beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey Nəfsim!

Ey ağıllı olduğunu iddia edən nəfsim!
Sənin arzuların dünya ləzzətləridir. O arzular ki, insana Allahu təaləni xatırlamağı unutdurar. O arzular ki, insanın ən qüvvətli düşmənidir. O arzular bitməz və tükənməz.
Ey nəfsim! Sən dünya zövqlərinə, ləzzətlərinə o qədər düşkün oldun ki, onların yaxşı yoxsa pis, faydalı yoxsa zərərli olduqlarının belə fərqinə varmadın.

Sənin arzularını İslam əmrləri ilə müqayisə etdim, bir uyğunluq tapmadım. Daha sonra İslamın qadağan etdikləri ilə müqayisə etdim, hər biri uyğun idi. İndi səndən soruşuram, sən bu halında özünün ağıllı olduğunumu zənn edirsən? Halbuki səndən daha axmaq birisi yoxdur!



Ey nəfsim! Sən yaxşılıqlardan qaçırsan və bu qaçışda pisliklər ilə yarışırsan. Pislik yarışçılarını ötməyə çalışırsan. Lakin sənə tamam başqa şeylər əmr olunmuşdur. Sən cəhalət içindəsən, qəflət pərdəsində gizlənmisən.
Ey nəfsim! Ömrünü boş şeylərlə, gülüb-əylənməklə keçirirsən. Sənin halın bir qatilə bənzəyər.O qatil ki, polislərin onu axtardıqlarını, yaxaladıqda isə edam edəcəklərini bilir və vaxtını əyləncə ilə keçirir. Səncə bundan daha axmaq kimsə varmı?
Ey nəfsim! Əcəl sənə doğru gəlməkdədir. Cənnət və Cəhənnəm... Bunlardan biri mütləq səni gözləməkdədir. Sən Cəhənnəm oduna səbr edə bilərsənmi? Yoxsa əcəlinin bu gün gəlməyəcəyinə dair təminat almısan? Bu gün gəlməzsə ondan sonrakı gün gələcəkdir.
Ey nəfsim! Xidmətçin, işçin sənə itaət etməzsə, sənə tabe olmazsa ona qarşı qəzəblənməzsənmi? O halda Allahu təalənin sənə qəzəblənməyəcəyinə necə əmin olmusan? Əgər onun əzabının yüngül olduğunu zənn edirsənsə barmağını alova tut! Yox əgər dünyada etdiklərinə görə sənə cəza verməyəcək sanırsansa Qurani-Kərimə və 124 min peyğəmbərə inanmamış olursan. Çünki Allahu təalə Nisə surəsi 122-də buyurur:” Günah işləyən cəzasını çəkəcəkdir!”
Ey nəfsim! Günah işlədərkən O Rahimdir, O Raufdur, məni bağışlayar deyirsənsə, bəs onda dünyada yüz minlərlə adama nə üçün zəhmət, aclıq və xəstəlik çəkdirir, tarlasını əkməyənlərə məhsulunu vermir?
Ey nəfsim! Yoxsa sən də sonra tövbə edərəm, yaxşı işlər görərəm deyə düşünürsən. Yoxsa ölümün daha əvvəl gəlməyəcəyinə əminsən? Yoxsa son peşmançılığın kiməsə fayda verdiyini görmüsən? Yoxsa sabah tövbə etməyi bu gün tövbə etməkdən daha rahat sanırsan? Halbuki tövbə gecikdiksə gecikər və çətinləşər.
Ey nəfsim! Bax görə necə dünya nemətləri gözünü bağlayıb, dünya ləzzəti səni həlaka aparıb. Heç bir gün öləcəyini düşünmədinmi? Heç bir gün bütün bunların səndən alınacağını fikirləşmədinmi? Bunları nə qədər çox sevsən, onlardan ayrılanda da o qədər çox ayrılıq əzabı çəkəcəksən.
Ey nəfsim! Niyə dünyaya bu qədər bağlanmısan? O bağlandığın dünya sənin olsa belə ondan ayrılacağın an gələcəkdir. Sənin adın unudulacaq, xatirələrdən silinəcəkdir. Sən də bir gün hamı kimi torpağın gözünə sürmə olacaqsan.
Ey nəfsim! Unutma ki, dünyanın qiymətsiz olduğunu anlasan, onun çətinliklərinə kədərlənməzsən, ondan çəkinərsən.Ondan çəkinsən özünü tanıyarsan, Özünü tanısan Rəbbini taparsan. Və bil ki, Rəbbinə xidmət etsən, dünya sənin xidmətçin olacaqdır.


Tarix: 11.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Maraqlı melumatlar