beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailə mübahisəsi

Ailə mübahisəsinin mədəniyyəti ümumiyyətlə mübahisəsiz, konfliktsiz ailə təsəvvür etmək olarmı? İnamla deyə bilərik ki, mübahisəsiz, konfliktsiz ailə olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edən çox ailələr vardır. Deməli, ailədə mübahisələr olur, amma mübahisə edən tərəflərin hər ikisinin və yaxud heç olmasa birinin mədəni səviyyəsi, bir-birinə olan sevgi, məhəbbət bu mübahisənin müəyyən bir çərçivədən çıxmasına imkan verməz.

İki şəxs bəxtini, qismətini birləşdirib ailə qurduqda bu ümumi ocağa hər biri öz “yükü” ilə gəlir. Lakin bu günə qədər “mənimki” deyilən hər bir şey indi yalnız “bizimki” ilə əvəz olunması üçün müəyyən səy göstərilməsi vacibdir. Bu yalnız maddi cəhətə deyil, mənəvi cəhətə də aiddir. Bu “bizim” prinsipi ər-arvad tərəfindən nə qədər qəbul olunarsa, xoşagəlməz mübahisələr, söz-söhbət də bir o qədər tez aradan qalxıb yox olar. Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar guya sevişən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdıraraq əvəzinə müqabil tərəflər kin, ədavət hisslərini daha da kəskinləşdirirlər.

Nikahın ilk dövlətində və, ümumiyyətlə, ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Əhəmiyyətinə görə mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla göstərirlər:
Ər-arvad münasibətlərində etikanın pozulması xəyanət, qısqanclıq).
Bioloji uyğunsuzluq.
Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.
Həyata marağın və tələblərin uyğunsuzluğu.
Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.
Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.
Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.

Ola bilsin ki, bəzi ailələrdə başqa səbəblər də meydana çıxsın, amma bu yeddi səbəb ən çox ailə dağıdan səbəblərdir. Əsas məsələ narazılığın əmələgəlmə səbəbini bilmək deyil, bu narazılıqları aradan qaldırmaq üçün hər birinin düzgün hərəkət etməsidir.

Bir-birini sevən ər-arvadın ailədə mübahisələri mədəni şəkildə aparması və tərəflərdən heç birinin qalib gəlmək məqsəd!? güdməməsi ilkin şərtdir. Yadda saxlamaq lazımdır ki, sənin qələbən sevdiyin şəxsin məğlubiyyətidir. Bəs sevdiyin şəxsi məğlub etməklə sən özün nə qazanırsan? Axı ər-arvad bir ailə təşkil etdiyindən hər hansı tərəfin qələbəsi ailənin məğlubiyyəti deməkdir.

Ər-arvad arasında mübahisələr üçün səbəb yarandıqda onlardan hər biri öz dediyinin həqiqət olduğunu isbat etməyə çalışmayıb, ikilikdə mübahisənin səbəbini aradan qaldırmağa səy etməsi daha düzgün olar.

Ailə mübahisələrində hər bir halda hörmət pərdəsini saxlamaq vacibdir. Mübahisə vaxtı bir-birini acılamaq, alçaltmaq, təhqir etmək yol verilməz haldır. Mübahisənin ən qızğın dəqiqələrində belə ər-arvad az müddət əvvəl münasibətlərin nə dərəcədə yaxşı olduğunu, birgə keçirilən xoşbəxt günləri unutmamalı və mübahisəni son həddə çatdırmamalıdır. Burada xalqın söylədiyi müdrik fikri — “savaşda geri çəkilmək üçün yer saxla” fikrini mübahisə edən və ya savaşan ər-arvada demək pis olmazdı.

Ailə dava-dalaşmı sülh yolu ilə qurtarmaq üçün ən yaxşı şərt kin saxlamamaqdır. Ailə münasibətlərinin psixologiyasını öyrənən mütəxəssislər pis şeyi tez yaddan çıxaran ailələrdə münasibətlərin həmişə yaxşı, ailənin isə xoşbəxt olduğunu söyləyirlər. Ən əsas şərtlərdən biri də mübahisə qurtardıqdan sonra onun səbəblərini bir də yada salmamaqdır.

Müəyyən bir sözdən, hərəkətdən incidikdə ailənin rifahı üçün bu hissi gizlədib saxlamaqdan qorxulu şey yoxdur. Xoşa gəlməyən hər bir sözə, hərəkətə qarşı reaksiya nə qədər tez olarsa onun nəticəsinin müsbət olacağına daha çox ümid bəsləmək olar. Gizlədilmiş inciklik isə tədricən düşmənçiliyə çevrilə bilər. Dava-dalaş və münaqişəni sülhlə qurtarmaq üçün ən yaxşı vasitə adamın – kişinin və ya qadının “bu gün səni narahat edən sual nədir?” sualını verib, vicdanla da bu suala cavab almaqdır. Bu zaman aydınlaşacaqdır ki, xörəyin duzunun çox olması, paltarın pis ütülənməsi əslində kiçik məsələlərdir. Sadəcə olaraq idarədə müdirlə qanqaraldan “söhbətdən” sonra gərginləşmiş əsəbləri sakitləşdirmək üçün xörəyin duzu bəhanə olmuş və nahaq yerə o, sevimli arvadının qəlbinə toxunmuşdur. Ailədə müxtəlif səbəblərdən baş verən mübahisə və münaqişələri (avtobusda xoşa gəlməyən konflikt, uşağın məktəbdə pis qiymət alması, televizorun xarab olması və s.) ər-arvad heç zaman savaşa çevirməməlidir. Əlbəttə, elə şeylər var ki, onların üstündən keçmək, bağışlamaq olmaz — bu özünü hörmətdən salmaq, öz heysiyyətini qorumamaq kimi qiymətləndirilərdi. Xoşbəxtlikdən mübahisə adətən xırda, əhəmiyyətsiz səbəblərdən yaranır və səhərisi günü artıq barışmış ər-arvad onun peşmançılığını çəkir.

Çox vaxt mübahisəyə səbəb gənclərin subay vaxtından qalma adətləri olur. Adətlər müxtəlif ola bilər. Onlardan zərərsiz və asanlıqla tərgidilə bilənlərə fikir vermək lazım deyil, çünki belə adətlər birgə həyat tərzi nəticəsində unudulacaqdır. Ciddi, zərərli və müqabil tərəfə ziyan verən, onu əsəbiləşdirən adətləri isə tədricən tərgitmək lazımdır. Amma hansı adət olursa-olsun, onu birdən-birə tərgitməyi tələb etmək düzgün deyil. Uzun illər boyu yaranmış adəti tərk etmək üçün müəyyən vaxt lazımdır. Bəzi gənc qadınlar ultimatum şəklində: “Əgər sən futbola gedirsənsə, siqaret çəkməyi tərgitmirsənsə, deməli məni sevmirsən. ” deyirlər. “Ya sən tərgidəcəksən, ya. da mən bu evdən gedəcəyəm “. Məsələnin bu şəkildə qoyulması qısa müddətdə münasibətlərin pislənməməsinə gətirib çıxarır. Bəzən qadınlar kənar şəxslərin, uşaqların yanında şəxsiyyətə toxunan, onun mənliyini alçaldan tənbehlərlə ərlərini tənqid edirlər. Göstərilən bu səbəblər gec-tez ailənin dağılmasına səbəb olur. Belə hallarda boşanmaq üçün yazılmış ərizədə ayrılmağın səbəbi qarşısında: “xasiyyətlərimiz uyğun gəlmədi” – sözləri yazılır, halbuki burada xasiyyət yox, tərbiyə əsas rol oynayır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 328 Bölmə: Cinsel Bilgiler