Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz Albaniyasında xristianlıq

Qafqaz Albaniyasında xristianlıq – eramızın 54 – 57-ci illərində apostol Müqəddəs Yelisey tərəfindən Qafqaz Albaniyasına gətirilmiş din. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir.

Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır.

Erməni kilsəsindən fərqli olaraq alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan gürcü kilsəsinə bənzəyir.

Xristianların I-II əsrlərdə Yerusəlimdən Şimal-Şərqdə və Şərqdə geniş təbliği həvari Müqəddəs Paveldən sonra həvarilərdən Müqəddəs Fomanın, Müqəddəs Andreyin, Müqəddəs Varfolomeyin, həvari Müqəddəs Fomanın qardaşı Ardayın (Adday-Fadday-Faddey) və Müqəddəs Faddeyin şagirdləri – Müqəddəs Yeliseyin və Marın adları ilə bağlıdır.

Bu həvarilər və onların şagirdləri Suriyada (mərkəz – Antioxiya), kiçik ellin dövləti olan Osroyenada (mərkəz – Edessa), Nisibində, Mesopotamiyada (İkiçayarasında), Kiçik Ermənistanda, eləcə də Şərqdə və Şimal-Şərqdə – İranda (Sələvkiyə – Ktesifonda), Cənubi Qafqaz ölkələrində – Gürcüstanda, Albaniyada təbliğat aparırdılar.

Beləliklə, xristianlığın Şərqdə daşıyıcıları aramilər oldu. İncil təliminin siryanilərin (suriyalıların, aramilərin) köməyilə şərq ölkələrində yayılması çox vaxt onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq şərq ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin əllərində idi. Ticarət yolları onları Mesopotamiyadan çox uzaqlara, İrandan Cənubi Qafqaz vilayətləri olan Gürcüstana, Ermənistana, Albaniyaya aparırdı. Ta qədimdən ticarətlə məşğul olan siryanilər ticarət əməliyyatlarını həyata keçirərkən eyni zamanda yeni görüşün yayıcısına çevrilir, xristian təliminin hər yerə çatdırılmasına yardım edirdilər.

Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian icmasının yaranması, artıq qeyd edildiyi kimi, həm həvari Müqəddəs Varfolomeyin, həm də həvari Müqəddəs Faddeyin adları ilə bağlıdır. Moisey Kalankatlı xəbər verir: "Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey düşdü".

Alban tarixçisi Moisey Kalankatlı daha sonra yazır: "Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə qayıdaraq, onun əzabları haqqında ...digər həvarilərə danışır... Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşı Müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür". Burada müəllif "digər həvarilər" dedikdə Müqəddəs Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I—II əsrlərdə baş verdiyini göstərmək istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey Kalankatlının işlətdiyi "Şərq", "Şərq ölkəsi", "Şimal-Şərq" anlayışlarının tədqiqi onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir.

HəvariMüqəddəs Yelisey tərəfindən I əsrdə əsası qoyulmuş bu Kiş kilsəsi təkcə Azərbaycanın deyil bütün Qafqazın ən qədim kilsəsidir və Şərq kilsələrinin anası sayılır

Moisey Kalankatlının sonrakı məlumatına görə, boynuna Şərqdə təbliğat aparmaq düşən Yelisey "Yerusəlimdən İrana yola düşür, Ermənistanın yanından ötüb, maskutların [ölkəsinə] gəlir və öz təbliğatına Çolada başlayır. Buradan o, Uti vilayətinə gəlir. Müqəddəs patriarx [Yelisey] Gisə gələrək burada kilsə yaradır, ona təmiz, qansız qurban gətirir. Bura, biz Şərq sakinlərinin kilsələrinin əsası qoyulduğu yer, ilk mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkandır". Göründüyü kimi, müəllif Müqəddəs Yeliseyin keçdiyi yolu çox dəqiq təsvir etmişdir; o, Yerusəlimdən, İrandan və görünür ki, Adurbadaqandan keçərək, Ermənistana daxil olmadan, onun yanından ötmüş, Xəzər dənizinin qərb sahilinə çıxmışdır. Məlum olduğu kimi, mətndə adları çəkilən Çola Albaniyanın Şimal-Şərq ucqarında, Gis ölkənin Şimal-qərb ucqarında, yəni Kürün sol sahilində, Uti isə Kürün sağ sahilində yerləşirdi. Yeliseyin sağ sahil Albaniyasında da təbliğat aparması mətnin başqa yerlərindən olan məlumatla təsdiq olunur: "Bizim ziyalanmağımızın əvvəl səbəbi Yeliseydən olmuşdur. O, üç ölkənin – Çolanın, Lpinanın və həyatının əzabla başa yetdiyi Albaniyanın ilk maarifçisi idi". Xristian ədəbiyyatında, xristian ənənəsində Yelisey yalnız Faddeyin şagirdi kimi deyil, həm də peyğəmbər kimi tanınır.

Alban kilsəsinin həvari başlanğıcı ideyası, eləcə də onun Yerusəlim kilsəsilə genetik qohumluğu, onunla zəifləmək bilməyən daimi əlaqəsi Moisey Kalankatlının bütün tarixi boyu qırmızı xətt kimi keçir. O, dəfələrlə qeyd edir ki, həvari Faddeyin şagirdi, Yerusəlimdə Albaniya patriarxı təsdiq edilən Yelisey burada, Cənubi Qafqazda ilk kilsənin əsasını qoymuşdu. Onu bu vəzifəyə I əsrdə Yerusəlimin ilk patriarxı, İsanın qardaşı Yakov təsdiq etmişdi.

Kilsənin həvari başlanğıcının əhəmiyyəti ondadır ki, əvvəla, bu həmin kilsənin daha qədim və əzəli olduğunu, ikincisi isə, onun başqa kilsələrin vasitəçiliyi ilə deyil, ilk mənbə, yəni həvarilərin özləri tərəfindən təsis edildiyini sübut edir.

Albaniyada həvarilik adlandırılan ilk dövrdə xristianlıq Ermənistan və İberiyaya nisbətən daha uğurla mənimsənmişdi. Bunu həm yazılı mənbələr, həm də dövrün özü təsdiq edir.

Xristianlığın Ermənistana nisbətən Albaniyada daha erkən yayılmasını yerli mənbə olan "Alban ölkəsinin tarixi" əsərində erməni katolikosu Avraamın albanlara ünvanlanmış məktubu sübut edir: "Bizimkindən əzəli olan alban [patriarxı] taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi". Başqa bir yerdə deyilir: "Yelisey orada (Albaniyada) təbliğat apardı və Ermənistandan əvvəl orada (Albaniyada) Gis kəndində kilsə tikdirdi. Bu kilsə Şərq kilsələrinin anası – metropoliya idi". Başqa bir misal: "Yunan təqviminin 43-cü ilində albanların (xristianlığı qəbul etməklə) maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər".

Xristianlığın Albaniyada təbliğinin ilk siryanipərəst dövründə İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatlı öz əsərində siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV-V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır.

Etnik rəngarənglik, politeizmin hökmranlığı yeni ideologiyanın, monoteist din olan xristianlığın mənimsənilməsi üçün əlverişli zəmin yaratdı. Təsadüfi deyil ki, Yelisey öz təbliğatına Albaniyanın etnik baxımdan daha rəngarəng olan Şimal hissəsindəki Çola vilayətindən başladı. Albaniyada Faddeyin (Dadi) və onun Şagirdi Yeliseyin adı ilə bağlı erkən kilsələrin mövcudluğu da xristianlığın burada daha əvvəl yayıldığını təsdiq edir. Araşdırmalar göstərir ki, "ilk çağlar sürətlə yayılan xristianlıq Parfiya hökmranlığı dövründə Şərqdə böyük uğurlar qazandı, lakin İranda hakimiyyət başına gəlmiş Sasanilər sülaləsinin düşmənçilik siyasəti iki əsrin nəticələrini heçə endirdi". Məhz buna görə I—III əsrlərdə (birinci mərhələdə) Albaniyada xristianlığın təntənəsindən heç bir söhbət gedə bilməz. Xristian dini ölkədə yalnız IV əsrdə vətəndaşlıq hüququ qazana bildi; bu, xristianlığın Yaxın və Orta Şərq ölkələrində ümumi təntənəsi, onun Roma imperiyasındakı qələbəsi ilə bağlı idi. Bu, həmçinin alban arşaki hökmdarlarının siyasəti ilə bağlı idi.

Əsası IV əsrdə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsində böyük rol oynamış və sonradan Alban Həvari Kilsəsinin katolikoslarından biri olmuş Müqəddəs Qriqoris tərəfindən qoyulmuş Amaras monastırı ərazisində yerləşən Müqəddəs Qriqoris məbədi

İkinci "yunanpərəst" mərhələ, yəni xristianlığın dövlət dininə çevrilməsi, bütün Cənubi Qafqaz ölkələri – Albaniya, Ermənistan və İberiya üçün ümumi idi. Hər üç ölkə üçün bu mərhələ Maarifçi Qriqorinin adı ilə bağlı olsa da xristianlığın Albaniyada təntənəsi üçün alban hökmdarı Urnayrın göstərdiyi fəaliyyət də xüsusi qeyd edilməlidir.

Qriqori kimi Parfiya mənşəli olan Urnayr, Moisey Kalankatlının yazdığına görə, "Müqəddəs Qriqorinin Ermənistandakı... möcüzələrini eşidərək, yanlış yollardan əl çəkib, haqqa doğru üz tutdu. Bundan sonra Urnayr öz əyanları və alban qoşunu ilə Ermənistana yola düşdü; burada qırx gün pəhriz saxladıqdan sonra hamılıqla Müqəddəs Üç Uqnuma iman gətirdilər. Urnayr bütün qoşunu ilə birlikdə müqəddəs suya girdi, sudan da sinəsi müqəddəs ruhla dolmuş çıxdı".

Moisey Kalankatlının sözləri ilə desək, "Müqəddəs Qriqoridən ikinci həyat qazanmış" Urnayr albanları yenidən maarifləndirdi. Beləliklə, 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, əlbəttə, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini birləşdirmək və Zərdüşti Sasanilərə qarşı durmaq niyyətində idi. Varisləri də bu siyasəti çox gözəl başa düşür və onu davam etdirirdilər.

Baş keşiş rütbəsini Kesariyədə almış Maarifçi Qriqori Ermənistandan başqa "İberiya və Albaniyada"da dini bilikləri yayırdı. Albaniyanın Haband vilayətinə gələn bu mömin, "Allah oğlunun (İsanın) ehkamlarına əməl etməyi xalqa öyrədir; o, Amaras şəhərində kilsənin özülünü qoyur və bu tikintinin başa çatdırılması üçün işçilər və nəzarətçilər təyin edir".

Xristianlığın "yunanpərəst" II mərhələsi, yuxarıda qeyd etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin imperiya kilsəsi ilə münasibətləri "siyasi şəraitlə bağlı işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, bu asılılıq Ermənistanda daha çox, İberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəst Maarifçi Qriqori və onun nəvəsi Müqəddəs Qriqorisdən sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə İberiyadan gəlmələri fikrinə də aiddir.

Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasında qələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətləri müdafiə edilməyə başlanıldı.

Moisey Kalankatlının məlumatına görə, alban arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi.

Xristianlığın yayılması və qərarlaşmasında təkmilləşdirilmiş alban əlifbasının və alban yazısının yaranması, məktəblərin təşkil edilməsi, Bibliyanın və başqa dini ədəbiyyatın siryani və yunan dillərindən alban dilinə tərcüməsi böyük rol oynadı.

Alban Arşaki hökmdarlarının fəaliyyəti nəticəsində yeni feodal cəmiyyətinin ideoloji əsası olan xristianlıq Albaniyanın ictimai-siyasi və sosial həyatında mühüm rol oynamağa başladı. Ölkənin feodal hökmdarı və feodal əyanları alban kilsəsi, onun ruhaniləri üçün maddi baza yaratdılar; bütpərəst məbədlərin əksər torpaq sahələri və sərvəti, eləcə də hökmdar və əyanların bağışladıqları torpaq payları kilsənin ixtiyarına keçdi. Kilsə xeyrinə əhalinin bütün kənd təsərrüfatı gəlirlərinin 1/10 hissəsini təşkil edən "kilsə onda biri" tutulurdu. Bundan başqa çoxsaylı natural vergilər və könüllü nəzirlər də verilirdi. Din xadimləri öz xidmətləri müqabilində torpaq sahələri – xostaklarla təmin olunurdular.

Alban hökmdarları alban kilsəsinə, alban xristian ruhanilərinə böyük qayğılar göstərir, onlara imtiyazlar verir, onları dünyəvi əyanlarla (azatlarla) bərabərləşdirməyə çalışırdılar; məhz buna görə saray məhkəməsi ilə yanaşı əvvəllər keşişin, daha sonra isə yepiskopun hakimlik etdikləri kilsə məhkəməsi də təsis edilmişdi.


Tarix: 12.03.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 786 Bölmə: Kilseler
loading...