beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadirin şah elan olunması ilə Əfşarların hakimiyyətə gəlməsi

Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay, bu dəfə böyük qurultay çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.

Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır.

Nadir şahın Osmanlı sultanına hədiyyə etdiyi qızıl taxt (Hazırda Topqapı sarayında qorunur)

Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Sonra o, qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir. Nadirin qoşunları müqavimət görmədən Karnala ([[Dehli]nin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "kuhi-nur" ("nur dağı") adlanan daş da vardı. Başqa məşhur qiymətli daşlar da az deyildi.

Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.

Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.

Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.

Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt itirmədən Türkiyə ilə müharibəyə girir. Burada döyüşlər ərəb İraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürür və bu şəhərin yaxınlığındakı dağın başında özünə Kelat adlı bir qala (Kelat qalası) qurdurur. Nadir xəzinəsini burada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan kəndliləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər. Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleriya və tüfəngçilər ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqları, topçu və artilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi.

Onun apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə sui-qəsd olur. Bundan sonra Dağıstandakı uğursuzluqlar və 1743-1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə başlayır. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmir. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişir və 1747-ci ilin iyununda gecə öz çadırında Nadiri qətlə yetirirlər. Bir çox tarixçilərin "Şərqin Napoleonu" adlandırdıqları bu böyük şəxsiyyətin həyatı belə faciəli şəkildə başa çatır.

Oğulları
Nadir şah Qırxlı Əfşarın üç oğlu vardı: Çingiz xan, Oqtay xan və Ulduz xan.


Tarix: 01.03.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Dunya ve tarixi