beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki yaşlı körpənin gidası ( Analarımıza )

2 yaşlı körpənin menyusu 1 yaşlı körpənin rasionundan çox fərqlənir. Çünki, tədricən qidada dəyişiklik etmək lazım gəlir.
1 yaşından sonra körpə sürətlə dəyişməyə başlayır. Onun təkcə xarici görünüşü deyil, həm də mədə - bağırsaq traktı da dəyişir. Düzdür, zülal, yağ və karbohidratların parçalanması prosesini nizamlayan həzm vəziləri kifayət qədər inkişaf etmədiyi üçün mədə - bağırsaq traktı hələ mükəmməlləşə bilmir.
Məhz buna görə də dietoloqlar 2 yaşlı uşağın qidasına xüsusi tələblər qoyurlar. Qidanın savadsız təşkili böyüdükdən sonra uşaqda ciddi problemlərə səbəb ola bilər. Məsələn, dəmir çatışmazlığı erkən yaşlarda psixomotor inkişafı ləngidə, bu da öz növbəsində yaddaşı və diqqəti zəiflədə bilər. Yod çatışmazlığı qalxanvari vəzinin formalaşmasının pozulmasına, immunitetin zəifləməsinə, əsəb sistemi inkişafının dayanmasına səbəb olur. Kalsium və D vitaminin çatışmazlığı isə sümük toxuması üçün mənfi nəticələnə bilər. Yeri gəlmişkən, məhz uşaqlıqda, böyümə mərhələsində kalsiumun sümüklərdə daha fəal toplandığı sübut olunmuşdur. Uşağın orqanizmini vacib xeyirli maddələrlə təmin etmək üçün onun rasionu rəngarəng olmalıdır.

ƏT VƏ ƏT MƏHSULLARI.

Tərkibindəki zülal, dəmir, sink, B12, B1 vitaminləri əti 2 yaşlı uşağın qidası üçün əvəzolunmaz edir. Başqa heyvan mənşəli məhsullardan fərqli olaraq, ətin tərkibindəki dəmir yüngül həzm olunan formadadır (xüsusən, inək və hinduşka ətləri). Körpə üçün ətin bütün növlərindən bişirmək olar: yağsız inək və dana əti, quş əti, dovşan əti. Amma kotlet halında, buxarda bişirilmiş və ya qaynadılmış halda. Qızartmaq olmaz.
Sümük qaynadılmış yağlı bulyonları 2 yaşlı uşağa vermək olmaz. Çünki, nə zülallar, nə mineral duzlar, nə də vitaminlər bulyona keçmirlər.

ƏLAVƏ MƏHSULLAR.

Əlavə məhsullarda (ciyər, ürək, dil) ətlə müqayisədə zülal və dəmirin dərəcəsi aşağı, amma qan artıran mikronutriyenlərin (sink, mis, manqan) dərəcəsi isə yüksəkdir. Bunlar aşağı hemoqlabinli körpələrə məsləhət görülür. Amma tərkiblərində yağ və ekstraktiv maddələr çox olduğundan 7 – 10 gün ərzində 1 dəfə vermək olar.
Ət məhsullarının bir hissəsini də müxtəlif kolbasalar, sosislər, sardellər tutur. Məktəbəqədər uşaqlar üçün xüsusi resept əsasında hazırlanmış kolbasa məmulatları var. Amma 2 yaşlı körpənin menyusunda bu məmulatların heç biri olmamalıdır.

BALIQ VƏ DƏNİZ MƏHSULLARI.

Ət kimi balıq da yüksək əyarlı zülal, dəmir və B12 vitamini mənbəyidir. Dəniz balıqlarında yod, ftor və dəmir var. Düzdür, bu balıqlardakı dəmir gec həzm olunur.
Balıq yağı yüksək qiymətləndirilir. Çünki, tərkibində Omeqa 3 sinfindən olan yağ turşuları var. Onlar baş – beyin, görmə orqanları, immunitet, qan – damar sistemi quruluşunun inkişafında vacib rol oynayırlar. Uşaq qidası üçün balığın yağsız növləri – suf balığı (sudak), treska və s. məsləhətdir. Balıq yeməklərinin gündəlik norması: həftədə 1 – 2 dəfə ətin əvəzinə bişirilir.
Duzlu balıq və kürüdə duzun çox olması, dəniz məhsullarında (yengəc, krevet, omar və s.) yüksək allergiya potensialının olması səbəbindən onlardan qidada istifadə etmək olmaz.

YUMURTA.

Yumurtanın tərkibi heyvan mənşəli zülalla, amin turşuları ilə zəngindir. Bundan başqa onun tərkibində A, D, B12, beta – karotin vitaminləri də vardır. Uşaq ikinci ilində gün ərzində yumurtanın 1\2 – ni, ya da həftədə 2 – 3 yumurta yeyə bilər. Uşağa çiy yumurta verməyin.

SÜD VƏ SÜD MƏHSULLARI.

2 yaşlı uşaq üçün xüsusi süd, qatiq, yoqurtdan istifadə məqsədəuyğundur. Ağartı məhsullarının gündəlik norması 500 ml olmalıdır. Bundan əlavə, həftədə bir neçə dəfə 5 q pendir, 10 q xama, 20 q kərə yağı, 50 q kəsmik vermək olar.
Süd məhsullarının yağlılığı yüksək olmamalıdır: süd – 3,2 %, kəsmik – 9%, xama – 20%, yağ – 82%.

ÇÖRƏK, MAKARON, YARMA.

Bu məhsullar uşağa enerji verdikləri üçün rasionunun ən böyük hissəsini – 70% - i təşkil edirlər. Erkən yaşlı uşaqlara buğda və çovdar unundan hazırlanmış çörək vermək olar.
3 yaşadək uşağa 15 – 20 q çovdar, 50 – 60 q buğda unundan hazırlanmış çörək vermək məsləhətdir.
Makaron məmulatlarından isə üstünlüyü buğdanın zülal və vitaminlərlə bol olan bərk növündən hazırlanmışlara verin.
Yarmalar içində üstünlük qarabaşaq və yulafa verilir. Onların tərkibində zülal, mineral maddələr ( maqnezium, sink, mis), vitaminlər çoxdur. Düyüdən də yan keçməyin. Başqa yarmalardan fərqli olaraq onda karbohidrat çoxdur.
Manna yarmasının xeyri bir o qədər çox deyil. Faydası olsun deyə, sıyıq bişirərkən içinə meyvə və meyvə quruları qatın.
Uşaqlar üçün arpa yarmasından istifadə etməyin. O, gec həzm olunur.

MEYVƏ – TƏRƏVƏZ.

Uşağın ikinci ilində qidaya çiy tərəvəzləri əlavə etmək olar ( turp və s. kimi acı tərəvəzlərdən başqa). Xörək və desertlərin hazırlanması üçün həm təzə, həm də dondurulmuş meyvə - tərəvəzdən istifadə edin.
Gün ərzində uşaq 300 q tərəvəz, 150 q meyvə qəbul etməlidir.

QİDA YAĞLARI.

Bitki yağları Omeqa – 6, Omeqa – 3 yağ turşuları, E vitamini tərkibi ilə seçilirlər. 3 yaşadək körpələr üçün gündəlik doza 5 - 7 q-dır (1 – 2 çay qaşığı).

ŞİRNİYYAT VƏ ŞİRNİYYAT MƏMULATLARI.

1 yaşından sonra, əgər uşaqda allergiya yoxdursa, ona bal vermək olar (1 – 2 çay qaşığı, həftədə 2 – 3 dəfə).
Şirniyyat məmulatlarından zefir, marmelad, povidlo, cem, peçenye (gündə 10 – 15 q olmaq şərtilə) vermək məsləhətdir. 3 yaşadək uşaqlara şokolad verilmir.

İÇKİLƏR.

Ən məşhur içkilər – şirələr, kisellər və morslardır (meyvə şərbəti). Yaxşı olar ki, şirələri ev şəraitində hazırlayasınız. Bu içkilərdən çox istifadə bağırsağın zəifləməsinə səbəb olur. Ona görə, gündə 200 – 300 ml şirə içilməsi bəs edər. Kiselləri isə həftədə 1 – 2 dəfə içirdin.
2 yaşı tamam olmuş uşaqların rasionuna qara və yaşıl çay əlavə etmək olar. Amma onları və eləcə də kakaonu, ət yeməklərindən sonra içmək olmaz, çünki onların tərkibindəki maddələr dəmirin mənimsənilməsinə əngəl törədir.

DUZ VƏ ƏDVİYYATLAR.

Duz, körpənin orqanizminə aldığı qidalarla daxil olur. Uşaq gün ərzində 0,5 – 1 q duz qəbul etməlidir. Körpənin yeməyi duzlu olmamalıdır, o, haradasa şit təsiri yaratmalıdır. Xörək bişirərkən yodlaşdırılmış duzdan istifadə edin.
Ədviyyatlardan – çox az miqdarda – ağ və şirin istiot, dəfnə yarpağı, reyhan, kəklikotu, keşniş, ətirli istiotdan istifadə mümkündür.


Tarix: 03.01.2015 / 12:02 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Körpəyə qulluq