beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəhənnəmə aparan sözlər, yoxsa Cənnəti qazandıran "sükut”?

Dil Allahu təalənin bizlərə bəxş etdiyi ən böyük nemətlərdən biridir.Təbii ki, bu böyük nemət üçün Yaradana şükür etməli və bu nemətdən düzgün istifadə etməliyik. Məhz bu halda Allahu təalənin bizlərə vəd etdiyi əbədi səadətə nail ola bilərik. Çünki dil elə bir nemətdir ki, onunla Cənnətin ən yüksək mərtəbəsini də, Cəhənnəmin dibini də qaza bilərsən.

Deyirlər, düşünərək danışmaq hazırcavab olmaqdan daha yaxşıdır. Çünki insanın şəxsiyyətinə onun danışığına, dediyi sözlərə görə qiymət verirlər. Onun üçün sözlərimizlə gəlin özümüzü kiçiltməyək.
Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) buyurmuşdur:
-Allaha və Axirət gününə iman edən kəs ya xeyir söyləsin, ya da sussun!
Başqa bir hədisdə buyurur:
-İnsanlar üç qismdir.Bir qismi qazancda, bir qismi salamat və bir qismi də həlakdadır. Qazancda olanlar Allahı zikr edənlərdir, salamat olanlar dillərinə sahib olanlardır, həlaka gedənlər isə boş və yalan sözlərə aldananlardır.
Sağ ikən həlak olanlar dilləri ilə yalan danışan, qeybət edən, böhtan atan kəslərdir.Eləcə də Allah dostlarını bu mərtəbəyə yüksəldən amil onların dilləridir.
Qəlblərimizi öldürən dil deyilmi? Necə ki, Fudayl bin İyaz (ra) buyurmuşdur: “Çox danışmaq, çox yemək və çox yatmaq qəlbi öldürər.”
İnsanın ağılsız olduğunu büruzə verən onun dili deyilmi? Necə ki, Abdullah əl Ənsari buyurur:
-Az əməl edib çox danışan kəsin ağılında qüsur vardır.
Bir hədisdə Allah rəsulu (SallAllahu aleyhi və səlləm) buyurur:
-Mömin o kəsdir ki, az danışar, amma çox əməl edər.Münafiq o kəsdir ki, çox danışar, amma az əməl edər.
Əbu Bəkr (ra) buyurur: “Gözəl və müdrik danışmağın sirri boş və mənasız sözləri tərk etməkdədir.”
Başqa bir hədisdə Peyğəmbərimiz Muhəmməd (SallAllahu aleyhi və səlləm) yalan danışmağı münafiqliyin əlamətlərindən saymışdır.
Allahu təalə Qurani Kərimdə buyurmuşdur:
- Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bəzi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx möminlərin xoşuna gəlmədi).
- Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. (Saf surəsi 2-3)
Başqa bir ayədə Allahu təalə buyurur:
-Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əhzab-70)
İbn Abbas (ra) buyurmuşdur: “İnsan üçün ən zərərli şey çox danışmaqdır!”
Amr ibn As (ra) buyurur: “Söz bir dərman kimidir. Lazım olduğu qədər istifadə edilsə fayda verir, əks halda isə zərərə səbəb olur.”
Abu Darda (ra) buyurur: “ Allah qatında möminin ən gözəl üzvü onun dilidir, çünki mömin bu dil ilə Cənnətə girər.Allah qatında kafirin ən pis orqanı da dildir, çünki kafir dilinə görə Cəhənnəm atəşinə atılar.”
İbrahim bin Ədhəm (r.) buyurmuşdur: “Danışmaq axmaq insanın axmaqlığını, ağıllı və işini bilən insanın isə bacarıqsızlığını üzə çıxarar.”
Onun üçün dilinizə nəzarət edin. Bəzən özümüz də hiss etmədən küfrə aparan sözlər danışırıq. Allahın aciz qulu olduğumuz halda, sözlərimizlə özümüzü ucaldırıq. Heç bu günə kimi düşünmüsənmi hər cümləndə nə qədər “Mən” kəliməsini işlətmisən. Görəsən nə böyük varlığıq ki, hər cümlədə mən,mən,mən...
”Mən olmasaydım” ilə nə qədər cümlə söyləmişik, indiyə kimi...?
Və ya “Bax, mən söyləmişdim” ilə nə qədər cümlələrə nöqtə vurmuşuq...? Amma fərqində deyilik, deyilmi?
Ona görə hər sözümüzə diqqət etməliyik. “Mən” deməsək nə dəyişir həyatımızda? Cümlələrimiz tamamlanmırmı? Axı görəsən bizim olan nələr var? Günahlarımızdan başqa.
Əslində isə “Mən” ilə bu cür cümlələr söyləməliyik:
Mən acizəm Allahım, Sən qadirsən.
Mən günahkaram Allahım, Sən bağışlayansan.
Mən faniyəm Allahım, Sən əbədisən.



İndi qərar sənindir: “Cəhənnəmə aparan sözlər, yoxsa Cənnəti qazandıran sükut?”


Tarix: 11.04.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Maraqlı melumatlar