beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Real və xəyal qarşıdurması I Olan və olmayan dünyalar

Əziz dostlarım,hər şeydən öncə sizlərə bir məsələni aydınlaşdırmaq istərdim ki,mən “olan” və “olmayan” dünya dedikdə sizlərə deyilən,sizlərin qəbul etdiyiniz(bəziləriniz təbii ki,belə nəsnələri qəbul etmirsiz,bəlkə də doğru yoldasız),sizlərə bu ən “doğru”su deyə verilən və özünün təsdiqini də səmavi dinlərin müqəddəs yazılar toplusu kimi qəbul edilən kitablardakı dünyaları nəzərdə tutmuram.Yəqinki artıq çoxunuza məlum oldu ki,dinlərin insanlara bəyan etdiyi hansı dünyalardır.Bilməyənlərə də,qısaca xülasə edim ki,bu dünyaların adı dinlərdə(səmavi dinlərdə təbiiki)”O dünya,yəni cənnət dünyası və cəhənnəm dünyası”anlayışlarıdır.

Əvvəlcədən xatırladım ki,bu dünyaların hansı anlama gəlməsi,hansı mahiyyətləri əhatə etməsi,haradan qaynaqlanması,necə oldu ki,insana bu kimi dünyalar vacib və ya insan bu dünyaları özünə vacib bildi və.s kimi yaxın sualları cavablandırmaq hələki mənim adını olan və olmayan dünya adlandırdığım yazımla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.Cənnət və cəhənnəm dünyaları ilə maraqlanan insanlara yaxşı bir tövsiyyə:”Dostlar,mollalardan uzaq olun,amma öldüyünüz zaman qəbir daşınınızın üstündə yasin sürəsini oxuyan insanın da molla olduğunu unutmayın.Nə qədər qəribə görünsə də,Azərbaycan cəmiyyəti mollalarsız keçinə bilmir.”


Yuxarıda adını çəkdiyim o dini dünyaları xatırlatmağımın əsas səbəbi əziz oxucularımızın bu dünyalarla mənim indi bir azdan aydınlaşdırmağa çalışacağım dünyalarla qarışdırılmasının qarşısını almaqdır.İndi isə,keçək əsas məsələyə.

Mənə görə,mənim dünyagörüşümə görə,”OLAN” dünya nədir?Bu dünya mənə görə reallıq dünyasıdır.Bu dünyada iki ayağı,iki qulağı,iki gözü və bir neçə belə ikisi və birdə ən əsaslardan biri “balaca”başı olan insan bütün olanlara hakimdir.Reallıq dünyası necə olur,onun hər hansı bir rəngi varmı,onu digər dünyalarımızdan fərqləndirən nələrdir?Bəli,reallıq dünyasının bir rəngi var:Rəngsizlik.Bəli,dostlarım,burda insan hər bir şeyi rəngsiz görür və rəngsiz də qəbul edir.Bu necə olur deyə sual vermiş olsanız mən bunu belə bir misal ilə cavablandırmağa çalışardım:”Məsələn,düşünün ki,sizin cibinizdə bir manat pulunuz var və siz prezident olmaq istəyirsiniz.”Absurd səsləndi eləmi,dostlarım?!Lap elə Alber Kamyünun absurd həyatı kimi.Məncə də.Ona görə absurd səsləndi ki,ən azından prezident olmaq üçün yüksək mənəviyyatdan da çox(burda bir nəsnəni qeyd edim ki bəzən mənəviyyatı olmayan insanların da hakimiyyət başına keçməsi faktları ilə rastlaşmaq olur),yüksək maddiyyat,yəni sizin bir manatınızın milyonlarla qatı gərəkdir.Yəni,dostlarım,əgər sizin cibinizdə bir manatınız varsa əsla belə bir dünyaya qapılmayın.Bu əsla olan dünya deyil.Bu sizin istədiyiniz,yaratmaq və gələcəyə planlaşdırdığınız dünya deyil.Bu reallığa sığmayan xülyadır.Yox,əgər siz yenə də öz fikrinizdə qalıb sonda dilənçi olmaq fikiriniz varsa onda buyurun.Heç kim sizin bu demokratik seçiminizi əngəlləmir.Təbiiki bunlar sadə misallardır,amma düşünməyə dəyəcək də misallardır.Düşünün.Düşünməyinizi də onsuzda əlinizdən alan bir rejim yoxdur.Amma çalışın düşüncələriniz öz həyatınızdan çıxış edərək formalaşsın.Ona görə formalaşsın və təkmilləşsin ki,düşüncələrinizə görə hər gün əzab çəkən siz olmayasınız.Reallığın düz,heç bir əyrisiz gözlərinin içinə baxmağı öyrənin.Onda insanın ağrısı daha az olur.Ən azından bir təsəllin o olur ki,sən artıq nəyə necə baxmağı öyrənirsən.

Reallıq dünyası qorxuludur.Qəbul etdim.Heç kim, dünyaya onu bu reallıq dünyasına gətirən anasına onu bu dünyaya öz xoşu ilə gətirməsi üçün xüsusi bir ərizə təqdim etmir.Hamımız atalarımız və analarımızın hansısa sevgisinin(sevgi-bu mənim üçün çox müəmmalı məsələ olaraq qalır),hansısa şəhvani istəklərinin,hansısa nəsil artırma qaydalarının nəticəsi olaraq gəlirik.Ən azından bizi bu eybəcər dünyaya(mən bu dünyanı belə adlandırmağı sevirəm)gətirdiklərinə görə təşəkkür etməyi də unutmayaq.

Reallıq dünyası acımasızdır.Əbəs yerə ingilis filosofu Tomas Hobbs “insan insanın canavarıdır”tezisini yeni dövrdə ortaya atmamışdı.Bu tezis bu gündə aktualdır və sabah da aktual olaraq qalacaq.Məsələ burasındadır ki,insan elə bir yaratıq ki,bəzən o qırıcı dişlərini canavar dişi kimi,qarşısındakı insanın onun yaxını uzağı olmasından asılı olmayaraq batıraraq məhv edə bilər.Bu məsələ də alman filosofu Fridrix Nitsşenin bir afrozmasını xatırlamaq əsl yerinə düşərdi.”İnsan nə yazıq ki,ən yırtıcı heyvandır.”Mənə görə isə insan şüura malik olan yeganə heyvandır.İnsanı heyvan olmağa vadar edən nədir?Təbii ki,ilk növbə də onun maraqları,məqsədləri və ən əsas da sahib olma instikti.Bunları həyata keçirtmək üçün insan hətta atasını belə qurban verməyə hazırdır.

Reallıq dünyasında qalmaq və həyatını tam olaraq bunun üzərinə qurmaq obrazlı olaraq dağın başında koma qurub müasir dünyanın insana bəxş etdiyi hər cür yeniliklərdən məhrum olmaq kimi,bir şeydir.Reallıqda qalmaq hər insanın həyat seçimi deyil və hər insanın da qaldıra biləcəyi bir yük deyildir.

Xəyal olmadan,arzu olmadan,ümid olmadan,xülya olmadan yaşamaq sanki,hər gün od püskürən əjdahanın ağzından əti oğurlayıb qidalanmaq kimi bir şeydir.Bunu hər kəs bacarmaz.Bacaranlarda bunu heç kimə tövsiyyə etməz.Reallıq dünyasının yükü ağırdır.Hər kəs bu yükü çəkə və darta bilməz.

Gəlin,gəlin dostlarım,məndə sizə qoşularaq özümüzə sübut edək ki,biz insanlar bir şeyi əldə edə bilmədikdə əldə edə bilmədiyimizi,görmək istədiyimizi görə bilmədiyimizdə,eşitmək istədiyimizi eşitmədiyimizdə onu ya bütləşdirib kiməsə,nəyəsə,harasa həvalə edirik,ya da onu bütləşdirib gecə-gündüz ona dualarımızı edirik ki,bizə eşitmək,görmək,bir sözlə əldə etmək istədiklərimizi daha rahat əldə etmək üçün öz köməyini etsin.

Məncə olan dünya ilə bağlı bu qədər yazmaq kifayət edər.Reallıq dünyası və ya bizim içimizdə olub,lakin içimizdən kənara atmağa çalışdığımız dünyanı,OLAN dünyanı daha düşüncəli,daha dərin,daha ağlabatan şəkildə anlamaq üçün sadəcə bir yol var:Gözlərimizi yarımulu,biri açıq,biri qapalı yox,tam açıb ətrafımıza baxmaq kifayət edər.OLAN dünya ağrılı,qorxulu,çətindərkolunan,əjdahabaşlı olsa da onun dadına tam dadı ilə baxmadan dünyadan getmək Günah olardı.

İndi isə keçək olmayan dünyaya.Olmayan dünya anlayışını aydınlaşdırmaq üçün ilk növbədə tarixə,yəni bu anlayışın elmi,fəlsəfi fikirdə işlənməsinə nəzər yetirməyimiz hesab edirəm ki,dostlar,daha maraqlı olardı.Bunun üçün ilk növbədə olmayan dünyanın necə olan dünya kimi, yaradılması və ya necə uydurulmasına diqqəti cəmləyək.Məsələn,bu yöndə ilk addımı antik yunan filosofu Platonun fəlsəfəsində görmək şansı əldə etmək olar.Platonun “ideyalar aləmi”,”ideyalar dünyası”,məhz mənim üzərində dayanaraq aydınlaşdırmaq istədiyim dünya anlayışıdır.Hesab edirəm ki,Platon özünü reallıq dünyasının ilk düşmanı olaraq,insanlara xəyal dünyasını,olmayan,amma insanın şüurunda yaratdığı dünyanı daha məqbul və daha doğru hesab etmələrini buyurur.Onun bu yaratmaq istədiyi dünyada hər şey “ideal”bucaq altında öz həyatını davam etdirir.Bu dünyada hər şey nizamlı,sistemli,qanunauyğun və ən ümdə hüquq sistemi çərçivəsində qurulur.Məndə qəbul edirəm ki,burada Platon ideal insan,ideal cəmiyyət,ideal dünya,bir sözlə ən sonda insanların ən ideal bəşəriyyətini yaratmaq yox sadəcə xəyal etmək səviyyəsində qalıb.Amma ən azından heç olmasa öz dövründə ideal dünya anlayışını xəyal etməsi belə,bizim Platonun şəxsiyyətinə təşəkkür etməyimizə bəs edər.Amma minillər boyu da insanları öz reallığından ayırıb,onu sadəcə öz hisslərinin nəticəsi kimi görüntüyə gələn xəyallar dünyasının qurbanına da məhz Platon kimi filosoflar səbəbkar olduqlarına görə tənqid etməyə əsaslı səbəblərimiz var.Diyəsən Platonu çox yüksəklərə qaldırdım.Yeri gəlmişkən qeyd edim ki,istər qədim dövrdə,istər orta əsrlərdə,istərsə də bu günki günümüzüdə olsun,sadalanan bütün dövrlərdə mövcüd sosial nəzəriyyələrin mənbəyini birbalaca araşdırsaq çox tezliklə bizə bəlli olar ki,hamısının mənbəyi Platonun “ideal dünya”anlayışına gətirib çıxarır.Yəni elə mənim fikrimcə,bütün sosial utopistlərin ulu babası Platonun özüdür.Halbuki,heç bir sosial utopist,Platonun özü belə birbalaca da olsun fikirləşmir ki,insanlar eyni doğulmadığı kimi,eyni sosial şəraitə də malik ola bilməzlər!

Dostlar,ayılaq,ayılaq hisslərimizin qurbanı olmaqdan.Ayılaq ağlımızı ürəyimizə qurban verməkdən.İnanın ki,heç də həmişə xəyallarımız bizim uğurlu gələcəyimizə təminat vermir.Gərək ki,bizlər çox da Albert Eynşteynin aşağıdakı fikrini özümüzə həyat yolu seçməyək:

“Məntiq bizləri A nöqtəsindən B nöqtəsinə çatdıra bilər.Xəyallar isə bizi məntiqin belə çata bilmədiyi nöqtələrə apara bilər.”Hər şeydən öncə bir şeyi anlamaq lazım ki,Albert heç də ağılsız biri deyildi.Yəni,o heçdə bizim anladığımız xəyalları nəzərdə tutmayıb.Onun nəzərdə tutduğu xəyallar belə,məntiqli,rasional və dərkedilmiş xəyallardır.Yəni bir sözlə bu xəyalların bizi uçuruma aparmaq ehtimalı çox azdır.

Mən deyənlərin praktik sübutunu əldə etmək istəyənlərə bir məsləhət:Ölkədaxili problemlərin mənbəyinə enin.

Hər birimizə ağlımıza əsaslanan xəyalların bol olmasını XƏYAL edirəm.

Dərk olunmuş dünya naminə...


Tarix: 17.11.2014 / 01:03 Müəllif: ADMIN Baxılıb: 206 Bölmə: Maraqlı Melumatlar