeydənin gəldiyini eşitdi və Peyğəmbərlə birlikdə səhər namazına gəldilər. Peyğəmbər namazı qılıb oradan ayrıldı. Onlar Peyğəmbərin qarşısına çıxdılar. Peyğəmbər onları qarşısında gördüyü vaxt gülümsədi və sonra belə buyurdu: “Zənn edirəm ki, siz Əbu Ubeydənin Bəhreyndən bir şey ilə gəldiyini eşitdiniz?” Onlar: “Bəli! Ey Allahın Elçisi!” deyə cavab verdikdə, Peyğəmbər (s.a.v) belə buyurdu: “O halda sevinin və sizi sevindirəcək şeyi ümid edin! Allaha and olsun ki, mən sizin kasıb olmağınızdan qorxmuram, lakin mən sizin dünyanın sizdən əvvəlkilərə sərildiyi kimi, sizə də sərilməsindən və dünya üçün onların yarışdıqları kimi, sizin də yarışmağınızdan və dünyanın onları həlak etdiyi kimi, sizi də həlak edəcəyindən qorxuram.”

Səkkizinci fəsil: Dünya fəth olunan zaman bir-biri ilə yarışmaq və bir - birinə həsəd etməyin qorxusu.

Abdullah ibn Amr ibn əl-As Peyğəmbərin (r.a) belə dediyini rəvayət edir: “Sizə Fars və Rum fəth olunduğu vaxt, sizlər hansı tayfa olacaqsınız?” Əbd ər-Rahman ibn Əuf belə dedi: “Allahın bizə əmr etdiyi kimi (həmd, şükür və fəzilətini istəməyə dair sözlər) deyərik.” Peyğəmbər(s.a.v) belə buyurdu: “Bundan başqa bir şey etməzsinizmi? Yarış edərsiniz! Sonra bir-birinizə həsəd edərsiniz. Hətta bir-birinizə arxa çevirərsiniz, bir-birinizdən küsərsiniz! Yaxud buna bənzər şeylər edərsiniz! Sonra mühacirlərin kasıblarına gedib, onları bir-birləri üzərinə (vali) edərsiniz!”


Doqquzuncu fəsil: Dünya axirətlə müqayisədə, sizdən biriniz barmağını böyük bir dəryaya batırıb oradan çıxartdığı su qədərdir.

Mustəvrid ibn Şəddad (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Dünya axirətlə müqayisədə, sizdən biriniz bu barmağını (Yəhya şəhadət barmağını işarə etdi) böyük bir dəryaya batırıb oradan çıxartdığı su qədərdir.”


Onuncu fəsil: Dünya ilə imtahana çəkilmək və orada necə əməl etmək haqda.

Əbu Hüreyrə (r.a) Peyğəmbərdən (s.a.v) belə eşitdiyini rəvayət edir: “İsrail oğullarının içərisində biri cüzam xəstəliyinə tutulan, o biri keçəl, digəri də kor olan üç adam vardı. Allah onları sınağa çəkmək istədi və onlara bir mələk göndərdi. Mələk cüzam xəstəliyi olanın yanına gəlib belə dedi: “Sənin ən çox istədiyin şey nədir?” O: “Gözəl rəng, gözəl dəri və insanların iyrəndiyi xəstəliyin məndən getməsi!” deyə cavab verdi. Mələk ona məsh çəkdi və ondan bu çirkin hal getdi, ona gözəl bir rəng və gözəl bir dəri verildi. Mələk dedi: “Sənin ən istədiyin mal hansıdır?” O: “Dəvədir!” və yaxud “İnəkdir!” dedi. (İshaq şəkk edərək belə demişdir: “Cüzam xəstəliyinə tutulan və yaxud keçəl, ikisindən biri: “Dəvə”, digəri isə: “İnək” demişdir.”) Ona doğması yaxın olan dişi bir dəvə verildi. Mələk “Allah sənə bu dəvə də bərəkət versin!” dedi. Sonra keçəlin yanına gəldi və dedi: “Sənin ən çox istədiyin şey nədir?” Keçəl dedi: “Gözəl saç və insanların iyrəndiyi bu keçəlliyin məndən getməsidir!” Mələk ona məsh çəkdi və ondan bu çirkin hal getdi və ona gözəl bir saç verildi. Mələk dedi: “Sənin ən çox istədiyin mal hansıdır?” O: “İnəkdir!” dedi və ona hamilə bir inək verildi. Mələk “Allah sənə bu inəkdə bərəkət versin!” dedi. Sonra korun yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O belə cavab verdi: “Allah mənə gözümü qaytarması və onunla insanları görməkdir! Mələk ona məsh çəkdi və Allah ona gözünü qaytardı. Mələk dedi: “Sənin ən çox istədiyin mal hansıdır?” O “Qoyundur!”
dedi. Ona doğacaq bir qoyun verildi. Bir müddət sonra bunların malları balaladı. Dəvə istəyənin bir vadi dəvəsi, mal istəyənin bir vadi malı və qoyun istəyənin də bir vadi dolusu qoyunu olmuşdur. Sonra Mələk cüzam xəstəliyinə tutulanın yanına, onun əvvəlki şəklində gəlib dedi: “Mən kasıb bir adamam. Bu gün əvvəlcə Allah, sonra səndən başqa məni (evimə) çatdıracaq yoxdur. Səndən bu gözəl rəngi, gözəl dərini və malı verən Allahın rizası üçün bir dəvə istəyirəm. Yolumda onunla muradıma çatacağam.” Cüzam xəstəliyinə tutulan dedi: “Haqlar çoxdur.” Mələk ona dedi: “Elə bil mən səni tanıyıram. Sən kasıb, insanların iyrəndiyi cüzam xəstəliyinə tutulan deyilsənmi? Sən kasıb idin, Allah sənə mal verdi.” Cüzam xəstəliyinə tutulan dedi: “Mən bu malı ancaq böyükdən böyüyə qədər bir miras olaraq əldə etdim!” Mələk ona dedi: “Yalan danışırsansa, Allah səni köhnə halına çevirsin!” Sonra mələk keçəlin də yanına köhnə surətində gələrək, ona söylədiyini keçələ də söylədi.
O da bunun kimi cavab verdi. Mələkdə ona: “Yalan danışırsansa, Allah səni köhnə halına çevirsin!” dedi. Sonra korun da yanına köhnə şəklində gəlib dedi: “Mən kasıb bir adamam. Bu gün əvvəlcə Allah, sonra səndən başqa məni (evimə) çatdıracaq yoxdur. Səndən gözünü qaytaran Allahın rizası üçün bir qoyun istəyirəm. Yolumda onunla muradıma çatacağam.” Kor dedi: “Həqiqətən mən kor idim. Allah mənə gözümü qaytardı. İndi istədiyini götür, istədiyini də saxla! Allaha and olsun ki, bu gün Allah üçün götürdüyün bir şeydə sənə çətinlik çıxarmayacağam!” Onda mələk dedi: “Malın sənin olsun. Siz ancaq sınağa çəkildiniz. Sənd (Allah tərəfindən) razı olundun, iki yoldaşın isə Onun qəzəbinə uğradı!”

On birinci fəsil: Dünya (nemətlərinin) az olması və ağac yarpağı yemək haqda.

Səad ibn Əbu Vaqqas (r.a) belə rəvayət edir: “Allaha and olsun ki, mən Allah yolunda ərəblərdən ilk oxatan adamam. Peyğəmbər (s.a.v) ilə birlikdə Hublə ilə Səmur ağacının yarpağından başqa yeyəcəyimiz bir şey olmadığı halda döyüşə gedərdik. Hətta bizlərindən biri ayaq yoluna çıxdıqda nəcisi qoyunun qığı kimi (bərk) olurdu. Sonra Bəni Əsəd din naminə məni töhmət etdi. Bu halda mən xəsarətə uğradım və əməlim batil oldu.”

Xalid ibn Umeyr əl-Adavi belə rəvayət edir: “Utbə ibn Ğazvan bizə xütbə verdi və Allaha həmd-səna etdi. Sonra bunları söylədi: “Bundan sonra (məlum olsun ki) dünya keçici olduğunu bildirmiş və sürətlə keçib getmişdir. Ondan qabın dibində qalan və sahibi içən su kimi başqa bir şey qalmamışdır. Heç şübhə yoxdur ki, siz dünyadan fani olmayan bir diyara köçəcəksiniz. O halda əlinizdə olanın ən xeyirlisi ilə köçün. Bizə deyildiyinə görə, Cəhənnəmin kənarından bir daş atılar, dibinə çatmaq üçün yetmiş il düşər. Onun dibinin dərinliyi bilinməz. Allaha and olsun ki, Cəhənnəmə doldurulacaqsınız. Yoxsa təəccüb edirsiniz? Bizə deyildiyinə görə, Cənnət qapılarının hər iki çərçivəsinin arası qırx illik məsafədir. Cənnətdə elə bir gün gələcək ki, izdiham qapıya qədər dolacaq. Mən özümü, Peyğəmbər ilə birlikdə olan yeddi adamın yeddincisi olduğumu görmüşəm. Ağac yaprağından başqa yeməyimiz yox idi. Hətta dodaqlarımız yara oldu. Mən bir əba tapdım və onu özümlə Səad ibn Malik arasında böldüm. Yarısı ilə özüm sarındım, yarısı ilə də Səad sarındı. Bu gün isə bizdən hər biri, şəhərlərdən birinə əmir olmuşuq. Mən nəfsim haqqında böyük, Allah yanında kiçik olmaqdan Allaha sığınaram. Həqiqətən heç bir Peyğəmbərlik yoxdur ki, nəsx olduqdan sonra aqibəti səltənətə çevrilməsin. Sizlər xəbər alacaq və bizdən sonra gələcək əmirləri təcrübə edəcəksiniz.”

On ikinci fəsil: Ölünün ailəsi və malı qayıdar, əməli isə onunla qalar.

Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Ölünü üç şey müşayiət edər: “Ailəsi, malı və əməli. Bunlardan ikisi qayıdar, biri onunla qalar. Ailəsi və malı qayıdar, əməli onunla qalar.”


Tarix: 24.04.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Maraqlı melumatlar