beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şadlinskilərin böyük şəcərəsi

Azərbaycan tarixində mühüm işləri ilə yadda qalan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş tanınmış nəsillər olub. Həmin nəsilləri bu gün də insanlar böyük hörmət və ehtiramla xatırlayır. Belə əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun - Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları Irəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri - şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında Irəvana köçüblər.

Şadlıların adı Irəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-Iran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla görüşür. Rusiyanın Qafqaz qoşunlarının komandanı general Ivan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilir. Bu fakt həmin dövrdə Aslan Sultan Şadlinskinin bölgədə böyük nüfuz sahibi olmasını təsdiqləyir. Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb. Abbasqulu bəy Şadlinski-Aslan Sultanın bir neçə övladı olub. Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski Aslan Sultanın nəvəsidir.

Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski (Abbasqulu bəy Şadlinski) 1886-cı ildə anadan olub. 1894-cü ildə anasının köməyi ilə Vedidə iki illik rus-tatar (Azərbaycan) məktəbində oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, Irəvan, Dərələyəz, Zəngəzur və b. ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - gələcək “Qırmızı tabor”u təşkil etmişdi.

Hər zaman qəhrəman kimi döyüşlərdə 1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən “Qırmızı tabor”çular sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə Iran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan (1920, 28 iyul) sonra Hərbi Inqilab Komitəsinin dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik “Qırmızı tabor” dəstəsi ilə Naxçıvana gəlmişdi; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmiş, 1921-ci ilin fevralında - aprelin əvvəlində isə Irəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, “Qırmızı tabor”un 19 nəfər üzvü Ermənistan SSR-nin “Qırmızı bayraq” ordeni ilə təltif olunmuşdu.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər. Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi. Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olundu.

1930-cu ilin fevral ayında düşmənləri onu qətlə yetirib. F.Kərimzadənin “Qarlı aşırım” romanı və onun süjeti əsasında çəkilən “Axırıncı aşırım” bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir. Şadlinskilər nəslinin davamçısı, Tibb Universitetinin professoru Vaqif Şadlinski: “Abasqulu atamın əmisidir. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abbasqulunun ətrafında, atam Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar il yarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar”.


Tarix: 21.01.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Ellər