Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhur bank qarətləri

Avropada oğurlanan pulları yeyib, üstündən su içmək də mümkündür
Banklar yarandığı günlərdən etibarən oğruların, rahat qazanc əldə etmək istəyənlərin diqqət mərkəzində olmuşdur. Azərbaycanda bank soyğunları, inkassator avtomobillərinə silahlı hücum nadir rastlanan hadisə olsa da, Avropada bu hallar hər il təkrarlanır.
Dünyada əks səda doğurmuş bank soyğunlarının siyahısını sizə təqdim edirik. Siyahı fransız mənbələri əsasında tərtib olunub.

8 avqust 1963, İngiltərə. 15 nəfərlik cinayətkar dəstə Qlazqo-London poçt qatarını saxladır və 2,6 milyon funt sterlinq (indiki pulla 68 milyon dollar) pulu bütövlükdə götürür. Dəstə üzvləri ələ keçsə də, başçı Roni Briq Braziliyaya qaçaraq canını qurtarır. 2001-ci ildə xəstə halda Britaniyaya qayıdarkən həbs edilir, bu ilin avqustunda isə həbsdən azad edilir. Oğurlanan pullar bu günədək tapılmayıb.
18 iyul 1976, Fransa. Nis şəhərində kassaya daxil olan soyğunçular 5 milyard frank (indiki hesabla 26 milyon avro) götürərək aradan çıxırlar.
Polis dəstə başçısı qismində fotoqraf Albert Spaqiarini saxlayır. Sonuncu, məhkəmə zalından Cənubi Amerikaya qaçmağa nail olur. 1989-da vətənə qayıdan Albert boğaz xərçəngindən ölür. Pul hələ də tapılmayıb.
25 mart 1990, Cenevrə. İsveçrə Banklar birliyindən 31,4 milyon İsveçrə frankı, başqa sözlə, 220 kiloqram kağız pul oğurlanır. Korsikalılardan ibarət “dəniz brizi” qanqster qrupu saxlanılır. Soyğunda bank işçilərinin əli olduğu sübut edilir. Bu pulların da taleyi qeyri-müəyyəndir.
15 fevral 2003, Fransa. Anvers şəhərində daş-qaş satışı mərkəzinin saxlancına basqın edilir, 190 seyfdən 123-ü oğurlanır. Dəstə başçısı Notarbartolo 2007-ci ildə ələ keçsə də, dəstənin digər üzvləri və oğurlanan mallar tapılmayıb.
20 dekabr 2005, İngiltərə. Qarətçilər Belfast şəhərindəki bankların birindən 36 milyon avro qəsb edirlər. Mütəşəkkil dəstə bank işçilərinin ailələrini 3 gün girov saxlayaraq, işçilərdən seyfləri açmağı tələb edirlər. Canilər pulları bir maşına yükləyib aradan çıxırlar.
Bu oğurluq siyasi qalmaqala səbəb olur.
21 fevral 2006, İngiltərə. Bu qarət hələ də açılmayan cinayətlər siyahısındadır. Tonbric şəhər bankının rəhbəri işdən qayıdarkən polis maşını onu saxlayır. Maşından düşürülən direktor qandallanır və evinə gətirilir. Burada da onu “polis” gözləyirdi. İşgəncə verilən direktor mühafizə xidmətinə qapını açmaq barədə göstəriş verir. Silahlı dəstə mühafizəçiləri neytrallaşdırır və 80 milyon avronu maşına yükləyib, aradan çıxır. Səhərə yaxın öz əllərini aça bilən təhlükəsizlik xidməti əməkdaşı həyəcan siqnalı verərək polisi çağırır, lakin artıq gec idi. Pullar bu dəfə də tapılmadı.
Sentyabr 1997, Almaniya. Sürix bankına poçt işçisi geyimində daxil olan soyğunçular 53 milyon frankı yük avtomobilinə doldurub, aradan çıxırlar. Səhər hadisə yerinə gələn polis, binanın girişində pulla dolu kisələrə rast gəlir. Sən demə, maşın kiçik olduğu üçün seyfdən çıxarılan pulların hamısını yükləmək mümkün olmayıb...


Tarix: 26.11.2014 / 11:54 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Maraqlı Melumatlar
loading...