beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Fəcr (Sübh çağı) surəsi

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 - {And olsun dan yerinə;}
Uca Allah gecə qaranlığının gündüzdən ayrıldığı sübh çağına and içir. Mücahid deyir ki, bu ayədə qurban bayramı gününün sübhü nəzərdə tutulur.

2 - {And olsun on gecəyə;} Zülhiccə ayının birinci on gecəsinə.
3 - {And olsun cütə və təkə;} Cüt və tək olan hər şeyə. Bəzi təfsirçilər deyirlər ki, cüt birinci və ikinci təşriq (zülhiccənin 11 və 12-ci) günləridir. Tək isə üçüncü təşriq (zülhiccənin 13-cü) günüdür.
4 - {And olsun keçib getməkdə olan gecəyə;}
5 - {Məgər bunlarda ağıl sahibi üçün and yoxmudur?!} Ağıl sahibi olan kimsə uca Allahın and içdiyi məxluqatın bu anda layiq olduğunu dərk edər.
6 - {Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?!}
7 - {Sütunlar sahibi İrəmə?!} İrəm Ad tayfasının digər adıdır. Bəzi məlumatlara görə İrəm onların babası olmuşdur. Bir başqaları isə deyirlər ki, İrəm onların yaşadıqları yerin adıdır. Bu, hündür dirəkli Dəməşq şəhəri və ya Əhqafda başqa şəhər adıdır.
8 - {Məmləkətlər arasında onun kimisi yaradılmamışdı.} Bu elə bir şəhərdir ki, onun kimi çətin tikililəri olan ikinci bir şəhər yoxdur.
9 - {Vadidə qayaları yolan Səmuda?!} Onlar dağları oyur və orada özlərinə evlər düzəldirdilər. Onların vadisi Mədinə ən-Nəbəviyyə və Şam yolunun üstündəki əl-Hicr və ya əl-Qura vadisi idi.
10 - {Eləcə də dirəklər sahibi Firona?!} Burada fironların özləri üçün qəbir olaraq inşa etdirdikləri ehramlar nəzərdə tutulur. Bəzi təfsirçilər deyirlər ki, ayədə saysız-hesabsız çadır qurmaq üçün dirəklər basdıran qoşun nəzərdə tutulur.
11 - {O kəslər ki, məmləkətlərdə tüğyan edir,} Ad, Səmud və Firon hərəsi öz məmləkətində tüğyan edirdilər.
12 - {Oralarda çoxlu fitnə-fəsad törədirlər.} Allaha küfr və asilik, bəndələrə isə zülm edirdilər.
13 - {Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.} Onları əzaba düçar etdi.
14 - {Şübhəsiz ki, Rəbbin baxıb görür.} Hər bir insanın əməlini görür və xeyirə xeyirlə, şərə şərlə qarşılıq verir. Həsən əl-Bəsri deyir: İnsanların yolu Onun qarşısından keçir və heç kəs Onun nəzərindən yayına bilməz.
15 - {İnsana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.} Allah insanın ruzisini genişləndirib, bol mal-dövlət verərsə, əldə etdiyi bu neməti özünə hörmət kimi qəbul edər.
16 - {Amma nə zaman onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı!” – söyləyər.} Bu kafir insanın xüsusiyyətidir. Mömin üçün ehtiram Allahın onu itaətə və axirət əməlinə müvəffəq etməsidir. Mömin üçün hörmətsizlik itaətdən və cənnət əhlinin əməlindən məhrum edilməkdir.
17 - {Xeyr! Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz.} Əvvəl iki ayədəki ifadələri deyən insana xəbərdarlıq edilir ki, Allahın sizə verdiyi bol ruzinin qarşılığında heç bir yetimə əl tutmursunuz. Əgər sizə verilən mal-dövlətdən yetimlərə də yedizdirsəydiniz, bu, sizin üçün Allah yanında ehtiram olardı.
18 - {Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.} Özünüzü, yaxud bir-birinizi bu işə təşviq etmirsiniz. Aranızda olan yoxsullar köməksiz və tənha qalırlar.
19 - {Mirası acgözlüklə yeyirsiniz.} Yetimlərin, qadınların və zəiflərin miras payını mənimsəyirsiniz.
20 - {Mal-dövləti isə, lap çox sevirsiniz.}
21 - {Xeyr! Yer dağılıb parça-parça olacağı;} Xeyr, bu sizə yaraşmayan əməldir. Bir gün yer sirkələnib, dağları yerlə bir olacaq. O zaman sizin işiniz necə olacaq?!
22 - {Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı;} Rəbbin bəndələrini haqq-hesab etmək üçün gələcəyi gün əzəmətli və qüvvətli mələklər cərgə-cərgə duracaqlar.
23 - {Və Cəhənnəmin gətiriləcəyi gün – məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!} Mələklər cilovlanmış cəhənnəmi məhşər meydanına gətirəcəklər.
24 - {O: “Kaş ki, mən əvvəlcədən axirət həyatım üçün yaxşı əməl edəydim!” – deyəcəkdir.}
25 - {O gün Allahın etdiyi əzabı heç kəs edə bilməz!}
26 - {Heç kəs Onun kimi zəncirləyə bilməz!} Heç kəs uca Allahın kafirləri qandalladığı və zəncirlədiyi kimi edə bilməz.
27 - {Ey arxayın nəfs!} Qəlbi Allaha iman və tövhidlə dolu, şəkk-şübhə etməyən bəndə.
28 - {Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!} Sənə bəxş etdiyi savab əməllərlə Rəbbindən razı halda Onun hüzuruna dön. Bil ki, O da səndən razıdır.
29 - {Bəndələrimin zümrəsinə daxil ol!} Əməlisaleh bəndələrimin toplumuna daxil ol və sən də onlarla birlikdə qal.
30 - {Cənnətimə varid ol!”} Onlarla birlikdə cənnətimə daxil ol. Bu əvəzolunmaz ehtiramdır.


Tarix: 10.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar