beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Insanam

Bir insanam, bu gün varam,
Köçüb getsəm bir xəyalam.
Bu dünyada heç bir insan
Həyat sirrin aça bilmir.

Bir ocağam, yanmır odum,
Qalmayıbdır közüm, qorum,
Dağ əridən bu alovun
Odu sönüb, yana bilmir.

Bir aşiqəm, sevgim dərin,
Tənhalanıb məhəbbətim.
Qan ağlayan xəstə qəlbim
Bu həsrətə dözə bilmir.

Bir sevgiyəm itib eşqim,
Batıb gedib eşq günəşim.
Tənha qalan məhəbbətim
Öz sevgisin tapa bilmir.

Bir şeirəm, kəm şeirlər,
Misralardan çıxır sözlər.
İtib-batan qafiyələr
Misrasına yata bilmir.

Bir gəmiyəm, yelkənsizəm,
Su üzündə kimsəsizəm.
Hara gedir heç bilmirəm
Sahilinə çata bilmir.

Bir baxtsızam, çönüb baxtım,
Bəd yazılıb alın yazım.
Bu bəxtimə ulu Tanrım
Xoş bir saat yaza bilmir.

Bir yazıyam, alın yazım,
Qarlı qışdır güllü yazım.
Bəxt yazsa da o Allahım
Yazdığını poza bilmir.

Bir düyünəm, sirli düyün,
Sarınıbdır hər bir yönüm.
Bu dünyada bir münəccim
Taleyimi yoza bilmir.

Bir cəsədəm, buzdurnəşim,
Döyünməyir vuran qəlbim.
Tufanlardan çıxan cismim
Bir kəfəndən çıxa bilmir.

Bir tabutam, yoxdur cisman,
Qalmayıbdır bədəndə can.
Qayaları yaran insan
Məzarımı qaza bilmir.

Bir məzaram, dardır gorum,
Hörülübdür sağım, solum.
Göylərə can atan ruhum
Axirətə çata bilmir.

Bir zülmətəm, sönüb ruhum,
Çıxıb candan, gedib ruhum.
O dünyaya köçən ruhum
Bu dünyasız qala bilmir.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 220 Bölmə: Azerbaycan Edebiyyatindan