beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəki xanlığı Ümumi məlumat

Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilmişdir. Nəticədə Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi.

Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi.Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30-40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi.

1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780-cı ildə Hüseyn ölümündən sonra hakimiyyət Əbdülqadirə, 1783-ci ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq idi. İqtisadiyyatda ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi.

Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu.

Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdı. Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük əngəl törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfın mənafelərini təmin edən "Dəsrur ül-amal" (azərb. "Qanunlar məcmuəsi") hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi.

Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları – dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdilər. Nuxa şəhərinin əhalisi isə əsasən ticarətlə məşğul olurdu.

Nuxa şəhəri xanlığın inzibati mərkəzi idi. Nuxa şəhərində feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər – Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırdılar. Şəki şairləri arasında Şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsini tərənnüm edən Nəbi önəmli yer tuturdu. Tətbiqi incəsənət və memarlıq yüksək səviyyəyə çatmıŞdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrdə Azərbaycanın qiymətli memarlıq abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdin tərəfindən tikilmiş Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətini saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri – Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradıcılığına dair fikir yürütmək mümkündür.


Tarix: 13.01.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycan xanlıqları