beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kibermüharibəni kimlər aparır?
Kibermüharibəni kimlər aparır?

Kibermüharibələrdən söz düşəndə “Koroğlu” dastanından bir epizod yada düşür. Əsərin qəhrəmanı atılan bir güllə ilə öküzün yerə çırpılıb ölməsinə heyrətlənərək tüfəngi götürüb ora-burasına baxır, sonra isə sazı bağrına basıb deyir:

Tutulur məclisdə iyidin yası,
Kar görmür qılıncı, polad libası.
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğlu sözünü bitirdikdən sonra Misri qılıncı belindən açıb yerə ataraq deyir: “Namərd əyyamıdır. Daha mən Koroğluluğumu yerə qoydum!”

Bu sətirləri oxuyandan sonra fikirləşirsən ki, əgər dastanın qəhrəmanına müasir silahları - topları, qitələrarası ballistik raketləri, kosmik silahları göstərmək mümkün olsaydı, görəsən, o nə deyərdi? Axı, müasir silahlar Koroğlunun gördüyü “dayandoldurum” deyil, onlar bu gün ağlasığmaz dərəcədə ağır zərbələr endirən sarsıdıcı imkanlara malikdir. Biz hələ kibermüharibələri demirik. O müharibə ki Misri qılıncın sağa-sola çalması yox, virtual internet məkanında məlumat texnologiyalarının qarşıdurması, beyin və güc mərkəzlərinin getdikcə genişlənən məxfi savaşı deməkdir. Belə müharibədə Koroğlu kimi Misri qılıncı qınına qoyub geri çəkilmək mümkün deyil, mütləq ona cavab verməlisən, qorunmalısan. Bu müdafiə internet məkanına çıxışı olan hər təşkilat, qurum və ən başlıcası, dövlət üçün daha vacibdir, bir an belə gündəmdən düşməyən təhlükəsizlik məsələsidir.

Kiberhücumlar kompüter sistemlərini dağıtmaq, dövlət qurumlarının internetə daxil olmasına mane olmaq, maliyyə qurumlarının və işgüzar dairələrin işini iflic etmək məqsədi güdür. Onlar gündəlik həyatında interneti geniş tətbiq edən dövlət qurumlarını iflic etmək, əhalini xaosa yuvarlamaq gücünə qadirdir. Təsadüfi deyil ki, artıq dövlətlərarası münasibətlərin, qarşıdurmaların gərginləşməsi daha tez-tez internet məkanında baş verir. “Sülh” adlı bir pərdənin arxasında kibermüharibələrin hücum dairəsi genişlənərək casusluq, birbaşa kompüter sistemlərinə və serverlərə internet hücumları ilə davam edir. Bir dövlət internet və onunla bağlı resurslardan istifadə edərək digər dövlətin hərbi, texnoloji, iqtisadi, siyasi, məlumat təhlükəsizliyinə və süverenliyinə zərbələr endirir, ciddi təlatümlər yaradır. Hətta o dərəcədə ki, bəzi hallarda bu hücumlardan dəyən zərbələr daha dağıdıcı nəticələrə səbəb olur. ABŞ-da nəşr edilən “The Economist” jurnalının kibermüharibəni torpaq, dəniz, hava və kosmik müharibələrdən sonra gələn beşinci müharibə növü kimi dəyərləndirməsi də təsadüf yox, ciddi reallıqlarla bağlıdır. Belə olmasaydı, ABŞ hərbi kiberkomandanlıq bölməsi yaratmazdı.

Kiberhücumların fəaliyyət dairəsi sadaladıqlarımızdan daha geniş sahələri əhatə edir. Dövlətlər üçün qiymətli olan şəxsi səhifələr və serverlər dağıdılır, məxfi məlumatlar oğurlanır və onlar yalan məlumatlarla əvəz edilir. Müxtəlif mənbələrdən təşkil edilən hücumlar eyni anda yüzlərlə sayt və kompüter sistemlərini sıradan çıxarır, mülki və hərbi avadanlıqlara nəzarət mexanizmlərini ələ keçirir, şəhərlərin infrastrukturuna, həyat fəaliyyətinə nəzarət edən telefon, su, elektrik təchizatı, nəqliyyat və yanğından mühafizə sistemlərini dağıdır.

Bu gün güc mərkəzlərinin digərlərinə qarşı apardıqları kibermüharibələrın diapazonu genişlənməkdədir. Müasir hücumlar istənilən dövləti zəiflədə, iqtisadiyyatını çökdürə bilir, xaos yaradır. Maliyyə resursları imkan verən və maraq dairələri geniş olan dövlətlərin kəşfiyyat dairələri internet resurslarında təxribatla, adi və iqtisadi casusluqla məşğul olurlar. Dəfələrlə olub ki, bir dövlət ona qarşı aparılan kiberhücumdan vurulan ziyanın məbləğini, hücumun hansı ölkədən həyata keçirildiyini bəyan edəndə ittiham olunan tərəf iddiaları qəbul etmir və ümumiyyətlə, təxribatlarda iştirak etdiyini danır. Çünki kiberhücumlarda nadir hallarda kiməsə nəyisə sübut etmək mümkündür. Məsələn, Çin ABŞ, Almaniya, Hindistan saytlara hücumlarda ittiham olunsa da, bunu etiraf etmir. ABŞ-ın İranın nüvə obyektlərinə qarşı keçirdiyi “Olimpiya oyunları” əməliyyatı da bu vaxta qədər məxfi qalan və rəsmi təsdiqini tapmayan faktlardandır. Belə nümunələr saysız-hesabsızdır.

Məhz bunun nəticəsidir ki, artıq bir sıra ölkələr bu məqsədlər üçün böyük vəsaitlər ayırır, getdikcə mükəmməlləşən və dövləti kiberhücumlardan qorumaq gücünə qadir olan və əks-hücumlara keçə bilən kiberqoşunlar yaradırlar. Bu istiqamətdə görülən işlər son dərəcə məxfi saxlanılsa da, bəzi məlumatlar ictimaiyyətə sızdırılır. Sən demə, bir neçə il əvvəl Londonda bir sıra maliyyə qurumları birləşərək bank və digər maliyyə sistemlərinə gözlənilən hücumların qarşısını almaq məqsədilə kibermühitdə məşq xarakterli hərbi oyunlar keçirmişlər. Bu ilin yanvar ayında isə ABŞ və Böyük Britaniya kibertəhlükəsizliklə bağlı birgə fəaliyyət göstərmək qərarını vermişlər. Həmin ölkələrin liderləri kibercinayətkarlığa qarşı birgə fəaliyyət göstərən bölmələrin yaradılması, kiberhücumların təşkili ilə bağlı təlimlərin keçirilməsi barədə razılığa gəlmişlər.

Adi müharibələrdə kimin-kimə qarşı vuruşduğu məlum olur. Kibermüharibələrdə isə kimin dost, kimin düşmən olduğunu təyin etmək heç də həmişə mümkün deyil. Yəni, bəzən ən yaxın müttəfiqlər də bir-birinə qarşı çıxırlar. ABŞ-ın Avropa ölkələrində milyonlarla insanın və hətta Angela Merkelin telefon danışıqlarına qulaq asmasını xatırlayaq. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, ABŞ-da potensial təhlükələri izləmək, onlar haqqında məlumatlar toplamaq və kiberhücumlar zamanı kəşfiyyat strukturlarının fəaliyyətini koordinasiya etmək üçün Kiber Mərkəzi Kəşfiyyat İdarəsi yaradılır. Almaniya isə hələ 2013-cü ildə kiberəməliyyatları həyata keçirən 60 nəfərlik bölmənin yaradıldığı barədə məlumat verib və bu dövlətin kəşfiyyat xidməti Kibertəhlükəsizlik Milli Mərkəzində işləmək üçün 130 əməkdaşın işə götürüləcəyini bildirib. Almanları narahat edən əsas təhlükə dövlət orqanlarının kompüter sistemlərinə hər gün Çindən ehtimal edilən kiberhücumlardır. Onlar qorxurlar ki, oğurlanan məlumatlar gələcəkdə silah istehsalçılarına, telekommunikasiya şirkətlərinə, dövlət və hərbi idarələrə qarşı diversiya məqsədi ilə istifadə oluna bilər. Ümumiyyətlə, Edvard Snoudenin aşkarladığı faktlardan sonra Almaniya kibermühitə nəzarəti gücləndirmək üçün 100 milyon avro ayırmağa qərar verib.

İsrail ordusunda isə bu vəzifəni hərbi kəşfiyyatın “8200” adlanan bölməsi həyata keçirir və onun şəxsi heyəti bir neçə min nəfərdən ibarətdir. Hələ 2012-ci ildə Qərb mətbuatı İsrailin yaxın 5 ildə kiberqoşunlarının gücünü artıracağını, bu məqsədlər üçün 500 milyon dollaradək məbləğ ayıracağını yazmışdı.
“Reuters” agentliyinin məlumatına görə, Çinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin strukturuna kiberəməliyyatları həyata keçirən 121-ci xüsusi bölmə daxildir. Bölmədəki əməkdaşların sayı təxminən 1800 nəfərdir və onların çoxu Pxenyan Avtomatika Universitetinin məzunudur. Bu bölmənin əməkdaşları bütün dünyaya səpələnib, Çində isə onların ailə üzvləri böyük imtiyazlara malikdirlər. Əksər mənbələr etiraf edir ki, Çin bu gün istənilən məqamda kibermüharibəyə başlamaq üçün bütün texniki imkanlara malikdir. Bu ölkədə haker hücumlarını həyata keçirmək üçün 2000 nəfərdən ibarət xüsusi bölmə mövcuddur. Bundan başqa, 80 min nəfərdən ibarət “Qırmızı hakerlər alyansı” da kibercasusluq etmək və kiberhücumları həyata keçirmək gücünə qadirdir. Çin isə kiberhücumlarla bağlı ünvanına səslənən bütün ittihamları rədd edərək özünün belə təcavüzlərə məruz qaldığını bildirir.

Kibermüharibənin mahiyyətini başa düşmək üçün bir neçə fakta müraciət etmək yerinə düşərdi. Məsələn, Əfqanıstanda Amerika qoşunları taktiki üstünlüyü ələ keçirmək üçün kiberhücumlardan istifadə etdiklərini gizlətmirlər.

2012-ci ilin martında Cənubi Koreyanın bir sıra nəhəng banklarının kompüter sistemləri dağıdılarkən 30 mindən artıq kompüter hücuma məruz qalmışdı. Bu, Cənubi Koreyanın tarixində ən nəhəng kiberhücum kimi qalsa da, təşkilatçını üzə çıxarmaq indiyədək mümkün olmayıb. Düzdür, onun Şimali Koreya olduğu ehtimal edilir. Yeri gəlmişkən, ekspertlər belə hesab edirlər ki, Şimali Koreyanın 3 mindən artıq peşəkar hakeri var.

Kiberhücumlar nəticəsində nəhəng şirkətlərə milyardlarla dollar ziyan dəyir. Onlara qarşı mübarizə aparmaqsa getdikcə çətinləşir. Bunun da əsas səbəbi kimin-kimə hücum etdiyi və kimin-kimdən qorunmasının bəlli olmamasıdır.


Tarix: 04.05.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 250 Bölmə: Internet Yenilikleri