Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sulduz eli

Rəşiddəddin Fəzlullah Həmədani Sulduz tayfası haqqında
Sulduz tayfasından bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz xanın xidmətində olanlar haqqındaki hekayələri və bilgiləri verməklə yetinəcəyik. Çingiz xan gənc olduğu zaman Tayçıut tayfası onunla muxalifət edirdi. Bir gün Çingiz xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı.Çingiz xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi barədə tərəddüd etdi. Sonunda yoluna davam etmə qərarı aldı. Çingiz xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıut tayfasının xanı Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri dərhal öldürmək yasalara uyğun deyildi. Tayçu İqaçi adında bir qoca qarı var idi. Tayçu tayfasından olduğu üçün ona Tayçu İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən idi. Ancaq ərinin adı bəlli deyil. O qoca qarı daima Çingiz xanın saçlarını darayır və ona xidmət edirdi. İki ağac şaxəsi arasında qalıb yaralanan Çingiz xanın boynunun yarasına məlhəm qoyur və ağacların altına keçə yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çingiz xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa başlayır. Yaxınlarda böyük bir nohur (göl) var idi. Çingiz xan özünü bu nohura atıb elə gizləndi ki, onun bədənindən sadəcə burnu görünürdü. Tayçıut tayfası onu axtarmağa başladı. Sulduz qövmündən olan Çilavğunun atası Surğan Şirə atası Sudun noyanla o civarda yaşayırdı. Birdən Surğan Şirənin gözləri Çingiz xanın mübarək burnuna sataşdı. Onun Çingiz xan olduğunu anlamışdı. Gizlicə Çingiz xana işarə ilə anlatdı ki, görünməməsi üçün özünü daha çox suya batırsın. Çingiz xanı axtaranlara da dedi ki, siz başqa yerləri axtarın, mən də qalıb buranı gözləyim. Gecə olduğunda Çingiz xanı evinə aparıb və boynundaki boyunduruq ağacları çıxararaq, onu öz evində gizlətdi. Daha sonra Surğan Şirə, Çingiz xanı bir kor maydana mindirib, bir az ət və kaman-ox və digər savaş alətləri verərək yola saldı. Artıq Çingiz xanın anası, xatunları və tayfası ondan əl üzmüşdülər. Öldüyünü sanırdılar. O zaman Çingiz xanın dördüncü oğlu Tuluy xan uşaq idi və hər an deyirmiş ki, atam bir maydanın üstündə gələcəkdir. Tuluy xanın anası da oğlunu danlayır və bəzən də qulağını bururmuş ki, niyə sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş. Çingiz xanın öz yurduna qovuşması yaxınlaşdığı zaman uşaq bu şəkildə davam edirmiş: "Atam quyruğu düyünlənmiş kor bir maydanla bir azdan yetişəcəkdir!" Anası da əsəbləşərək uşağının üstünə bağırırmış. Bir neçə saatdan sonra Çingiz xan, Tuluy xanın təsvir etdiyi şəkildə gəlir. Çingiz xanın sağ-salamat gəlməsinə hər kəs sevindi və şənliklər düzənləndi. Ancaq hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı. Surğan Şirə bilirdi ki, onun Çingiz xanı gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir. Ona görə Tayçıut tayfasının içindən çıxıb getməli idi. Bütün ailəsini yığıb Çingiz xanın diyarına köçüb və onun xidmətində oldu. Çingiz xan da onun ailəsini öz güvəncəsi altına aldı.Surğan Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək istəmişdi. O, dərhal ayağa qalxıb və özünü qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə ona hücum edən rəqibini yaralamış və qovmuşdur. Çingiz xan onun bu şücaətinə heyran qalmış, onu alqışlamış və demişdir ki, mən belə bahadurluq heç görməmişdim. Çıngiz xan bir neçə dəfə Tayçıutla savaşdı. Ən son savaşda Çilavğun bahadur, Tayçıutun xanı Tarqutay Qırıltuqla üz-üzə gəldi. Bu savaşda Çilavğun bahadur, Tarqutayı öldürdü. Çilavğun bahadurun oğlu da Sudun noyan idi. Sudun noyan Çingiz xanın baxt ulduzunun parladığı zamanda onun sağ əli idi. Oqtay qaan zamanında da yaşayırdı və Tuluy xanla Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay qaan zamanında Sudun noyanın oğlu Qaçudar öz atasının yerini tutmuşdur. Qaçudar yüz ildən artıq yaşamış və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı və deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında biri də Toğrul adında bir əmir idi. Eləcə də yaxınlarından digəri də Bavurçu Mungkə qaan adında böyük bir əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran, Arıq Buğaya yaxşı təlim vermədiyi üçün Kubilay tərəfindən yasaya sövq edildi. Hülaku xanla Azərbaycana gələn Sudun noyanın oğullarından biri də Suncaq noyan idi.O, Hülaku xanın dövlətində yarqıçlıq (qazılıq) vəzifəsində idi. Kehti noyan, Aratemur İdaçi, Tudan və Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları bunlar idi: Baydu, Ərəb, Arğun. Kubilay qaanın xidmətində olan Sudunun digər bir oğlu da Sartaq idi. Kubilay qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi. Hülaku xanın ölümündən sonra geri dönmüşdür.


Tarix: 21.01.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 214 Bölmə: Ellər
loading...