beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?

Çoxdan məlumdur ki, qadınlar bir qayda olaraq kiçşilərdən çox yaşayırlar. Lakin London İmperiya Kollecində aparılmış bir tədqiqat göstərib ki, bu gender fərqi getdikcə daralmaqdadır.

Tədqiqatın nəticələrinə görə, 2030-cu ildə İngiltərə və Uelsdə kişilər orta hesabla 85, 7 il ömür sürəcəklər. Bu, qadınların göstəricindən 2-cə il azdır.
Halbuki 1981-ci ilin göstəricələrinə görə, qadınlar adətən kişilərdən 6 il çox yaşayırdılar.
Amma, axı bu fərq niyə mövcuddur və nə vaxtsa tamamilə aradan qalxacaqmı?

Və ya bu fərq həmişəmi mövcud olub?

Beyaz.Az BBC-yə istinadən bildirir ki, Cass Biznes Məktəbindən professor Les Mayhew deyir ki, 1909-cu ildə qadınlar kişilərdən cəmi 2,5 il çox yaşayıblar.

Bu elə bir dövr idi ki, ölümlərin əksəriyyəti infeksiyalarla bağlı idi və infeksiyalar qadın və kişilərə eyni cür təsir edirdi.
Lakin həyat standartları yaxşılaşdıqca və antibiotiklər inkişaf etdikcə ömür uzunluğu gözləntisi uzanırdı.

Buna baxmayaraq qadınlar və kişilər arasındakı ömür uzunluğu fərqi ötən əsrin ikinci yarısından sonra artmağa başlamışdı.

Fərq niyə mövcuddur?

Siqaret çəkmək bu fərqin əsas səbəblərindən biri sayılır. Ona görə də indi gender yaş fərqinin azalmasını da çoxlarının siqaret çəkməyi tərgitməsi ilə izah edirlər.

Təcrübə göstərir ki, siqaretə də kişilər qadınlardan erkən yaşlarda başlayıb, tərgidəndə də daha gec tərgidirlər.
1948-ci ilədək hər 8 kişidən biri siqaret və ya siqar çəkən olub.

Bu isə öz növbəsində ömürləri qısaltmaqla təbabətin əldə etdiyi uğurların əhəmiyyətini azaldırdı.
Qadınlar isə adətən siqaret çəkməyə daha gec başlayıblar, üstəlik qadınlarda siqaret çəkməyin miqyası kişilərin miqyası ilə müqayisədə həmişə az olub.

1960-70-ci illərdə hökumət və səhiyyə tütünlə ölümlər arasındakı bağlılığa daha ciddi yanaşmağa başladılar.
Bundan sonra siqaret çəkənlərin sayı azalmağa başlayıb.

Məhz o illərdə siqareti atanların artması müasir dövrümüzdə ömrün uzanması statistikasına müsbət təsir göstərən faktor olub.
Oksford Universitetindən professor Richard Peto deyir ki, siqaret bu adəti olanların tən yarısını öldürür.

“Amma tərgitmək heyrətamiz bir şəkildə müsbət təsir göstərir, – deyir professor, - Siqareti 40 yaşınadək tərgidənlər riskin 90 faizindən xilas ola bilirlər”.

Ürək xəstəliklərinin müalicəsindəki yeniliklər də ömür uzunluğuna çox təsir göstərib. Üstəlik kişilər tarixən daha təhlükəli işlərdə çalışıblar.

Məsələn 1920-ci illərdə Britaniyada 1 milyon kişi təhlükəli mədən işində çalışırdı. Bu isə onları ağ ciyər xəstəlikləri kimi təhlükə qarşısında qoyurdu.

Qadınların kişilərdən bioloji üstünlüyü varmı?

Cass Biznes Məktəbindən professor Les Mayhew buna inanmır.
Ötən il dərc etdirdiyi elmi işində doktor yazır ki, gender yaş fərqinin çox böyük olması onun biloji faktorlarla bağlı olduğunu düşünməyə əsas vermir və buradakı fərq ictimai səciyyə daşımalıdır.

Bir başqaları isə güman edirlər ki, burda məhz biloji faktorlar əsas rol oynaya bilər.
Hesablamalar göstərir ki, siqaret çəkməyən kişilərlə siqaret çəkməyən qadınlar arasındakı ömür uzunluğu fərqi qadınların xeyrinə olaraq qalır.

Heç kim bilmir ki, burada lap bioloji faktor rol oynasa da, o məhz hansı faktordur?

Amma bir sıra ekspertlər düşünürlər ki, fərq qadınları ürək xəstəliklərindən qoruyan hormonlarda ola bilər.
Professor Peto isə deyir ki, qadınları qoruyan hansı faktor olursa olsun, siqaret çəkilməsi buna mənfi təsir göstərir.

Qadınların daha uzun yaşamasına dair nə kimi nəzərəriyyələr var?

Kişilərin daha az yaşamasına dair əksər nəzəriyyələr hələ tam öyrənilməyib və isbat olunmayıb.
Bəzi araşdırmalar göstərir ki, immun sistemlərinin daha yavaş qocaldığına görə qadınlar daha uzun ömür sürürlər.
Buna görə də onlar yaşlandıqca xəstəliklərə qarşı müqavimət gücünü saxlayır, kişilər isə bu qabiliyyəti itirirlər.

Belə arqumentlər də vardır ki, canlı aləmdəki başqa növlərdə də gender yaş fərqi mövcuddur.
Bir nəzəriyyəyə görə kişilərin rəqabətli təbiəti onları daha riskli həyat tərzinə çəkir.

Bir başqaları isə inanırlar ki, qadınlar övladlarının gələcəyindən arxayın olmaq üçün çox yaşayılrlar.

Fərq daralacaqmı?

Rəsmi rəqəmlər göstərir ki, fərq tədricən daralır.
Milli statistikanın məlumatlarından çıxış edilərsə, 2037-ci ilədək qadın və kişilərin ömür gözlənitisindəki fərq 3 il olacaq.

Digər tərəfdən professor Mayhew düşünür ki, 2030-cu ildə kişi və qadınlar orta hesabla eyni müddətdə yaşayacaqlar.
Lakin bir başqaları bu ehtimalları ağlabatan saymırlar. Proqnozlar qeyri-müəyyəndir. Gələcəkdə çox şeylər dəyişə bilər.

Lakin gələcəyi modelləşdirmək işində azı bir məsələdə konsensus mövcuddur: Həm kişilər, həm də qadınlar qarşıdan gələn illərdə, ümumilikdə daha uzun və güman ki, daha sağlam ömür sürəcəklər.


Tarix: 04.05.2015 / 10:26 Müəllif: Aziza Baxılıb: 494 Bölmə: Maraqlı Melumatlar