beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rumi təqvim

Rumi təqvim (türk. Rumi takvim) — təqvim, Osmanlı İmperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə Respublikası zamanına — 1926-cı ilə qədər, istifadəsi davam etmiş rəsmi təqvim.Mündəricat
1 Tarixi
2 Qriqori təqviminə uyğunlaşdırılma
2.1 Osmanlı İmperiyasında 125 sayılı qanunla Rumi təqvimdə edilmiş dəyişikliklərə əsasən:
2.2 Türkiyə Respublikasında 698 sayılı qanunla Rumi təqvimdə edilmiş dəyişikliklərə əsasən:
2.3 Daha sonra
3 Era
4 Aylar
5 Qeydlər
6 Xarici keçidlər


Tarixi

Osmanlı İmperiyasında 1839-cu ilə —Tənzimat dövrünə, qədər bütün islam ölkələrində olduğu kimi rəsmi təqvim Hicri-qəməri təqvimi idi. Hicri-qəməri təqvimin isə 33 ili təxminən 32 tropik ilə bərabərdir. Ay səhifələrinin dəyişməsinə əsaslanan Hicri-qəməri təqvim ili tropik ildən təx. 11 gün qısa olduğuna görə onda fəsillər daima yerlərini dəyişir. Məsələn, Hicri-qəməri təqvimin ayı həm qış fəslinə və həm də yay fəslinə təsəadüf edə bilər; başqa sözlə, haçansa qış fəslinə təsadüf edən Hicri-qəməri təqviminin ayı, 15-16 il sonra yay fəslinə təsadüf etməlidir. Bu hal isə Osmanlı İmperiyasında mövsümü işlərin planlaşdırılmasında və icrasında, o cümlədən, məhsula görə vergilərin toplanmasında və hesalanmasında çətinliklər yaradırdı.

Hələ 1677-ci ildə Sultan IV Mehmedin baş xəzinədarı Həsən paşanın təşəbbüsü ilə Hicri-qəməri təqvimin hər 33 ilində günəş təqviminə nisbətən yaranan 1 artıq ili atmaq yolu ilə maliyyə sənədlərini qaydaya salmağa başlamışdılar.

1740-ci ildə - I Mahmudun hakimiyyəti dövründə isə xəzinədar Atıf əfəndinin təklifi ilə maliyyə ilinin 1-ci ayı kimi Hicri-qəməri təqviminin məhərrəm ayı əvəzinə Yuli təqviminin mart ayı əsas götürüldü və vergilər də bu aydan başlayan dövrülük əsasında toplandı.

1794-cü ildə - I Əbdülhəmidin hakimiyyəti dövründə isə xəzinədar Osman əfəndinin təklifi ilə dövlət mədaxil-məxaricini də maliyyə ili əsasında hesablamağa başladılar.

1677-ci ildən maliyyə işləri üçün istifadə edilən Yuli təqvimi I Əbdülməcidin hakimiyyətə gəlməsindən az sonra - 13 mart 1840-cı ildə[1], Tənzimat çərçivəsində rəsmi təqvim statısu aldı və "Rumi təqvim"[2] deyə adlandı. Amma Rumi təqvim Yuli təqvimindən 2 cəhətinə görə fərqlənirdi:
1. Yuli təqvimində il yanvarın 1-də başladığı halda, Rumi təqvimdə "ilbaşı", yəni yeni təqvim ilinin 1-ci günü, mart ayının 1-i[3] idi;
2. O dövrdə Yuli təqvimində illərin nömrələnməsi miladdan başladığı halda, Rumi təqvimdə hicrət ili - 622-ci il, era kimi qəbul edilmişdi. Başqa sözlə, Osmanlı İmperiyasında rəsmən Rumi təqvimə keçilən tarix Yuli təqvimi ilə 1 mart 1840-cı il[4] idisə, Rumi təqvim ilə də yenə 1 mart, amma 1256-cı ilə müvafiq idi. Rumi təqvimin rəsmi təqvim olaraq qəbul edilməsindən sonra Osmanlı İmperiyası ərazisində hələ 30 il - miladi 1870-ci ilə qədər, Hicri-qəməri təqvim də rəsmi təqvim olaraq qalmışdı və yalnız qeyd edilən ildən sonra ondan tamamilə imtina edilmişdi.

Qriqori təqviminə uyğunlaşdırılma

1582-ci ildə Papa Qriqori tərəfindən Yuli təqvimində etdilən islahatdan sonra həmin təqvimin meydana çıxan yeni versiyası — "Qriqori təqvimi" adı ilə tanan yeni təqvim, artıq 20-ci əsrin əvvəllərində Avropa ölkələrinin əksəriyyətinin və dünya ölkələrinin çoxunun rəsmi təqvimi olmuşdu. Osmanlı İmperiyasında isə 21 fevral 1917-ci il tarixdə [5], 125 sayılı qanunla Rumi təqvim Qriqori təqviminə uyğunlaşdırıldı;

Osmanlı İmperiyasında 125 sayılı qanunla Rumi təqvimdə edilmiş dəyişikliklərə əsasən:
1332[6]-ci rumi ilinin 15 subat tarixindən sonra 1 mart tarixi gəldi, başqa sözlə, Rumi təqvimdən 13 gün silindi və Rumi təqvimdəki aylar Qriqori təqvimindəki müvafiq aylara tam uyğun oldu.
1333-cü Rumi ili əvvəlki illər kimi mart ayının 1-dən başlasa da qanuni-əvvəl (aralıq) ayının 31[7]-də başa çatdı.
1334-cü Rumi ilinin ilk günü isə miladi 1918-ci il illə eyni vaxtda və Qriqori təqviminə tam uyğun olaraq qanuni-sani (ocaq)[8] ayının 1-də başladı.

Türkiyə Respublikasında 698 sayılı qanunla Rumi təqvimdə edilmiş dəyişikliklərə əsasən:

Türkiyə Respublikasında 26 qanuni-əvvəl (aralıq) 1341-ci il[9] tarixdə qəbul olunmuş 698 saylı qanunla isə hicri erası əvəzinə, illərin nömrələnməsi üçün miladi eranı əsas götürdülər. Beləliklə də Rumi təqvim Qriqori təqviminə tam uyğulaşdırıldı və bundan sonra "Miladi təqvim", yaxud "Qriqori təqvimi" deyə adlanmağa başladı.

Daha sonra

Amma Türkiyə Respublikasında 1983-cü ilə qədər martın 1-i maliyyə ilinin başlanğıcı olmaqda davam etmişdi.

10 yanvar 1945-ci il tarixdə isə ay adlarından semit və köhnə osmanlıca olan 4-ü təmiz türk sözləri ilə əvəz edilmişdir.

Era

Rumi təqvimdə illərin nömrələnməsı hicri-qəməri təqvimdə olduğu kimi 622-ci ildən, yəni hicrətin baş verdiyi ildən başlayırdı, lakin aylar Yuli təqvimindən götürülmə idi və il mart ayının 1-də başlayırdı. Bu nöqteyi-nəzərdən isə 1 mart 622-ci il tarixi şərti olaraq Rumi təqvimin erası hesab edilməlidir.

Aylar125 sayılı qanundan sonra sırasıMaliyyə işlərində adı (1983-cü ilə qədər)Adı; (1945-ci ildə verilən yeni adı)Ərəb əlifbası ilə (ocmanlıca) adıGünlərin sayıNotlar
1Onbirinci ayQanuni-sani (Ocaq)كانون الثاني31İkinci qanun
2Onikinci AyŞubatشباط28
3Birinci ayMartمارت31
4İkinci ayNisanنيسان 30
5Üçüncü ayMayısمايس31
6Dördüncü ayHaziranحزيران30
7Beşinci ayTemmuzتموز31
8Altıncı ayAğustosأغسطس31
9Yeddinci ayEylülأيلول30
10Səkkizinci ayTeşrini-əvvəl (Ekim)تشرين الاول31İlk teşrin
11Doqquzuncu ayTeşrini-sani (Qasım)تشرين الثاني30İkinci teşrin
12Onuncu ayQanuni-əvvəl (Aralıq)كانون الاول31İlk qanun


Qeydlər
↑ Yuli təqvimi ilə 1 mart 1840-cı ildə.
↑ yəni Roma təqvimi.
↑ Qriqori təqvimində bu martın 13-nə müvafiqdir.
↑ Qriqori təqvimi ilə 13 mart 1840-cı il.
↑ Rumi təqvimlə 8 Şubat 1332-ci il tarixdə.
↑ 28 fevral 1917-ci il.
↑ 1917-ci il dekabrın 31-də.
↑ Yanvar.
↑ 26 dekabr 1925-ci il


Tarix: 05.03.2013 / 12:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 420 Bölmə: Dunya ve tarixi