beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sirləri ifşa edənlər

Əslində onlar 50-ci illərin sonlarında meydana çıxıblar. Şirin, xəyali həyatın episentrində — italyan kino ulduzları və digər vacib personaların yaşadığı Roma şəhərində. Foto kameralar varlıları və məşhurları bir dəqiqə belə obyektivin diqqətindən kənara qoymayaraq daimi gərginlikdə saxlayırdılar. Onlar Lambaretta və Vespa markalı motorollerlərində gəzirdilər. Misir kralı Fərruxu əsəb sarsıntısı keçirməyə, Anita Ekberqi oxla «atəş açmağa» məcbur etmişdilər. Riçapd Barton onları ölümlə hədələmişdi. Cekki Kennedi onları görəndə qorxurdu. Qalmaqalçı fotoqraflar üçün adı Federiko Fellini tapıb. Fellini onlardan birini «Şirin həyat» filminin personajına çevirərək Paparasso adını vermişdi.

Dahi rejissor «Şirin həyat» filmini məşhur jurnalist Ennio Flayanonun ssenarisi əsasında çəkib. Qəhrəmanını da uşaqlıq dostunun şərəfinə belə adlandırıb. Amma «paparassi» sözünün necə yaranmasına dair başqa bir versiya da mövcuddur — Guya Fellini bu adı XIX əsrdə yaşamış yazıçı Corc Qissinqin əsərindən götürüb. (Onun qəhrəmanı Kariolano Paparasso mehmanxana sahibi idi).

Hər halda «paparassi» sözü «Şirin həyat» filminin ekranlara çıxmasından (1959) səkkiz il sonra geniş istifadə olunmağa başlayıb.
1958-ci ilin 15 avqustunda bir qrup fotoqraf «Via Veneto» xiyabanında gəzərkən «Paradiz» kafesinin küçədəki stollarından birinin arxasında iki gənc qadınla birlikdə əyləşmiş Misir kralı Fərruxu görürlər. Qadınlardan heç biri kralın arvadı deyildi. Fotoqraflardan biri onları çəkmək qərarına gəlir. Fərrux qalmaqal salır, lakin bu fotoqrafı dayandırmır. Fərrux artıq əsəb sarsıntısı həddinə çatanda polis özünü yetirir. Səhər qəzəbli kralın və onun xanımlarının şəkli bütün italyan qəzetlərinin birinci səhifəsinin bəzəyinə çevrilmişdi. Həmin axşam fotoqrafların bəxti daha iki dəfə gətirir: onlar kafedə hamının gözü qarşısında qəhvə içən Ava Qardner və Antoni Françosun, həmçinin sərxoş ərini çiyinlərində gecə klubundan çıxardan Anita Ekberqin də fotolarını çəkmək şansı qazanırlar. «Biz qəflətən başa düşdük ki, üç min əvəzinə iki yüz min lirə qazana bilərik». Bunu həmin vaxt orada olmuş fotoqraf Sekkyaroli sonradan yazmışdır.

Böyük qalmaqallar dövrü belə başlayıb. Onun tarixini ilk yazanlarsa jurnalistlər yox, fotoqraflar olub. Tatsio Sekkyarolini, Lino Nannini, Marçello Ceppettini bu gün də hamı çox yaxşı xatırlayır. Ceppetti «Ambassiatori» otelində yanğın zamanı özünü pəncərədən atan mehmanxana sakinlərini çəkməklə məşhurlaşmışdı. Həmin şəkilləri az qala bütün dünya qəzetləri dərc etmişdilər. Roma katolik kilsəsi isə Ceppetini məhkəməyə vermişdi. Riçard Bartonla Elizabet Teylorun, Monika Vitti ilə Mikelancelo Antonioninin öpüşmələrini də ilk dəfə, məhz Ceppetti çəkmişdi və onların məhəbbət romanları publikaya əyan olmuşdu. Antonioni buna görə hətta gənc paparassi ilə vuruşmuşdu da. (Həmin fotoların indi 2.400 dollar qiyməti var). Məşhur fransız aktrisası Anita Ekberqin əvvəl oxla vurduğu, sonra da publika qarşısında üzr istədiyi fotoqraf da Ceppetti idi. Bu gün Ceppettini Endi Uopholla bir mərtəbəyə qoyurlar, onun fotoları isə hərraclarda satılır.
Tatsio Sekkyarolini isə paparassinin kralı, klassiki adlandırırlar. O, 1955-ci ildə Sercio Spinelli ilə birlikdə şəxsi fotostudiyasını yaradıb. 1958-ci ildən isə qalmaqallar salmağa başlayıb. Gecə klubunda gənc aristokratların məclisində rəqs edən yarıçılpaq türk rəqqasəsinin fotosu heç kimi maraqlandırmazdı, əgər orda rəqqasə ilə birlikdə stolda atılıb düşən Anita Ekberqin əksi olmasaydı. Baş verənləri səliqəylə çəkən Sekkyaroli şəkilləri məşhur həftəlik jurnallardan birinə satmışdı. Bəlkə də, elə bu cür qalmaqalçı şöhrətinə görə F.Fellini «Şirin həyat» filmində onun prototipini yaratmışdı. Həmçinin Fellini Sekkyarolini öz şəxsi fotoqrafı elan etmişdi.

paparassilər
50-60-cı illər amansız qalmaqalların dövrü idi. Belə ki, fotoqraflar addımbaaddım ulduzları izləyir, tamamilə açıq çəkir, daha çox iri planlara üstünlük verirdilər. Sonrakı dövrü «açar deşiyindən baxanlar» dövrü adlandırdılar. Çünki bircə dənə kadr çəkmək xatirinə fotoqraflar saatlarla pusquda dayanır, bağban, fəhlə paltarı geyinir, şəxsi malikanələrin ərazisinə soxulur, günlərini məhkəmələrdə keçirirdilər. «Lakin biz həmişə bunu zövqlə, səviyyəli edirdik» — Sekkyaroli belə deyir. Ceppetti şəxsi hovuzunun kənarında gündə çılpaq qaralan Bridcit Bardonu zövqlə çəkmiş və sonra həmin fotonu çox yüksək qiymətə satmışdı. Dino Pedrialis adlı fotoqrafsa sakitcə çarpayıda uzanıb kitab oxuyan çılpaq Pyer Paolo Pazolinin şəkillərini çəkməkilə populyarlaşmışdı.

Müasir paparassini heç kim adla tanınmır, onların fotoları hərraca çıxarılmır. Beynəlxalq aləmdə bu gün də paparassiliklə daha çox fotoqraflar məşğul olur. Yəqin ona görə ki, orada faktlara əsaslanan sözə önəm verirlər, xüsusilə də hər xırda sözə görə məhkəməyə çıxmaq təhlükəsinin olduğu indiki dövrdə.

Azərbaycanda isə bu iş jurnalistlər tərəfindən yerinə yetirilir. Birinci ona görə ki, fotoreportyorluq sənəti o qədər də dəb deyil. Yalnız prestijli qəzetlərdə bu ştat var. Bir şeyi faktla təsdiq etmək mümkün oldu, onun daha nə marağı qaldı?! Fakt olan yerdə fantaziyaya yer yoxdur. Təəssüf ki, yerli şou müxbirlərinin səviyyəsi daha yaxşısını arzulamağımıza səbəb olur. Onlar qarşılarında oturmuş sənətçidən, məsələn, rejissordan «sənin bizə səsini qaldırmağın mədəniyyətsizlikdir», — deyərək mədəniyyət tələb edirlər, amma «sən» xitabı ilə özləri mədəniyyətsizliyin ən böyüyünü nümayiş etdirirlər. Deyə bilərsiniz ki, onların işi budur: qalmaqal yaratmaq, yeri gələndə, müsahiblərini özündən çıxartmaq. Ola bilər. Lakin onlar ittihamlarında iddialı olduqları kimi həm də ən azından öz davranışlarında nəyi nəzərdə tutduqlarını əyani göstərməlidirlər.

Artıq hamı yaxşı anlamağa başlayıb ki, mətbuat, televiziya ictimai fikri idarə edir. Təqdimatın özündən də çox şey asılıdır. Məsuliyyəti tamaşaçının üzərinə yıxmaq lazım deyil — «ölünü özbaşına qoysan, kəfəni yırtar».


Tarix: 10.12.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Maraqlı Melumatlar