beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erməni terror dəstələri

XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilər terror dəstələri yaradaraq Osmanlı Dövlətinin əraziləri hesabına özlərinin dövlətini yaratmaq istəyirdilər. Bu işdə ermənilərə Osmanlı dövlətinin mövcudluğunu istəməyən böyük dövlətlər tərəfindən köməklik edilirdi. Erməni terror dəstələrinin yaradılması və fəaliyyəti haqqında yazılmış ədəbiyyat və faktlarla tanış olmadan öncə türk-erməni, rus-erməni və türk-rus münasibətlərini nəzərdən keçirməyimiz məqsədə uyğundur.

Səlcuq türkləri tərəfindən Anadolu fəth edildikdən sonra ermənilərə geniş hürriyyət, dini inam və ibadətlərində sərbəstlik verildi.

Osmanlı idarəçiliyi dövründə də ermənilərə qarşı münasibət dəyişməmişdir. Sultan Mehmet Fateh İstanbulu fəth etdikdən sonra 1461-ci ildə Bursadakı erməni patriarxı Avakimi bir sıra erməni ailəsi ilə birlikdə İstanbula dəvət etmiş və Samatyadakı "Sulmanastır" adlanan kilsədə erməni patriarxlığını təsis etdirmişdir. İstanbulda patriarxlıq təsis edildikdən sonra burada böyük bir erməni koloniyası yaradılmışdı. XX əsrin axırlarına yaxın İstanbulda 150 min nəfərə yaxın erməni yaşayırdı. Hətta uzun müddət Ərzurumda rus konsulu olmuş general Mayevski Türkiyədə ermənilərin yaxşı həyat şəraitinə malik olduqlarını etiraf etməli olmuşdur. O yazırdı ki, Türkiyədəki şəhərli ermənilər həmişə kifayət qədər azadlığı, təhlükəsizliyə və firavanlığa malik olmuşlar; kəndli ermənilər, həmişə kifayət qədər ərzaq məhsullarına malik olmuşlar, onların maddi rifah halı Rusiyanın orta hissəsində rus kəndlilərinin maddi rifah səviyyəsindən yüksək olmuşdur.

Ermənilərin Osmanlı dövlətindən ilk ayrılıq hərəkatları 1828-1829-cu illər Osmanlı-Rus müharibəsində ortaya çıxdı. Müharibə zamanı ermənilər Osmanlı qoşunlarının mövqeyi və durumu haqqında Rus ordusuna məlumat verərək Şərqi Anadolunun işğalının asanlaşmasında yardımçı oldular. Ancaq onu qeyd etmək lazımdır ki, erməni-rus əməkdaşlığının taixi Rus çarı I Pyotrun dövrünə təsadüf edir. Rusiyanın XVIII əsrin sonlarından bu günə qədər davam edən cənub siyasəti, Qara dənizdən və Rumelidən irəliləyib boğazları zəbt edərək Aralıq (Ağ) dənizinə çıxmağı, Qafqaza təriqi ilə də İsgəndərun körfəzindən Aralıq dənizinə, Mesopotamiyaya və İrandan irəliləyərək Bəsirdə Hind okeanından qarışmağı nəzərdə tuturdu. Bu siyasətin əsasını qoymuş I Pyotr Cənubi Qafqazı ələ keçirmək üçün və Osmanlı imperiyasına qarşı mübarizədə ermənilərdən istifadə etməyə çalışırdı. I Pyotrdan sonra gələn bütün rus çarları da onun açdığı yolla irəliləyərək ermənilərlə bağlı fəaliyyəti gücləndirmişlər. 1816-cı ildə Moskvada "Erməni Şərq Dilləri İnstitutu"nun yaradılması buna bir daha sübutdur.

1828-1829-cu il Osmanlı-Rus müharibəsində baş vermiş hadisələrin təkrarına 24 aprel 1877-ci ildə başlanmış Osmanlı-Rus müharibəsində yenidən rast gəlindi. Ruslar din qardaşlarının köməkliyi ilə fəaliyyətini asanlaşdırmış oldular. Rus ordusunda xidmət edən erməni əsgərləri və xüsusən də erməni generalı Lozarev müharibənin gedişində dini müsəlman-türk əhlinin məhv edilməsində və ermənilərin ruslar tərəfindən çıxış etməsində böyük rolu olmuşdur. Müharibənin gedişində işğal edilən Şərqi Anadoluda yaşayan ermənilər arasında milliyyətçilik duyğularını hərəkətə gətirən təbliğatlar edilirdi. Ruslarin bu xidmətindən təsir altına düşmüş ermənilər arasındakı məzhəb problemini bir kənara qoyaraq birgə fəaliyyətə üstünlük verdilər. Şərqi Anadolunu əlində saxlamağı planlaşdıran Rusiya müstəqil Ermənistan fikrinin tərəfdarı deyildi. Onun məqsədi, Osmanlı ermənilərinin eyni Balkan millətlərində olduğu kimi rəğbətini qazanmaq idi. Rusiyanın gerçək niyyətini anlaya bilməyən ermənilər müharibə zamanı ruslara etdikləri xidmətin mükafatını almaq üçün hərəkətə başladılar. Erməni patriarxı Nerses Varjeberdiyan və İzmurilyanın rəhbərliyi ilə "Erməni Milləti" məclisində ermənilər öz istəklərini dəqiqləşdirdilər. Ermənilər Şərqi Anadoluda Fərat çayına qədər olan bölgələrin Türkiyəyə verilməsi və bunların Ararat vilayəti ilə birləşdirilərək Rusiyaya tabe Ermənistanın yaradılmasını, bu olmadığı halda Bolqarıstan və bolqar millətinə veriləcək imtiyazların erməni millətinə verilməsini, işğal edilmiş torpaqlar boşaldılacağı halda isə Osmanlı hökumətində islahat keçirilməsi üçün maddi bir təminat alınmasını və bu islahatın sona çatacağı vaxta qədər Rus əsgərlərinin işğal etdikləri torpaqları boşaltmamalarını istəyirdilər.

3 mart 1878-ci ildə San-Stefano müqaviləsində erməni istəkləri nəzərə alınaraq, onların yaşadıqları vilayətlərdə islahat keçirməyi və Rusiyanın bu işdə nəzarəti olacağı nəzərə alnıdı. Bu San-Stefano müqaviləsinin 16-cı maddəsində öz əksini tapdı. Ermənistan adlanan bir məmləkətin varlığının rəsmi sənəddə qeyd edilməsi ermənilər üçün çox böyük nailiyyət idi. Bununla yanaşı islahat tamamlanana qədər Rus qoşunlarının burada qalması rusların çox xeyrinə idi. Ancaq bu müqavilənin şərtləri İngiltərənin istəklərinin əksinə idi. İngilis ticarəti üçün həyati əhəmiyyət kəsb edən ticarət yollarıın Rusiya təsir altına keçməsi İngiltərəni heç cürə qane edə bilməzdi. Bu səbəbdən İngiltərə son razılaşmanın 1856-cı ildə bağlanmış Paris müqaviləsinin şərtlərini pozduğunu bəhanə edərək yeni bir konfransın təşkil edilməsini təklif etdi. Rusiya müharibədən yorğun çıxdığı üçün yeni bir müharibənin başlanmasını istəməyərək İngiltərənin təklifini qəbul etməyə məcbur oldu. 13 iyun 1978-ci ildə toplanan Berlin konfransına erməni kilsəsi də bir heyət göndərdi. Keçmiş patriarx Hrimyan, Beşiktaş baş yepiskopu Noren Narbey, Stephan Papazyan və Minoş Çerezdən ibarət erməni heyəti Avropa paytaxtlarını gəzərək maraqlı dövlətlərin yardımını istəməklə işə başladılar. Berlin konfransında memorandiumla çıxış etmiş ermənilərin müstəqillik iddiaları konqresə sədrlik edən Bismark üçün göndərilməz olmuş, o, buna qətiyyən maraq göstərməmişdir. Müzakirələrin sonunda San-Stefano müqaviləsinin 16-cı maddəsi Berlin konqresinin 61-ci maddəsi kimi qəbul edildi. Rusiya isə işğal etdiyi ərazilərin çoxunu Osmanlı dövlətinə qaytarmalı oldu.

Rusiya ilə İngiltərə arasında rəqabət, erməni mövzusunu dövlətlər arası məsələyə çevirdi. Bu vəziyyətdən cəsarətlənən ermənilər təşkilatlanma işlərini sürətləndirməyə və fəaliyyətlərinin miqyasını artırmağa başladılar. Ermənilər tərəfindən ilk cəmiyyət 1860-cı ildə İstanbulda yaradılmışdır. Bu cəmiyyətin adı "Xeyirsevər Cəmiyyəti" (Benevolent Union) kimi qeyd edilir. Cəmiyyətin əsas məqsədi Kilikyanın müstəqilləşdirilməsi olmuşdur. 1870-ci il ilə 1880-ci illər arasında Vanda "Araratlı", Muşta "Məktəbsevənlər" və "Şərq", Ərzurumda "Milliyətçi Qadınlar" adlı dərnəklər meydana çıxmışdı. "Araratlı"; "Məktəbsevənlər" və "Şərq" cəmiyyətləri daha sonra birləşərək "Ermənilərin Birləşmiş Cəmiyyəti"ni qurmuşlar. 1872-ci ildə Vanda yaradılmış "Qara Xaç Cəmiyyəti" Amerikadakı "Clu Clux Clan" təşkilatının bənzəri idi. Bu cəmiyyətlərin məqsədi milli mənafelərə nail olmaq, gənclərin silahlandırılması və silahlı üsyanların təşkil edilməsi idi.28 1881-ci ildə Ərzurumda "Ana Vətən müdafiəsi" (Pashtpon Haireniats) təşkilatı yaradıldı. Bu təşkilat erməniləri silahlandıraraq üsyana hazırlamaq məqsədi güdmüş və Rusiyanın dəstəyi ilə öz fəaliyətini Muş və Vana qədər genişləndirə bilmişdi. Xaçatur Krekçiyan, Karapet Nişkiyan, Haqop İşqalatsiyan, Aleksan Yetelikyon, Hovannes Asturyan və Yeğişe Tursunyan tərəfindən qurulmuş və təşkilat Ərzurum episkopu Osmanyan və İstanbuldakı erməni patriarxı Nerses tərəfindən də dəstəklənmişdir. Cəmiyyət, 1882-ci ildə aralıq ayında, üzvləri həbs olduqdan sonra fəaliyyətini dayandırmalı olmuşdur.

İnqilabçı partiya kimi yaranan ilk təşkilat isə "Armenekan" partiyası olmuşdur. Partiya Vanda müəllimlik fəaliyyəti ilə məşğul olmuş, sonralar isə Vanda qalması qadağan edilmiş Mıqırdıç Portakalyanın 9 tələbəsi tərəfindən 1885-ci ilin payızında təsis edilmişdir. Partiyanın adı Portakalyan tərəfindən nəşr edilən "Armenia" qəzetindən götürülmüşdür. Bu cəmiyyət inqilab yolu ilə ermənilərin özünüidarəsinə nail olmağı qarşısına məqsəd qoymuş və faəliyyət göstərdiyi müddətdə çoxlu cinayətlər törətmişdr. Partiyanın proqramı əllə 7-8 nüsxə yazılmış və ilk dəfə İkinci Dünya Müharibəsindən sonra nəşr edilmişdir. "Armenakan" məqsədinə çatmaq üçün əhali içərisində geniş millətçi təbliğat aparmağı, hərbi təhsil verməyi, silahlı dəstələr təşkil etməyi, sonra Avropa dövlətlərinin münasibətləri əlverişli olarsa Türkiyə əleyhinə çıxış etməyi lazım bilirdi. Bu partiyanın fəaliyyəti Qafqazdakı Rusiya hakimiyyət orqanları tərəfindən şirnikləndirilirdi. Lakin "Armenekan" partiyası erməni əhalisinin geniş dairələrini cəlb edə bilmədi və onun fəaliyyəti yalnız Türkiyənin bir neçə Şərq vilayəti ilə məhdudlaşdı.

Daha fəal və daha kütləvi "Hnçak" və "Daşnaksütyun" partiyalarının meydana gəlməsi ilə "Armenikan"ın nüfuzu heç dərəcəsinə endi. "Hnçak" ("Zəng") partiyası 1887-ci ildə Cenevrədə Avetis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən təşkil edilmişdir. Avetis Nazarbekyan "Armenia" qəzetində çox radikal yazılar çap etdirməklə erməni oxucular içərisində rəğbət qazanmışdı. O, 1886-cı ilin yay aylarında nişanlısı və silahdaşı Marian Vardanjan ilə Cenevrəyə gəldi və burada Rusiyadan olan erməni tələbələr Qabriel Kafian, Ruben Hanarad, Nikoli Martinyan və Mkrtıç Manuçaryanla tanış oldu. Elə həmin ilin sonunda partiyanın proqramının əsas müddəalarını hazırladılar. Yuxarıda dediyimiz kimi partiya 1887-ci ilin avqust ayında yaradılsa da, partiyaya "Hnçak" adı 1890-cı ildə verildi. Bu ad 1887-ci ildə ermənicə çap edilən və partiyanın orqanı olan "Hnçak" qəzetinin adından götürülmüşdür. Parityanın proqramı 1888-ci ildə "Hnçak" qəzetinin oktyabr-noyabr sayında çap edilmişdir. "Hnçak" partiyasının ilk və yaxın hədəfi Türkiyə Ermənistanının siyasi və milli müstəqilliyini əldə etmək daha sonra isə İran və Rusiya Ermənistanını bura birləşdirərək Federativ bir Ermənistan yaratmaq idi. Partiya hər an istifadə etmək üçün xüsusi hazırlanmış dəstələrə malik olmuşdu və çoxlu üsyan və qırğınlara təşkilatçılıq etmişdir. Partiyanın 1910, 1911, 1912, 1913-cü il qərar dəstələri ilə yaxından tanış olduqda məlum olur ki, Şərqi Anadoluda fəaliyyət göstərmiş Orsfan Canq, Qoçnak, Pençak, Badami, Tejehenk, Maro və Parot adlı terror dəstələrinin qurulmasını və idarəsini bu təşkilat həyata keçirmişdir.

I Cahan müharibəsində Rusiya tərəfindən çıxış edərək Osmanlıya qarşı döyüşən "Hnçak" könüllüləri müsəlman əhalini öldürməklə yanaşı onlara maddi yardım göstərməkdən imtina edən varlı erməniləri də öldürmüşlər.

"Hnçak" partiyası ilə yanaşı fəaliyyət göstərmiş və erməni təşkilatları bir arada birləşdirməyi qarşısına məqsəd qoymuş, "Daşnaktsutyun" partiyasının yaranma tarixi və fəaliyyəti bizlərə məsələni daha yaxşı anlamağımızda yardımçı olacaq. Daşnaktsutyun kəlməsi Ermənicədə Federasiya mənasını daşıyır. Əsasən Rusiyada olan erməni qruplarının bir araya gəlməsi ilə yarandığı üçün federasiya adı verilmişdir. 1890-cı ilin yayında bu birləşməni həyata keçirənlərin başında Kristapor Mikealian, Stephan Zarian və Simon Zavarian adlı 3 kişinin olduğunu və "Hnçak" partiyasından isə Ruben Hanradın toplantılarda iştirak etdiyi tədqiqatçılar tərəfindən təsdiqlənir. Başlanğıcda işlərin Cenevrədə yerləşən gizli bürodan idarə edildiyi söylənilir. Əslində Cenevrədəki mərkəz çox gizli saxlanılırdı və fəaliyyətin əsas mərkəzi Tbilisi hesab edilirdi. Bu fikri söyləyən Nalbandian sözlərinə belə davam edir. "Mərkəzi komitəsi 5 kişidən təşkil edilmişdir və onların çoxu Tbilisidə oturmağa üstünlük verirdilər. Məkrəzi komitəyə seçilən bu insanlar Kristapor Nikaelian, S.Zavarion, Abraham Dastakian, H.Loris Malokian və Levan Sarkişian idi".

1890-cı ildə "Daşnaktsutyun" partiyası ortaya çıxdıqdan sonra "Hnçak" partiyasında buraya qoşulması hesab edilirdi. İlk anda bu baş tutsada, bu birlik çox davam etmədi. 5 iyun 1891-ci ildə Hnçaklar Daşnaklarla əlaqəni kəsdilər. Hnçakların buradan ayrılması və bununla əlaqədar bir çox partiya layihəsinin də bu aksiyaya qoşulması Daşnakstyunda sıxıntılar yaratdı. Bu sıxıntını aradan qaldırmaq üçün 1892-ci ilin yayında konqres keçirməsi qərara alındı. Elə həmin vaxtdan etibarən Daşnakların rəsmi qəzeti "Droşak" qəzetinin nəşrinə başlandı. Daşnakların proqramı da bu konqresdə üzə çıxdı.50 Proqramda partiyanın üsyan yolu ilə istədiyinə çatmağını göstərməklə yanaşı, xüsusi terror dəstələri quracaqları və Rus nihilistlərinin yolunda gedəcəkləri göstərilirdi. Proqramda Daşnakların aşağıdakı metodlardan istifadə edəcəkləri qərara alınmışdır.

- Terror dəstələri təşkil etmək və onları fəaliyyətə hazırlamaq

- Bütün yollardan istifadə etməklə xalqın mənəviyyatını və fəaliyyətini artırmaq

- Xalqı silahlandırmaq üçün hər vasitədən istifadə etmək. – Təşkilatı Komitələr təşkil edib, aralarında sıx əlaqələri qurmaq

- İğtişaşların baş verməsi üçün çalışmaq və s.

Bütün bu söylədiyimiz faktlardan çox aydın məlum olur ki, Daşnak da bir terror partiyası idi. Sadəcə olaraq Daşnak öz proqramında Hnçakdan fərqli olaraq Türk-Rus-İran Ermənistanlarının birləşdirilməsini nəzərdə tutmurdu. Yalnız 1919-cu ildə "Daşnaktsutyun" partiyasının IX konqresində Daşnaklar proqramlarına dəyişiklik edərək Türk və Rus Ermənistanlarının birləşdirilərək müstəqil Ermənistan yaradılması fikrinə gəlmişlər. "Hnçak" və "Daşnaktsutyun" partiyaları Türkiyə ermənilərinin silahlanmasında və üsyanların baş verməsində təşkilatçılıq etmişlər. Berlin konqresindən sonra ermənilər arasında silahlanma sürətlənmişdir. İngiltərənin Van Yüzbaşı Claytonun 12 sentyabr 1880-ci il raportunda Rusiya Ermənistanında Türkiyə ermənilərinə silah göndərmək üçün cəmiyyət qurulduğu və silahların paylanılması üçün fəaliyyətlər göstərildiyi bildirilir. Ərzurum konsulu Yüzbaşı Everett 24 noyabr 1880-ci ildə Türkiyə ermənilərinə paylatmaq üçün Rusiyada silah yığıldığı xəbərini söyləyirdi.


Tarix: 28.02.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 803 Bölmə: Dunya ve tarixi