beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaradağlı eli

Tarixi
Səfəvilər dövlətinin qurulmasında əsas rol oynayan qurumlardan biri də qaradağlılardır. Tarixi qaynaqlarda Qaracadağ sufiləri adlanan bu qurum Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Tarixçi Oqtay Fərzəliyev yazır: "Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir". [1]. Qızılbaşlarla ağqoyunluların ilk toqquşmalarının biri Qaradağ ərazisində olmuşdu. Tarixçi Oqtay Fərzəliyev yazır: "Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlifənin göndərdiyi çapar gəlib xəbər gətirdi ki, Əlvənd böyük bir qoşunla paytaxtdan çıxmışdır. O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət edir. İsmayıl Çuş mirzəyə (Qaradağlı əmiri-redaktor) əmr etdi ki, Kür və Araz çaylarının qovuşduğu yerdə - Cavada getsin, bərə körpüsü quraraq əsas qüvvələrin təcili qaydada çayı keçməsini təmin etsin, Əlvənd çayın şimal sahilinə keçməyə cəhd göstərməzdən əvvəl onun üzərinə hücuma başlasın. Vəziyyəti öyrənmək üçün Qaracadağa göndərilmiş qızılbaş kəşfiyyatçısı Məhəmməd xəlifənin yolladığı çapar xəbər gətirdi ki, Azərbaycan hakimi Əlvənd mirzə 30 minlik qoşunla Naxçıvana gəlmiş, İsmayılın Kürü keçməsinə ol verməmək üçün Mahmud Qaracanı Gəncə və Qarabağa, Qarçiqay Məhəmmədi Ərdəbil bölgəsinə, Həsən bəy Şükür oğlunu isə Qaradağa göndərmişdi. Halbuki İsmayıl Cavadda Kürü keçmiş və Qarapiri bəy Qacarın dəstəsini Naxçıvana geri çəkilmiş Həsən bəy Şükür oğluna qarşı eritmişdi. Qarçiqay Məhəmməd qızılbaşların Kürü keçdiyini bilib Qarabağa yollandı və Mahmud Qaraca ilə birləşdi. Onlar birlikdə Əlvəndin yanına – Naxçıvana geri çəkildilər". Bu bilgiləri təsdiq edən Zeynalabidin Əli "Təkmilət ül-Əxbar" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin edilmişdi. Ağqoyunlu qüvvələri Hüseyn Ağa Şükür oğlunun başçılığı altında Meşkin qəzasında Kərmədüz adlı mahalda Qara Piri bəy Qacarın yaxınlaşdığını xəbər tutaraq qaçmış və Sultan Əlvəndin əsas qüvvələrinə qoşulmuşdu. Yalnışlıq Şükür oğlunun Həsən və yaxud Hüseyn olmasındadır. I Şah Təhmasibin şahlığı dönəmində Muğan və Arasbara, yəni Qaradağın şərq hissəsinə Bəyazid sultan Bəydili-Şamlı başçılıq edirdi. Qaradağ sufiləri əsasən qərb yörələrdə hakim təyin edilirdilər. Qaradağ sufilərindən bizə bəlli olan ilk əmir Ənsar xəlifədir. Ənsar xəlifə uzun illər Qaradağ vilayətinin hakimi olmuşdu. Bu vilayətə şaha ən sadiq adamlar təyin olunurdular. Dövlətin xəzinəsi və qatı cinayətkarların saxlandığı zindan Qaradağın ərazisində, Yaft mahalında, Qəhqəhə qalasında yerləşirdi. Qalanın kutvalları, komendantları Qaradağ hakiminə tabe idi.


Tarix: 21.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Ellər