beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük parçalanma (pravoslav - katolik)

Roma papası ilə Konstantinopol kilsəsinin patriarxının arasındakı ziddiyyətlər XI əsrdən çox-çox əvvəl meydana gəlmişdi. Ümumiyyətlə, Qərb və Şərq Kilsələri bir-birindən fərqli olaraq inkişaf edirdi. Şərqdə və Qərbdə Kilsə ənənələri, bəzi ayinlər, bir-birindən fərqlənirdi. Bu amil də Kilsənin parçalanmasında müəyyən rol oynamışdı. Bundan əlavə, Roma ilə Bizans arasında siyasi münasibətlər də kilsələrə təsir göstərirdi. Roma papazları, həm də Konstantinopol patriarxları bütün xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.

Lakin Kilsənin parçalanmasına gətirən əsas rəsmi səbəb əqidə üstündə ixtilaf sayılmaqdadır. Məlum olduğu kimi, xristianlar bir Allahın üç Sifətdən ibarət olduğuna etiqad edirlər. Bu Sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan Sifətdir. Onun Atadan, yoxsa Atadan və Oğuldan çıxması haqqında gərgin mübahisələr Kilsənin katolik və pravoslav olmaq üzrə ikiyə bölünməsinə səbəb olmuşdur. Qərbdə Ambrosiy, İyeronim, Avqustin kimi kilsə ataları Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca filioque) iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Lakin şərq Kilsəsi filioqueni qəbul etməmişdi. Onların fikrincə, Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının filioque haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər. X əsrdə də Qərb və Şərq Kilsələri arasında sülh əldə edilməmişdi. Konstantinopol keşişləri Roma papazına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı.

XI əsrdə Qərb və Şərq Kilsələri arasında çox ciddi ixtilaf baş vermişdir. Axırda patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq, Roma papazının nümayəndələrini lənətləmiş, Roma Kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir. O zaman Xristian Kilsəsi parçalanmışdır. Şərq (yunan) Kilsəsi ortodoks (pravoslav), Qərb (latın) Kilsəsi isə katolik adlandırılmışdır.


Tarix: 12.03.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Kilseler