beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asan yolla arıqlamaq istəyənlər üçün məsləhət

Fitnesin növlərindən biri olan Şeypinq 90-cı illərdə ən məşhur idman növlərindən hesab edilirdi. İndi isə o yenə də əvvəlki məşhurluğunu geri qazanmağa başlayır. Çünki digər idman növləri ilə müqayisədə onun daha təhlükəsiz olması mütəxəssislər tərəfindən sübut edilib. Bəs, bu idman növünü digərlərindən fərqləndirən cəhət nədir? Ümumiyyətlə, şeypinq nə deməkdir? Sizə də maraqlıdırsa, məqaləmizi diqqətlə oxumağınızı tövsiyyə edirik.

İngilis dilindən götürülən bu sözün mənası forma, formalaşdırmaq deməkdir. O, çəkinin azaldılması üçün məşqlər sistemidir. Bu idman növünün əsas məqsədi uzunmüddətli, lakin ağır olmayan məşqlər nəticəsində bədəndəki artıq yağların yandırılmasıdır. Şeypinqin bir fərqi də ondan ibarətdir ki, burada əzələləri deyil, birbaşa sizi narahat edən bölgələri hədəfləyən məşqlər həyata keçirilir.

Şeypinq daha çox arıqlamağa yenicə başlayan, həddən artıq kök olan və yaşı 40 dan çox olan insanlar üçün nəzərdə tutulub. Əgər bu üsulla arıqlamaq istəyirsinizsə, onun tələbi olan hərəkətləri etməklə yanaşı həm də sərt dieataya başlamağınız mütləqdir.

İndi isə sizə şeypinq zamanı əməl edilməli olan qaydalar, məşqlər barəsində daha geniş məlumat təqdim edirik.

Döş və qol əzələləri üçün hərəkət

900- li bucaq altında qollarınızı yana açın, sonra isə yenidən sinəniz önündə qollarınızı birləşdirin. Bu hərəkəti 30 dəfə təkrar etmək lazımdır.

Budun ön tərəfi üçün hərəkət

Döşəmə üzərində əyləşin, ayaqlarınızı birləşdirib önə doğru açın, əllərinizi çiyinlərinizdən arxaya qoyaraq onları özünüzə dayaq edin. Ayağınızın birini döşəmədən qaldırın, dizinizi qatlayaraq sinənizə tərəf çəkin. Bu hərəkəti bir ayaqla 50 dəfə təkrar etdikdən sonra, eyni hərəkəti o biri ayağınızla təkrar edin.

Budun arxa tərəfi üçün olan hərəkət

Körpəliyinizi yadınıza salıb iki əl, iki ayağınız üstündə dayanın. Ayağınızın birini elə açın ki, baş barmağının burnu döşəməyə dəysin, amma ağırlığınızı onun üzərinə salmayın. Daha sonra elə həmin ayağınızı dizdən dabanınız yanınıza dəyənə qədər qatlayın. Hərəkəti eləyən zaman bud hərəkətsiz qalmalıdır, ancaq diz hərəkət etməlidir. Belinizi əyməyin. Bu hərəkəti 50 dəfə təkrar etdikdən sonra, o biri ayağa keçə bilərsiniz.

Budun daxili tərəfi üçün olan hərəkət

Döşəməyə əyləşin, qollarınızı arxaya apararaq onları özünüzə dayaq edin. Dizinizi maksimum dərəcədə elə qatlayın ki, dabanlarınız yanlarınıza dəysin. Dabanınızı döşəmədən qaldırmadan dizlərinizi açın, yumun. Dizlərinizi açarkən onları sağdan və soldan döşəməyə yaxınlaşdırmağa çalışın. Bu hərəkəti 80 dəfə təkrar etmək lazımdır.

Budun çöl tərəfi üçün olan hərəkət

İki əl, iki ayaq üstə vəziyyətini alın. Əlləriniz və bir diziniz üstündə duraraq digər ayağınızı əymədən mümkün qədər hündürə qaldırın, sonra qatlayaraq yenə döşəməyə qoyun. Hərəkəti edən zaman çalışın beliniz çox tərpənməsin. Bu hərəkəti 40 dəfə təkrar etdikdən sonra eyni hrəkəti digər ayaqla etmək lazımdır.

Yan əzələləri üçün olan hərəkət

Yenə iki əl və bir diziniz üstündə duraraq ayağınızı elə qaldırın ki, budunuz döşəməyə paralel olsun. Bu vəziyyətdə ayağınızı yuxarı qaldırın, sonra yenidən döşəməylə paralel vəziyyətə qaytarın. Belinizi əyməyin. Bu hərəkəti 40 dəfə etdikdən sonra, ayağınızı dəyişin.

Qarnın ön əzələləri üçün hərəkət

Arxası üstə döşəməyə uzanın, qıçlarınızı da dizdən bükün. Əllərinizi boynunuzun arxasında birləşdirərək tavana baxın. Sonra belinizi azacıq döşəmədən qaldırın, əlinizi tam açın və nəfəs verərkən əllərinizi uzadaraq ayaq barmaqlarınıza vurun. Sonra geriyə təkrar vəziyyətə qayıdaraq əllərinizi yenidən başınızım arxasında çarpazlaşdırın və döşəməyə uzanın. Eyni hərəkəti 30 dəfə təkrar edin.

Düşünürük ki, başlanğıc üçün bu hərəkətləri təkrarlamağınız kifayətdir. Unutmayın, əgər məşq etməyə yeni başlayırsınızsa, birdən-birə bədəninizə çox yüklənməyiniz məsləhət görülmür. Seypinq ilə bir aya yaxın məşğul olduqdan sonra, əgər özünüzü hazır hiss edirsinizsə, artıq fitnesin nisbətən çətin növləri sayılan aerobikaya və məşq salonlarında idman etməyə başlaya bilərsiniz. Uğurlar.


Tarix: 07.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Həkim baba