beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamdan sonrakı memarlıq

Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.

Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bunlardan indiki İsmayıllı rayonu ərazisində salınmış Cavanşir qalası (təqribən VII yüzil) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII yüzillər) diqqəti özəlliklə cəlb edir.

Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV-V yüzillərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI yüzil), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII yüzil) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I yüzil), Sos kəndində (IV yüzil), İatsi kəndində (V, VII və VIII yüzillərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V yüzil), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII yüzil) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV-VI yüzillər), Vanq (IX yüzil), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.


Tarix: 13.01.2015 / 01:59 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycan xanlıqları