Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilas Şadlinskinin xatirələri

Həmin dövrdə baş vermiş hadisələr Vaqif Şadlinskinin atası Bilas Şadlinskinin xatirələrində geniş yer alır: “1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağırlaşdı. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Abbasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub, Irana mühacirət etmişdi. Bizim ailəmiz də Iranın Ərəblər və Çaypara mahallarında bir müddət qaldıqdan sonra Xoy şəhərinə gedib çıxdı. Az sonra atam vəfat etdi”. Dözülməz günlər yaşayan ailənin oğlu Bilas 15-16 yaşlarında Abbasqulu bəy Şadlinskinin silahlı dəstəsinə qoşularaq daşnaklara qarşı döyüşlərdə iştirak edir, qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi. Şadlinskilər ölkəmizdə maarifləndirmə işinin aparılmasında da mühüm xidmətlər göstəriblər. 1941-45-ci il müharibəsi başlayanda Bilas müəllim Böyük Vedi rayonunun mərkəzində yerləşən məktəbdə direktor işləyirdi. Bilas müəllim böyük bir ziyalı nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərdi. O, bu nəsli Ermənistanda, yerli şovinistlərin təzyiqləri altında yetişdirirdi. Gələcək nəslə dilimizi, dinimizi, tariximizi mənimsətdi, onları erməni fitnəsinə uymağa qoymadı. Bütün bunları isə həyatı bahasına edirdi. 1948-ci ildə ermənilər növbəti dəfə azərbaycanlıların kütləvi deportasiyasına nail oldular və taleyində yurduna, xalqına, soykökünə köçkünlük yazılan B.Şadlinski Qərbi Azərbaycandakı dədə-baba yurdundan Azərbaycana - Şəmkir rayonunun Çinarlı (keçmiş Leninkənd) qəsəbəsinə köçdü. 1948-ci ildən burada pedaqoji fəaliyyətini davam etdirdi. B.Şadlinski ömrü boyu erməni millətçilərinə qarşı mübarizə aparırdı. Bu məqsədlə o, yaşadığı evdə kitabxana təşkil etmiş, burada erməni şovinistlərinin riyakar və hiyləgər əməllərini, azərbaycanlılara qarşı cinayətkar məqsədlərini açıqlayan tarixi sənədlərdən, fotolardan, kitab, qəzet və jurnal materiallarından ibarət muzey-sərgi düzəltmişdi. Şadlinskilərin digər nümayəndələri - Yunis və Bilman Şadlinskilər də pedaqoji sahədə fəaliyyət göstərərək uzun illər maarifləndirmə işi ilə məşğul olublar. Bu gün isə həmin yolu davam etdirən nəslin davamçısı tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun adı ölkənin tanınmış ziyalıları sırasında çəkilir.


Tarix: 21.01.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Ellər
loading...