Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaldıran döyüşü

Çaldıran döyüşü — Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermiş vuruşma.

Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa zamanda tarixi Azərbaycan torpaqlarını və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir hissəsini, Xorasan və İraq kimi vacib regionları da özlərinə tabe etdilər. Qısa zamanda bu cür yüksəliş Səfəvilər dövlətinin qərb sərhədlərində yerləşmiş və sürətlə böyüməkdə olan başqa bir türk mənşəli sülalənin maraqlarına zidd idi.Mündəricat
1 Giriş
2 Döyüş qabağı vəziyyət
2.1 Döyüş qabağı Osmanlıların vəziyyəti
2.2 Döyüş qabağı Səfəvilərin vəziyyəti
3 Döyüşün gedişi
4 Döyüşdən sonra
5 Döyüşün nəticələri
6 İstinadlar
7 Mənbə
8 Həmçinin bax


Giriş

Hələ Səfəvilərin Ərdəbil hakimiliyi dövründə onların hakimiyyətə gəlmələrində, hərbi-siyasi qüvvə kimi meydana çıxmalarında Anadoludakı türk-qızılbaş tayfaları çox mühüm rol oynamışdılar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osmanlı ərazisində böyük təhlükə idi. Səfəvilərlə müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağından çəkinən Sultan I Səlim (1512-1520) onlardan təqribən 40 minini edam və sürgün etdirdi. Beləliklər özünə arxadan müdafiəni təmin etdi.

Çaldıran vuruşmasının baş verdiyi yerdə abidə

Döyüşün baş tutmasında Səfəvi hökmdarı şah I İsmayıl və Osmanlı sultanı I Səlimin bir-birlərinə bəslədikləri münasibətlər də rol oynamışdır. Sultan II Bayazid Osmanlının genişlənməsinə çox da çalışmır, ölkənin daha çox mədəni inkişafına fikir verirdi. Ona görə də şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünmürdü, əksinə gözəl şair olan I Şah İsmayıl və mədəniyyətə böyük maraq göstərən II Bayazid arasında isti münasibətlər formalaşmış, 1504-cü ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı. II Bayazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürməklə hakimiyyətə gələn Bəyazidin üçüncü oğlu sultan I Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi. Belə olan halda I Səlim və I İsmayıl arasında münasibətlər çox kəskin idi və bir-birlərinə göndərdikləri söyüşlü məktublar bunu təsdiqləyir.

Şah İsmayıl 1507-ci ildə Anadolu bəyliklərindən biri olan Dulqədiroğulları bəyliyinə hücum elədi. Hücumun səbəbi Dulqədir bəyi Bozqurdun şiyə olan şaha qız verməməsi idi. Şah İsmayıl Osmanlı torpaqlarından keçərək Qayseri uzərindən Dulqədiroğulları bəyliyinə girdi. Döyüşdə məğlub olan Bozqurd qaçdı. Onun oğlu və iki nəvəsi Şah İsmayıl tərəfindən qətlə yetirildi. Osmanlı dövləti Şah İsmayılın bu hərəkətinə reaksiya vermədi. Bu da Şah İsmayılın Anadoluda nüfuzunu artırdı. İİ Bəyazidin oğlu şahzadə Səlim (Yavuz Sultan Səlim) ana tərəfdən Bozqurdla qohum idi. Belə ki, Bozqurd onun babası idi. Dayısının və iki oğlunun qətlinə dözməyən şahzadə Səlim Azərbaycana qədər gedərək Səfəvi dövlətindən aldığı əsirləri Trabzona gətirdi və intiqamını aldı. Atasının hələ sağ olmasına baxmayaraq şahzadə Səlimin bu hərəkəti böyük marağa səbəb oldu. Bu hadisədən sonra İİ Bəyazid Orta Anadoluda Şah İsmayılın hər hansı bir hərəkətinə qarşı əsgər topladı. Sultanın bu hərəkətindən sonra Şah İsmayıl Anadolunun içərilərinə girməkdən çəkindi; II Bəyazidə "Şanlı böyük babam" deyə xitab elədiyi məktubu yazaraq 1508-ci ilin əvvəlindən Diyarbəkirə çəkildi.

Səfəvilər hakimiyyətə gəldikdən sonra yeni dini siyasət yürütməyə başladılar. Şah İsmayıl hakimiyyətə gəldikdə vahid ideologiyanın yoxluğunu ilkin növbədə aradan qaldırdı- dövlət dininin imamilik (isnə əşəriyyə, ərəbcə isna aşariyyə – on iki imamlıq) olduğunu elan etdi. Qısa zamanda bu ideologiya ətrafında geniş kütlələr toplaşdı. Bu döyüş kampaniyası ərəfəsində 40 mini Sultan Səlim tərəfindən qılıncdan keçirilmiş və Səfəvilərin bir-başa hakimiyyəti altında olamayan anadolu türk-qızılbaş tayfaları da bu ideologiyaya uyğun hərəkət etməyə başladılar. Bu səbəbdən Sultan Səlimin bu yürüş kampaniyası və daha sonra Məmlüklərə qarşı planlaşdırdığı kampaniya dini, ideoloji əhəmiyyət də daşıyırdı.

Döyüş qabağı vəziyyət

Döyüş qabağı Osmanlıların vəziyyəti

Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı ordusu avqust ayında səfəvilər dövlətinin ərazisinə soxuldu. Avqustun 23-də baş verən döyüşdə hər iki tərəf ağır itikiyə məruz qaldı. Osmanlı ordusunun sağ cinahında Anodolu bəylərbəyisi Sinan paşa, sol cinahında isə Rumeli bəylərbəyisi Həsən paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi.

Döyüş qabağı Səfəvilərin vəziyyəti

Heç bir odlu silahı və topu olmayan qızılbaş ordusu sayca osmanlılardan xeyli az idi. Müharibəyə kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın adamlarının məsləhətinə baxmayaraq düşməni qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırdı. Səfəvi ordusunun sağ cinahında durmuş Xan Şamlı, sol cinahında isə Məhəmməd xan Ustaclı komandanlıq edirdi.

Döyüşün gedişi

I Şah İsmayıl təkbətək döyüşdə Osmanlı pəhlivanı Əlibəy Məlquc oğlunu qılıncdan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz qaldı.

Döyüşdən sonra

Yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə, Osmanlılar isə Həsən paşa, Məlqucoğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirdilər. Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.

Lakin Osmanlı ordusu Təbrizdə cəmi 6 gün qala bildi. Səbəb orduda, xüsusən yeniçərilər arasında narazılığın artması idi. Belə ki, yeniçərilər böyük bir qismi sufi-dərviş ordeni olan bəktaşiliyə itaət edirdi. Bəktaşiliyin sütunları isə Səfəvi dini ideologiyasına çox yaxın idi.

Sultan I Səlim geri çəkilərkən bir neçə min sənətkar ailəsini İstanbula köçürdü. Bu sənətkarların əməyindən 1509-cu ildə İstanbulda baş vermiş güclü zəlzələdən[Mənbə göstərin] sonra şəhərin bərpasında istifadə edilmişdir.

Döyüşdə həlak olanların sayı barəsində mənbələrdə məlumatlar ziddiyyətlidir. Şərəfxan Bidlisi "Şərəfnamə"də qızılbaşların itirdikləri görkəmli sərkərdələrdən əlavə 5 min süvari itkisi barəsində məlumat verir. Səfəvi səlnaməçiləri isə cəmi 5 min nəfərin öldüyünü və onlardan 2 mininin qızılbaş, 3 mininin isə osmanlı olduğunu vurğulayırlar. Osmanlı səlnaməçiləri isə bu rəqəmin türklərdə 30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu bildirirlər. Bidlisinin rəqəmləri daha düzgün hesab olunur.

Çaldırandakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır ziyan vurdu.

Döyüşün nəticələri
Anadolunun birdəfəlik Türkiyənin tərkibinə qatılması, Osmanlı türkiyəsinin şərq sərhədlərinin müəyyənləşməsi.
Yaxın, oğuz mənşəli xalqların arasında münasibətlərin korlanması.
Daxili çəkişmələrə başı qarışmış Avropa krallıqları bir müddət Osmanlı təhlükəsindən arxayınlaşdılar.
Səfəvilərin paytaxtı Təbrizdən Qəzvinə, Azərbaycan mərkəzindən kənarlaşdırmağa məcbur olmaları.
Səfəvi-Osmanlı müharibələrinin "ənənəsi" qoyuldu.


Tarix: 01.03.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 673 Bölmə: Dunya ve tarixi
loading...